Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkiyə Ermənistanın ümidinə çevrilir

Türkiyə Ermənistanın ümidinə çevrilir


Dünən, 12:06
Türkiyə Ermənistanın ümidinə çevrilir
Cümə günü İstanbulda Türkiyə, Azərbaycan, İran, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatı çərçivəsində görüş keçirilib. Yalnız Gürcüstanın iştirak etmədiyi toplantıda Ermənistan-Azərbaycan sülh prosesi, bölgədəki kommunikasiya yollarının açılması və tərəflər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular müzakirə olunub. Xüsusilə Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzində olub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini vurğulayıb, Ermənistan tərəfi isə daha çox vurğunu sərhədlərin açılması mövzusu üzərinə gətirib. Xarici işlər naziri Ararat Mirzoyan regional nəqliyyat yollarının açılması, artıq Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin inşaatının tamamlandığını, İrəvan və Ankaranın Gümrü-Qars dəmir yolu xəttinin inşası ilə bağlı anlaşdığını xatırladıb.

Mirzoyan deyib ki, bu xətt işə düşərsə, o zaman Ermənistan-Azərbaycan arasında dəmir yolu (Zəngəzur üzərindən) xətti ilə birlikdə Bəsrə körfəzi ilə Xəzər dənizi və Aralıq dənizi arasında güclü bir nəqliyyat bağının qurulacağı qeyd edilib.

Göründüyü kimi, Ermənistan İstanbul görüşündə əsas vurğunu nəqliyyat yolları və ən əsası da Türkiyə ilə sərhədlərin açılmasına edib. Çünki Azərbaycan kimi Ermənistanın da Avropaya çıxışı Türkiyədir. Paşinyan anlayır ki, onun və ölkəsinin gələcəyi Türkiyə ilə barışıq və sərhədlərin açılmasından keçir. Əks təqdirdə onun Avropaya “açılma” siyasəti iflasa uğrayar, hökuməti isə uzun zaman davam edə bilməz. Bu mənada indi Paşinyan üçün əsas prioritet Ankara ilə dil taparaq sərhədlərin açılması, Mirzoyanın da dediyi kimi, Gümrü-Qars dəmir yolu xəttini işə salmaqla Ermənistanın Aralıq dənizi və Bəsrə körfəzinə çıxışını təmin etməkdir. Başqa sözlə, Ermənistanın dünya ticarət yollarına çıxışını əldə etməkdir.

Bu mənada İrəvanın son dövrlərdə üzünü Ankaraya çevirməsi siyasi və geopolitik zərurətdən doğur. Məsələ ondadır ki, Zəngəzur dəhlizi mövzusunda Rusiya və İran arasında danışıqların olması barədə yayda ortaya çıxan xəbərlər İrəvan üçün xəbərdarlıq mahiyyətində idi. Çünki əgər Moskva və Tehran dəhliz mövzusunda dil taparlarsa – hansı ki, bu ehtimal çox yüksəkdir – o zaman Paşinyanın Qafqazda manevr imkanları qalmayacaq. Ermənistan baş naziri anlayır ki, 2008-ci ildə Gürcüstanın yaşadığı ssenarini yaşaya bilər. Çünki Qərb çox uzaqdadır və faktiki olaraq Paşinyana hər hansı alternativ təklif etmir. Gürcüstanda seçkilərin nəticəsi İvanaşvili hakimiyyətinin qələbəsi ilə bitəcəyi təqdirdə Paşinyan üçün manevr meydanı xeyli daralmış olacaq. Yeganə çıxış yolu Türkiyə ilə anlaşıb Avropaya və Fars körfəzinə çıxış əldə etmək, regional nəqliyyat dəhlizinin bir parçasına çevrilməkdir.

Cənubi Qafqazın taleyi tarix boyu hərbi-siyasi gücündən asılı olaraq 3 imperiyanın – Rusiya, Türkiyə və İranın – əlində olub. Bu gerçəklik bu gün də dəyişmir. Baxmayaraq ki, bunun dəyişməsi üçün cəhdlər tarix boyu mövcud olub və olmaqdadır. Bu mənada 3+3 formatının hələlik alternativi yoxdur, çünki Cənubi Qafqazda sabitlik yalnız 3 böyük imperiya arasında barışıq olduğu zaman mümkün olub. Hazırda görünən odur ki, böyük dövlətlər arasında barışıq və koordinasiya var, qalır Cənubi Qafqazın respublikaları arasında barışığı yaratmaq.

Musavat.com
Geri qayıt