Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri

İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri


Bu gün, 09:43
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri
Oktyabrın 18-də İstanbulda “3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası keçirilib. Türkiyə xarici işlər naziri Hakan Fidan qonaqları salamlayıb. İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, İran xarici işlər naziri Abbas Əraqçi və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak edib.

APA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3" formatındakı görüşdə bildirib ki, regionda davamlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik etməlidir: ”Azərbaycan region ölkələri ilə təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, rabitə və ətraf mühit sahəsində ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Postmünaqişə dövrü kimi kritik məqamda regionda dayanıqlı və davamlı sülhün təmin olunması üçün artıq arxada qalmış münaqişənin nəticələrinin konstitusiya dəyişiklikləri yolu il aradan qaldırılması vacibdir".

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hakan Fidanla görüşdə Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrindən irəli gələn regional və beynəlxalq əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, eləcə də qlobal təhlükəsizlik çağırışlar müzakirə edilib.

Eyni zamanda, regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti, davam edən çağırışlar və s. barədə məlumat verilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan “3+3" Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının növbəti iclası çərçivəsində Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla da görüşüb.

Bu barədə Türkiyə XİN məlumat yayıb. Görüşdə ikitərəfli əlaqələr və normallaşma prosesi müzakirə edilib.

“Qərbin Azərbaycanla Ermənistan arasındakı problemlərə yanaşması barədə bu gün danışdıq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3" formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi bitirmək üçün “3+3" platformasından istifadə etməyi təklif edib: ”Biz Rusiya, Azərbaycan və Ermənistanın birlikdə yaratdıqları həm dövlət başçıları, həm xarici işlər nazirləri, həm də Baş nazirlərin müavinləri tərəfindən üçtərəfli formatda görülən işlər barədə məlumat verdik".

Lavrov Ermənistan-Türkiyə nizamlanması prosesi barədə məsələlərin olduğunu vurğulayıb: “Rusiya bu prosesin başlanması üçün aktiv şəkildə kömək edib. Bizə iranlı qonşularımız da qoşulub. İndi bu prsoseslə bağlı görüş planlaşdırılmır. Erməni həmkarlarımız pauza götürüb. Onlar hesab edirlər ki, əvvəl türkiyəlilərlə birbaşa danışıqlar lazımdır. Mənə elə gəlir ki, istənilən halda bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Ona görə də biz təklif etmişik ki, bu məsələlərə kompleks şəkildə baxılsın. Rusiya və İran öz növbəsində buna yardım etməyə hazırdır”.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı hansı platformanın daha həyat qabiliyyətli olduğunu açıqlayıb.

Rusiyalı nazir bildirib ki, harada Azərbaycan və Ermənistan razılığa gələ bilərlərsə, həmin platforma daha həyat qabiliyyətlidir: “Əgər onlar birbaşa (vasitəçisiz-red.) razılığa gələ bilsələr, biz ancaq şad olacağıq”.

Lavrov Azərbaycan və Ermənistana bu gün “3+3" platformasının istifadə etməyi təklif olunduğunu xatırladıb: ”Ermənistan və Azərbaycanın qonşularının bu formatda gördüklərini nəzərə alsaq, bu təbii olardı. Lakin bu barədə qərarı Bakı və İrəvan verməlidir".

Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edir.

Bunu da Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3" formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstanda yenidən vəziyyəti qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada vəziyyəti destabilləşdirməyə, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında münasibətləri qaynar etməyə cəhd edir.

Lavrov qeyd edib ki, Cənubi Qafqazdakı risklərin əksəriyyəti Qərbin bu regionda öz təsirini maksimal dərəcədə artırmaq cəhdləri ilə bağlıdır: “Hər şeydən əvvəl Rusiyanın imkanlarını və Cənubi Qafqaz ölkələrinin Rusiya ilə qarşılıqlı sərfəli və bərabərhüquqlu əməkdaşlığını pozmaqla bağlıdır”.

Rusiya XİN başçısı Gürcüstanın “3+3" formatında keçirilən Regional Əməkdaşlıq Platforması formatında iştirakının mümkünlüyünə də münasibət bildirib: ”Tbilisi qərar verən kimi, onlar istədikləri vaxt gəlib öz kreslolarında əyləşə bilərlər. Onlar üçün kreslo hər zaman qalır. Onlar üçün qapı hər zaman açıqdır. O ki qaldı təmaslara, bizim Tbilisi ilə təmaslarımız var".

Türkiyə mediasının yaydığı xəbərə görə, Cənubi Qafqaz üzrə “3+3" platformasının nazirlər şurasının iclasında birgə bəyannamə qəbul edilib. Sənəddə region ölkələrinin mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyi, suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, güc tətbiqi təhlükəsinin qadağan edilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın vacibliyi vurğulanır.

Altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü təxminən dörd il əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb, sonradan platforma “3+3" adlandırılıb. Rusiya və İran bu ideyanı alqışlayıblar və Ermənistan da bu formata qoşulub.

Tiflis hələ ki təklif olunan konfiqurasiyada əməkdaşlıqdan imtina edərək bildirib ki, nə qədər ki, Rusiya Gürcüstan ərazilərini işğal edib, ölkələr arasında əməkdaşlıq mümkün deyil.

“Yeni Müsavat”

Geri qayıt