Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi

Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi


15-10-2024, 09:39
Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi
Politoloq Natiq Miri Zəngəzur dəhlizi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, açılacaq nəqliyyat yolları və ya Zəngəzur dəhlizində nəzarət, yaxud monitorinq Rusiyaya həvalə edilə bilər. Uzun müddətdir bu mövzuda Moskvaya qarşı çıxan İrəvan geri çəkilirmi?

- Açıqlamanın Paşinyanın Rusiyada Putinlə görüşündən sonra gəlməsi göstərir ki, bu, həmin səfərlə əlaqəlidir. Həmçinin görüşdən sonra açıqlanmışdı ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri Rusiya sərhədçiləri ilə birgə bu ölkənin İran və Türkiyə ilə sərhədlərinin mühafizəsinə cəlb ediləcək. Bu, Paşinyanın “Ermənistanın müstəqilləşdirilməsi siyasəti”nin tərkib hissəsidir. Əslində, hədəf Rusiya qoşunlarının tədricən sıxışdırılıb Ermənistandan çıxarılmasıdır. Bu yöndə ilk addım Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması oldu. Düzdür, sistem tam inteqrasiya olunduğu üçün Rusiya yenə də limanda baş verənlərlə bağlı məlumat ala bilər, amma nəzərə almaq lazımdır ki, artıq burada rus hərbçisi yoxdur.

Bu siyasət artıq sərhədə ötürülür. Ermənistan hələlik müəyyən problemlərə görə sərhəddə mühafizəni Rusiya ilə birgə aparacaq, amma bu, rusların sərhədlərdən çıxarılması yönündə gedən hazırlıqdır. Bəs Rusiya niyə əlində hüquqi imkanlar varkən bununla razılaşdı? Çünki artıq Rusiya erməni ictimai rəyində Qərbə uduzur, indi bu fonda İrəvanın istəklərini geri çevirsəydi, durumu öz əleyhinə daha da pisləşdirəcəkdi. Buna görə də, Rusiya müəyyən güzəştlər almaqla bununla razılaşdı.

Məncə, nəzarət məsələsini tam həll olunmuş kimi qəbul etmək doğru deyil. Paşinyan birbaşa nəzarətin Rusiya sərhəd qoşunlarına veriləcəyini demədi. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu yolda monitorinq apara biləcəyini söylədi. Bunlar fərqli məsələlərdir. Məncə, erməni hiyləsi məhz burada yatır. Monitorinq davamlı və ardıcıl bir proses deyil. Bu, zaman-zaman yoxlama və ya nəzarət imkanıdır.

Vaxtilə AŞPA-da Azərbaycanla bağlı bir monitorinq komissiyası yaradılmışdı. Həmin komissiya davamlı Azərbaycanda yatıb-durmurdu, ara-sıra, bir-iki ildən bir gəlib hesabatlar hazırlayıb gedirdi. Yəni bu məsələyə nöqtə qoymaq hələ tezdir.

- ABŞ bəyan eləmişdi ki, Rusiya və İrandan yan keçən dəhlizdə maraqlıdırlar, dövlət katibinin köməkçisi Ceyms Obrayn bunu açıq şəkildə söyləmişdi. Yəni Qərb, xüsusən də ABŞ bu məsələdə Ermənsistan hökumətinin tezislərini dəstəkləyirdi. İndi Amerikanın bu duruma reaksiyası necə olacaq?

- Hələlik bir reaksiya yoxdur. Üstəgəl, qismən də olsa, Ermənistanın Rusiyadan uzaqlaşmağa yönəlik əldə etdiyi siyasi uğurlar var. Məsələn, sərhədlə bağlı son qərar önəmlidir. Çünki sərhədlərin tədricən erməni sərhədçiləri tərəfindən qorunması, Rusiya hərbçilərinin sıxışdırılıb çıxarılması deməkdir.

Başqa bir maraqlı məqam da var. Ermənistanla İran arasında sərhəd-keçid məntəqəsinən indiyədək Rusiya nəzarət edirdisə, artıq bunu erməni sərhədçiləri həyata keçirəcək. Bütün bunları nəzərə aldıqda, ABŞ-ın buna kəskin reaksiya verəcəyini düşünmürəm. Üstəgəl, nəzarət məsələsi birmənalı şəkildə Rusiyanın xeyrinə həll olunmuş kimi qəbul edilməməlidir.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Paşinyanın son çıxışında səsləndiriyi fikirlər kontekstində Ermənistan ittiham olunur. Yəni Azərbaycan hələ Zəngəzur dəhlizinin hansısa formada açılmasından, yaxud Rusiyanın nəzarətindən danışmır. Bir sözlə, mən bu məsələyə nöqtə qoymağa tələsmirəm.

