Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi NİYƏ ÜSTÜNDÜR?

Zəngəzur dəhlizi NİYƏ ÜSTÜNDÜR?


Bu gün, 00:14
Zəngəzur dəhlizi NİYƏ ÜSTÜNDÜR?
Qazaxıstan BRİKS-ə üzv olmaq niyyətində deyil.

Qazaxıstan Prezidentinin müşaviri və mətbuat katibi Berik Uali yerli mətbuata açıqlamasında ölkəsinin BRİKS-ə üzv olmağı planlaşdırmadığını bildirib.

Qazaxıstan rəsmisi deyib ki, Prezident Kasım-Jomart Tokayev BRİKS-ə qoşulmaqla bağlı təkliflər alsa da, bu barədə müsbət rəy verməyə tələsmir.

Ualinin sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib:

“Prezident Tokayev hələlik BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi universal və alternativ olmayan təşkilat kimi üstünlük verir. BRİKS-ə gəlincə, Tokayev bu qurumun təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir”.

Xatırladaq ki, oktyabrın 22-də Rusiyanın Kazan şəhərində BRİKS-in sammiti keçiriləcək.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sammitə 38 ölkəyə dəvət göndərilib. Artıq 33 ölkənin iştirakı təsdiqlənib. Onlardan 24-ü yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunacaq. Zirvə toplantısında Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva da iştirak edəcək.

Bundan əlavə, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Çjan Minq, MDB, Avrasiya İqtisadi İttifaqı kimi birliklərin baş katibləri, həmçinin Yeni İnkişaf Bankının Prezidenti Dilma Rusef iştirak edəcək.

BRİKS-in sammiti ilk dəfə olaraq geniş formatda keçiriləcək. Bu ildən etibarən assosiasiyanın beş əsas ölkəsi - Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ilə yanaşı, daha dörd ölkə - Misir, İran, BƏƏ və Efiopiya qoşulub.

Maraqlıdır, Qazaxıstanın BRİKS-ə üzv olmaq istəməməsinin səbəbi nə ilə bağlı ola bilər? Qazaxıstanın BRİKS-ə üzv olması Rusiya və Çin üçün nə dərəcədə əhəmiyyətlidir? Qazaxıstan hər hansı təzyiqlə üzləşə bilər?

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, BRİKS önəmli bir təşkilat deyil.

“Görünür, Qazaxıstan hakimiyyəti bu qərarı verməzdən əvvəl Çinlə məsləhətləşmələr aparıb. Rəsmi Astana Çinlə heç bir razılıq əldə etmədən BRİKS-lə bağlı addım atacağını düşünmürəm.

Ümumiyyətlə, Şanxay Əməkdaşlıq Təşkilatından fərqli olaraq BRİKS qeyri-ciddi bir təşkilatdır. Bu təşkilat Çin üçün o qədər də xüsusi əhəmiyyət daşımır. Hesab edirəm ki, BRİKS Çin və Hindistanın hərbi qarşıdurmadan yayındırmaq üçün ortaya atılan bir formatdır. Hər iki nəhəng ölkə bu format çərçivəsində əməkdaşlıq edirlər.

Rusiya da beynəlxalq münasibətlər sistemindən tam təcrid olunmamaq üçün bu formatdan istifadə edir. Beynəlxalq sistemdə əsas oyunçu kimi qalmağa çalışan Moskva BRİKS-in imkanlarından yararlanır.

BRİKS-in genişlənib-genişlənməməsi Hindistan və Çin üçün o qədər də əhəmiyyət kəsb etmir. Ona görə də Qazaxıstanın hər hansı təzyiqlə üzləşməsi inandırıcı deyil”.

Politoloq Rəşad Bayramov isə hesab edir ki, Qazaxıstan yalnız bir halda BRİKS-ə üzv olmaq üçün müraciət edə bilər:

“Qazaxıstanın həm Rusiya, həm də Çin ilə kifayət qədər güclü iqtisadi münasibətləri var. Hamımıza məlumdur ki, Qazaxıstan öz təbii ehtiyatlarını dünya bazarına məhz Rusiyanın ərazisi vasitəsilə çatdırır. İkinci ən böyük tərəfdaşı isə Çindir. Rəsmi Pekin Qazaxıstana külli miqdarda sərmayə yatırıb. Belə demək mümkünsə, Qazaxıstan Rusiya və Çinlə yüksək səviyyədə diplomatik-siyasi və iqtisadi münasibətlər qurub.

Buna görə də bu günləri BRİKS-ə üzvlük Qazaxıstana heç bir yeni bazar təqdim etmir. Qazaxıstan Rusiya və Çinlə yanaşı, BRİKS-in digər üzv ölkələri ilə də yüksək səviyyəli münasibətləri var.

Bu gün Astana ölkənin təbii sərvətlərini alternativ yollarla dünya bazarına çıxarmağın üzərində düşünür. Bütün gücünü bu istiqamətə yönəldib. Xüsusilə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan-Ermənistan sülh prosesində Astananın vasitəçilik təşəbbüsü, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı çıxışları onu deməyə əsas verir ki, Qazaxıstan Cənubi Qafqaza xüsusi önəm verir və bu regiona alternativ enerji marşrutu kimi baxır. Bununla yanaşı, Qazaxıstan Rusiya və Çindən olan asıllığını azaltmaq istəyir.

Bu baxımdan Qazaxıstan BRİKS-lə bağlı qərar verməkdə tələsmir. Hazırda Qazaxıstan ABŞ və Avropa İttifaqı ilə intensiv dialoq içərisindədir, Qərb ilə münasibətlərini daha da inkişaf etdirməyə çalışır. Əgər Qazaxıstanın bu istiqamətdə addımları heç bir nəticə verməzsə, növbəti mərhələdə BRİKS-ə üzv olmaq üçün müraciətinə şahidi ola bilərik”.

Politoloq Qazaxıstanın heç bir təzyiqlə üzləşməyəcəyini vurğulayıb:

“Hesab etmirəm ki, Qazaxıstan ciddi təzyiqlərlə üzləşəcək. Ümumiyyətlə, istədiyinə nail olmaq üçün təzyiqdən istifadə etmək düzgün vasitə hesab oluna bilməz. Bu, Qazaxıstanı Rusiya və Çindən daha da uzaqlaşdıra bilər”.
Geri qayıt