Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır?

Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır?


Bu gün, 08:54
Rusiyadan Xankəndi açıqlaması: niyə narahatlıq yaşanır?
Ermənilər hələ də Rusiya siyasətlə ünsiyyət zamanı Xankəndi mövzusunu qabartmağa çalışırlar. Sonuncu dəfə erməni jurnalist Rusiya XİN sözçüsü Mariya Zaxarovaya bu şəhərlə bağlı sual verib və “Xankəndidə Azərbaycan qanunları keçərlidir, çünki Azərbaycan ərazisidir” cavabını alıb.

Buna rəğmən, ictimaiyyətdə hələ də Rusiyanın Qarabağla bağlı hansısa planlarının olduğunu düşünənlər var. Bu fikri Kremlin Xankəndidə konsulluq açmaq istəməsi qüvvətləndirir.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya bizim əzəli və əbədi qonşumuzdur:

“2022-ci ilin fevralında Azərbaycanla Rusiya arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq sazişi imzalandı. Bu sazişin bütün müddəaları iki dövlət arasında münasibətlərin inkişafına hesablanıb.

Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında dostluq münasibəti var. Bu yaxınlarda Rusiya Prezidenti Azərbaycana səfər etdi və iki lider bir arada Bakı şəhərini gəzdi. Bu bir daha dostluğu göstərir. Ümumilikdə iki ölkənin bir-birinə bağlılığı var.

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Kremlin Qərblə münasibətləri pisləşib, əlaqələri kəsilib. Rusiyanın dünya bazarına çıxması şimal-cənub nəqliyyat dəhlizinin işə salınmasından, Kremlin Ankara ilə əlaqə qurması isə Azərbaycandan asılıdır. Azərbaycan da Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Bu gün Rusiyanın fərqli şəhərlərində yüzminlərlə soydaşımız yaşayır.

Bundan başqa, 44 günlük müharibə zamanı Rusiya müdaxilə etmədi. Prezident Putin açıq şəkildə dedi ki, münaqişə Azərbaycan ərazisində gedir. Birmənalı şəkildə Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiyanın müharibə zamanı neytral qalması həm də KTMT-ni neytral saxladı. Eyni zamanda Rusiya sülhməramlılarının Azərbaycana gəlişi, lokal xarakterli antiterror əməliyyatları zamanı onların prosesə qoşulmaması Kremlin bizə olan mövqeyini göstərir”.

Politoloq qeyd edib ki, Rusiyaya ictimaiyyətdə birmənalı mövqeyin olmaması başadüşüləndir:

“Hesab edirəm, daha çox keçmiş ilə yaşayan şəxslər Rusiyanı hələ də düşmən görür. Keçmişlə yaşamaq irəli getməyin qarşısını alır. Misal üçün İkinci Dünya müharibəsində ABŞ Yaponiyaya atom bombası atıb. Belə çıxır Yaponiya ABŞ-ı bağışlamamlıdır? Amma Yaponiya və ABŞ müttəfiqdir. Bizim yanaşmamız da məhz belə olmalıdır”.

Geri qayıt