Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi?

Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi?


Bu gün, 09:25
Paşinyan Qərbə bağlı siyasi kursunu niyə dəyişdi?
Ermənistanın Baş naziri Nikol Paşinyanın son addımları dünyanın diqqət mərkəzindədir.

Çünki indiyə kimi kəskin anti-Rusiya siyasəti yürüdərək Qərbə yaxınlaşan Paşinyan bir anda siyasi kursunda ciddi dəyişiklik edib.

O, son zamanlarda Qərbdən uzaqlaşaraq Rusiya ilə yaxınlaşmağa başlayıb. Bu isə özünü Paşinyanın bəyanatlarında və addımlarına çox açıq şəkildə biruzə verir.

Maraqlıdır, buna səbəb nədir? Paşinyan nə üçün bir anda geriyə addım atdı?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a danışan politoloq Aytən Qurbanova bildirib ki, əslində Paşinyanın son çıxışlarında təəccüb doğuracaq heç bir məqam yoxdur:

"Nəzərə alaq ki, ziddiyyətli fikirlər səsləndirmək ənənəvi erməni siyasətinin təzahürü olaraq ifadə edilə bilər. Nikol Paşinyanın son çıxışları da bu ritorikanın davamı olaraq xarakterizə edilməlidir. Paşinyan uzun müddətdir ki, bir tərəfdən Qərbyönümlü siyasət yürüdür, digər tərəfdə isə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi yüksələn xətlə inkişaf etməyə davam edir.

Bu nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin Rusiyadan uzaqlaşmaq meyilləri və ya Qərbə inteqrasiya siyasəti sadəcə hadisələrin imitasiyası və vaxt qazanmağa hesablanmış addımlar olaraq nəzərdən keçirilməlidir".

Ekspert qeyd edib ki, Rusiyanın Ermənistandakı dayaqları qısa müddətdə yox edilə biləcək səviyyədə zəif olmadığı üçün Paşinyanın bəyanatları da mövcud reallığı dəyişmək iqtidarında deyil:

"Həmçinin, Qərbin Ermənistanda möhkəmlənmək hədəfinin başlıca səbəbi Rusiya olduğu üçün bu istiqamətdə ola biləcək real qarşıdurma ehtimalı kifayət qədər aşağı və qısamüddətlidir.

Nəticə etibarilə, Paşinyan da bilir ki, regiondan uzaqlaşaraq Ermənistanın dövlət mövcudluğu üçün ciddi təhdidlər yarada bilər. Ona görə də ənənəvi ritorikasında bir qədər dəyişiklik etməyə başlayıb".
Geri qayıt