Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır?

4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır?


Bu gün, 08:42
4 kənd Azərbaycana qaytarılacaq: Proses başlayır?
Ermənistanın Nazirlər Kabineti Azərbaycanla sərhədin delimitasiyası üzrə reqlamenti parlamentə göndərib.

"Hraparak" qəzetinin məlumatına görə, parlamentdə bu məsələ ilə bağlı müzakirələrin nə zaman aparılacağı məlum deyil. Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb.

Maraqlıdır, Azərbaycana məxsus, amma hələ də Ermənistanın işğalı altında olan dörd anklav kəndin qaytarılması ilə bağlı məsələ növbəti mərhələdə həll oluna bilər?

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, yaxın zaman bu məsələ ətrafında da müzakirələr aparılacaq:

“Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesində ən uğurlu diplomatik təmaslar sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlərini əhatə edir. İkitərəfli təmasların aparılması nəticəsində səmərəli nəticələr əldə olunub. Hərbi qarşıdurma baş vermədən, heç bir vasitəçinin iştirakı olmadan, Qazaxın dörd kəndi – Aşağı Əskipara, Bağanis-Ayrım, Xeyrimli və Qızıl Hacılı kəndləri Azərbaycana qaytarılıb.

Eyni zamanda, iki ölkə arasında sərhəd ərazilərin müəyyənləşməsi üzrə birgə komissiyasının əsasnaməsi də imzalanıb. Artıq Ermənistanın Konstitusiya Məhkəməsi bu əsasnaməyə müsbət rəy verib. İndi bu sənəd Ermənistan parlamentində ratifikasiya olunmalıdır.

Müzakirələrin nə zaman aparılacağı dəqiq məlum olmasa da, hesab edirəm ki, bu sənəd növbəti mərhələdən də uğurla keçəcək. Çünki Baş nazir Nikol Paşinyanın partiyası parlamentdə çoxluğa sahibdir”.

Ekspertin fikrincə, Qazaxın üç kəndi – Yuxarı Əskipara, Barhudarlı və Sofulu, Naxçıvanın Kərki kəndinin nə zaman Azərbaycanın nəzarətinə verilməsinə gəlincə, bu istiqamətdə mühüm irəliləyiş ola bilər:

“Dörd anklav kəndin qaytarılması ilə paralel olaraq, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutulan müddəalar ləğv olunmalıdır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bu istiqamətdə də addımlarını atacaq”.

Geri qayıt