- İran uzun müddətdir dəhlizə qarşı olduğunu bildirir, amma Paşinyan bəyan edir ki, açılacaq. Vəziyyət belədirsə, Tehran nə edəcək?

- Paşinyan açıq şəkildə deyir ki, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasına hazırdırlar. Əlbəttə, bunların Ermənistanın şərtləri daxilində olmasını istəyir. Sülh müqaviləsini bildik, razılaşdırılmış 13 bənd əsasında, yəni həll edilməmiş 3 maddə olmadan imzalanmasını istəyirlər. Bunu da niyə belə istədiklərini də biz yaxşı bilirik. Kommunikasiyaların açılmasına gəlincə, burada hiyələyə əl atırlar, İrəvanın bununla bağlı irəli sürdüyü layihədə Orta dəhlizdə Azərbaycanın yox, Ermənistanın körpü və qovşaq rolundan söhbət gedir. Paşinyan bunu “Sülh qovşağı” adı altında həyata keçirməyə çalışır.

İrəvan və onun Qərbdəki havadarları burada Azərbaycan yox, Ermənistanın əhəmiyyətini önə çıxarmağa cəhd göstərirlər. Hiylə buradadır.

İrana gəlincə, Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına qərar veribsə, Tehran nə edə bilər? İran başqa bir ölkənin daxilində gedən prosesdə iştirakçı ola bilməz. İran indiyədək bu mövzu üzərindən ona görə oyun oynaya bilirdi ki, Ermənistan qarşı çıxırdı. Amma Ermənistan qərar verəndə İrandan gələn çat səslərini eşidəcəyik. İran heç nə edə bilməz, çünki bu, onun boyunu aşan məsələdir. Üstəgəl, İran bununla bağlı imzalanmış 10 noyabr anlaşmasında iştirakçı deyil, burada onluq bir iş yoxdur.

- Paşinyanın son mesajlarından sonra Türkiyə nəqliyyat naziri Abdülkadir Uraloğlu dəhlizin ən qısa vaxtda açılacağını söylədi. Uraloğlunun bu nikbinliyi haradan gəlir, bunun üçün zəmin varmı? Ən əsası, dəhlizin açılması baxımından İrəvanın “Sülh qovşağı” layihəsi Azərbaycan və Türkiyə tərəfindən istisna edilirmi?

- Əlbəttə. Bu, Türkiyədə "Sülh qovşağı" yox, Türk dəhlizi, türk dünyasını birləşdirən amil kimi qəbul edilir. Türkiyə rəsmilərinin bunun türk dünyasının quru yolla birləşməsindəki önəmi barədə kifayət qədər açıqlamalar var. Elə Uraloğlunun özü son açıqlamasında söylədi ki, Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq. Bu, həm də Azərbaycanın baxışıdır.

Orta dəhliz Çinin Sincan əyalətindən başlayır, ora da türklərin – uyğurların yaşadığı bölgədir. Sincandan başlayan bu dəhliz Türküstan və Azərbaycan üzərindən keçərək Türkiyəyə uzanır. Bu, bir Türk dəhlizidir. Başqa sözlə, bu dəhlizə Rusiyanın nəzarət eləməsi Türkiyənin maraqlarına uyğun deyil. Türkiyə bəzi məqamları nəzərə alaraq buna qarşı çıxmır, susur. Azərbaycanın da marağı ondan ibarətdir ki, bu məsələ Ermənistanla Rusiya yox, Azərbaycanla Ermənistan arasında həllini tapsın. Bizim məqsədimiz Naxçıvan və əks istiqamətdə maneəsiz keçidin olmasıdır.

Uraloğlunun nikbinliyinə gəlincə, Ukraynada davam edən müharibə Rusiya, Qəzza və Livanda baş verənlər də Yaxın Şərqdən keçən dəhlizlərin açılmasını mümkünsüz elədi. Ticarət isə dayana bilməz. Bu durumda daha uyğun variantlar düşünülür ki, bu baxımdan Orta dəhlizdən optimal variant yoxdur. Buna görə də, Qərb, Rusiya, Çin, Türkiyə, ABŞ – bütün dünya gücləri bu məsələ ilə məşğuldur. Yəni cırtdan Ermənistanın buna “yox” deməsi mümkün deyil. Bu, həll olunmuş məsələdir, sadəcə indi bu kommunikasiyaların hansı şərtlərlə açılması üzərində iş gedir. Mən də düşünürəm ki, bu, perspektivdə uzaq deyil.

Geri qayıt