Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR...

Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR...


Bu gün, 08:44
Ermənilər Qarabağa bu halda KÖÇƏ BİLƏRLƏR...
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük”. Bu barədə Prezident İlham Əliyev çıxışında bildirib. Prezident bildirib ki, o torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”-deyə prezident qeyd edib.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, arzu, istək, siyasi iradə olsun: “Cəmi bir neçə il bundan əvvəl, mövcud geosiyasi şərtlər daxilində, Qarabağ torpaqlarının işğaldan tamamilə azad olunacağına şübhə ilə yanaşanların sayı həddindən çox idi. Xankəndi və ermənilərin kompakt şəkildə yaşadıqları ərazilərin boşaldılması fantastik görünürdü. Reallıqda bütün bunlar baş verdi. “Böyük qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura ata yurdundan çıxmağa məcbur qalmış köçkünlər qayıdır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev, aşıq Ələsgərin heykəlinin açılış mərasimində indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiya məsələlərinə toxunub.

“Prezident İlham Əliyev öz çıxışında əminliklə bildirib ki, "bu gün Qarabağlı soydaşlarımızın keçirdikləri hissləri, yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımız da yaşayacaqlar". Cənab Prezidentin, dediyi sözləri əməli işlərlə dəfələrlə sübut etdiyi göz qabağındadır. Deməli, yaxın gələcəkdə soydaşlarımızın Zəngəzura və Göyçəyə qayıdışına şahidlik edəcəyik. Qarabağla müqayisədə, bu vaxt tələb edən və mürəkkəb prosesdir. Ermənistan siyasi hakimiyyəti, azərbaycanlıların qayıtmasını milli təhlükəsizliklərinə təhdid kimi qəbul edir. Eyni zamanda, beynəlxalq təşkilatlar, üçüncü dövlətlər vasitəsilə, Qarabağ ermənilərinin qaytarılması məsələsini qaldırırlar. Təbii ki, azərbaycanlılar Zəngəzura qaytarılmadan bu haqda söhbət belə gedə bilməz. Yəni, bu iki məsələnin həlli paralel şəkildə icra olunmalıdır”-deyə deputat bildirib.

Soydaşlarımızın ora getməyə hazır olmalarına gəldikdə, deputat vurğulayıb ki, son deportasiyadan, yəni 1988-89-cu illərdən sonra 35-36 il vaxt keçib: “Onların bir çoxu Azərbaycanda doğulub, boya başa çatıblar. Ancaq, kifayət qədər, orta və yaşlı nəslin nümayəndəri var ki, həmin adamlar üçün həmin torpaqlar vətəndir, doğmadır. Onları o torpaqlara bağlayan xatirələr, hisslər var”.

Nəsib Məhəməliyev hesab edir ki, həmin insanlar öz dədə-baba yurdlarına köçməyə hazırdırlar: “Siyasi baxımdan da, bizim Zəngəzurda məskunlaşmağımız son dərəcə əhəmiyyətlidir”.
Geri qayıt