Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın sərhədlə bağlı qərarı: YENİ OYUN

Paşinyanın sərhədlə bağlı qərarı: YENİ OYUN


Dünən, 17:57
Paşinyanın sərhədlə bağlı qərarı: YENİ OYUN
Yaxın zamanda Rusiya hərbiçiləri Ermənistan-İran sərhədini tərk edəcəklər.

MDB dövlət başçılarının Moskvada keçirilən sonuncu sammitində Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan arasında bəzi razılaşmalar olub. Belə ki, gələn il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meğrini tərk edəcək və onları erməni sərhədçiləri əvəzləyəcək.

Nəzərə alsaq ki, Ermənistan-İran sərhəd-keçid məntəqəsi regional nəqliyyat-kommunikasiya dəhlizi üzərində yerləşir, onda Rusiya sərhədçilərinin geri çəkilməsi maraq doğurur. Rusiyanın media-ekspert dairələri Ermənistan-İran sərhədilə bağlı dəyişikliyi geniş kontekstdə nəzərdən keçiriblər. Rusiya mətbuatında yayılan məlumatlara görə, Moskvanın belə bir mövqeyinə İranın münasibəti təsir edib.

Rusiyanın da dəstəklədiyi Zəngəzur dəhlizi layihəsinə İranın mənfi münasibət bəslədiyi heç kimə sirr deyil. Tehran bunu özü üçün təhlükə hesab edir. İran rəsmilərinin fikrincə, Zəngəzur dəhlizinin açılması bu ölkənin Ermənistan vasitəsilə Avropaya “qapısını” bağlayacaq və regional situasiyada kəskin dəyişiklik yaradacaq.

Maraqlıdır, hər vəchlə Zəngəzur dəhlizinin açılmasına mane olan İran hakimiyyətinin addımları Rusiyanı belə qərar verməyə vadar edib?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, rəsmi Moskvanın rus hərbçilərini Ermənistan-İran sərhədindən çıxartmaqla bağlı qərarının İranla hər hansı bir əlaqəsi yoxdur:

“Bu günə qədər Rusiya hərbçiləri İran üçün ciddi problem yaratmayıb. Bu gün də yaratmır. Rusiya ilə İran arasında kifayət qədər yaxın münasibətlər var. İran Rusiyanın strateji tərəfdaşı hesab olunur. Hətta hər iki ölkə müttəfiqlik haqqında da düşünür. Hazırda Rusiyanın İranın silahlarına ehtiyacı var. Ukrayna ilə müharibədə rus ordusu İran istehsalı olan kifayət qədər silahdan istifadə edir”.

O ki qaldı rus hərbçilərinin Ermənistan-İran sərhədini tərk etməsinin arxasındakı səbəbə, ekspertin fikrincə, burada daha çox Qərbin təsiri var:

“Bu məsələdə Qərbin təsiri mühüm rol oynayıb. Qərb güc mərkəzləri – ABŞ, Avropa İttifaqı və Fransa Rusiyanın Cənubi Qafqazdan kənarlaşdırılmasına çalışır. Bu istiqamətdə ciddi fəaliyyət göstərirlər. Həm ABŞ, həm Fransa, həm də Avropa İttifaqı İrəvandan tələb edir ki, Rusiyanın Ermənistanda hərbi-siyasi mövcudluğu məhdudlaşdırılsın və bu yöndə addımlar daha da intensivləşdirsin.

Bildiyimiz kimi, bir müddət bundan əvvəl rus hərbçiləri Zvartnots hava limanından çıxarıldı. Qərb bu prosesin daha da genişlənməsini istəyir. İndi isə rus hərbçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədini tərk etməsi üzərində işlər gedir. İrəvan son qərarı da Qərbin təlimatına uyğun qəbul edib. Bu baxımdan, burada İranın təsirinin olması ilə bağlı səsləndirilən iddialar doğru deyil. Ermənistan hakimiyyəti öz xarici siyasət kursunu Qərb güc mərkəzlərinin maraqları çərçivəsində yürüdür”.
Geri qayıt