Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır...
Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır...6-10-2024, 13:09 |
"Təhsilin əsas dayaqlarından biri ixtisaslı müəllim kadrlarının yetərli olması və şagirdlərin vaxtında dərsliklərlə təmin edilməsidir. Təəssüf ki, dərslərin başlamasından üç həftə keçməsinə baxmayaraq, bir çox məktəblərdə bu iki əsas komponentin çatışmazlığı müşahidə olunur". Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, təhsildəki bu boşluqlar görülən müsbət işlərə və islahatlara ciddi kölgə salır, onların effektini zərərsizləşdirir: "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa, şagirdlərin təhsil keyfiyyəti də təbii olaraq aşağı düşəcəkdir. Bu, xüsusilə STEM, yəni, elm, texnologiya, mühəndislik və riyaziyyat kimi vacib sahələrdə ciddi problemlər yaradır. Hətta ixtisaslı müəllimlər olduğu halda belə, tələb olunan tədris materiallarının, yəni dərsliklərin olmaması müəllimlərin səmərəli işləməsinə mane olur. Dərsliklərin çatdırılmaması problemi də təhsil prosesini ağırlaşdıran digər əsas məsələdir. UNESCO-nun “Global Education Monitoring Report”una əsasən, tədris materiallarının mövcudluğu təhsilin keyfiyyətinə birbaşa təsir edir. Bu kimi materialların yetərsiz olması, xüsusən də inkişaf etməkdə olan ölkələrdə, təhsil prosesini ləngidir və sosial-iqtisadi fərqlərin daha da dərinləşməsinə səbəb olur. Azərbaycanda isə dərsliklərin vaxtında çatdırılmaması valideynlər arasında narazılıq yaradır və təhsilə olan ümumi inamı zəiflədir. Dövlətin təhsilə ayırdığı vəsaitlər və görülən işlər səmərə vermirsə, bu, təkcə valideynlər deyil, ümumilikdə cəmiyyət üçün böyük zərbədir. Valideynlər, haqlı olaraq, övladlarının təhsilini keyfiyyətli və vaxtında almasını gözləyir, bu isə hökumətin və təhsil sektorunun birbaşa məsuliyyətidir". Ekspertin fikrincə, bu məsələnin həlli üçün daha ciddi addımlar atılmalı və təhsil sektorundakı cavabdehlik daha da gücləndirilməlidir: "Əgər müsbət nəticələr istəyiriksə, təhsilin əsas infrastrukturu olan ixtisaslı kadrların və tədris materiallarının təminatı daim prioritet olmalıdır. Təhsil sahəsindəki hər bir çatışmazlıq təkcə bu günə deyil, gələcəyə də birbaşa təsir göstərir. Beləliklə, təhsil sistemində islahatlar dayanıqlı olmalı və hər bir şagirdin təhsil hüququ qorunmalıdır. Əgər bu fundamental məsələlər həll olunmazsa, digər islahatlar yalnız kosmetik dəyişikliklər olaraq qalacaq. Təhsilə sərmayə qoyuluşu təkcə binaların inşası və texnoloji təminatla məhdudlaşmamalıdır, ən böyük sərmayə müəllimlərə və şagirdlərin tədris resurslarına yönəlməlidir". Geri qayıt |