Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan üçün təhlükəli xəstəliklər...
Azərbaycan üçün təhlükəli xəstəliklər...6-10-2024, 12:17 |
Dünyada yayılan bir sıra xəstəliklər Azərbaycandan da yan keçmir. Belə ki, COVİD-19, qızılca və ya yeni yayılan meymunçiçəyi virusu təhlükəsi hələ də qalır. Xatırladaq ki, qızılca xəstəliyi də Azərbaycanda geniş yayılmışdı, hətta xəstəlikdən ölüm hallarına da rast gəlinirdi. Pediatrlar ölüm hallarını COVİD-19 pandemiyası zamanı qızılca əleyhinə peyvəndin dayandırılması ilə əlaqələndirirdilər. Eyni zamanda, mövsümlə bağlı ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bütün bu xəstəliklərlə yanaşı, bütün dünyada olduğu kimi, ölkəmizdə ürək-damar xəstəlikləri də geniş vüsət alıb. Belə ki, Azərbaycan hazırda dünyada ürək xəstəliyindən ölən insanların sayına görə ilk 10-luqda yer alır. Məsələ ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Cümhuriyət”-ə danışıb. O, hazırda ən qorxulu xəstəliyin soyuqdəymə viruslarından qaynaqlandığını bildirib: "Ənənəvi olaraq hazırda müxtəlif viruslar özünü göstərir. Müxtəlif əlamətli soyuqdəymə xəstəlikləri müşahidə olunur. Eyni zamanda, COVİD 19-un omikron ştamının müxtəlif mutasiyaları özünü göstərir. İlk növbədə bunlardan qorunmaq lazımdır. Xəstəlik zamanı evdən çıxmamaq, sağalana kimi müalicə almaq şərtdir. Meymunçiçəyi virusuna Azərbaycanda rast gəlinməsə də, bu, təmasla yayılan xəstəlik olduğu üçün istənilən halda lazımi tədbirlərin görülməsi zərurəti var. Qızılcaya gəldiksə isə, əhalinin böyük əksəriyyəti bu xəstəliyə tutulub və sağalıb. Ümumi olaraq əhali Milli Peyvənd Təqviminə əməl etməli, vaksinasiyadan yayınmamalıdırlar". Ürək-damar xəstəlikləri ilə bağlı danışan invaziv kardioloq Şəmşir Vəliyev isə bildirib ki, bütün dünya ölkələrində bu xəstəliklər ölüm səbəbi olaraq birinci yerdə durur: "Ürək, qan-damar xəstəlikləri əsasən irsi xarakter daşıyır. Məsələn, əgər anada bu tip xəstəlik olarsa, övlad da xəstə ola bilər. Ürək, qan-damar xəstəliyinə şəkərli diabet, arterial hipertoniya, böyrək xəstəliyi və s. digər patoloji hallar səbəb olar bilər. Eyni zamanda, qeyd edim ki, tütün məhsullarının istifadəsi, passiv həyat rejimi və digər zərərli vərdişlər də ürək xəstəliklərinin yaranmasına səbəb olur". Kardioloq qeyd edib ki, bəzən ürək-damar xəstəlikləri səssiz gedir: "Buna görə də qəfil ölüm hallarının səbəbi 80% ürəklə əlaqəlidir. Bildirim ki, ürəkdə problem olduğu zaman müəyyən əlamətlər müşahidə edilir. Bu əlamətlərə sinədə yanma, sol qolda, sol kürəkdə və çiyində şikayətlərin özünü göstərməsi və s. aiddir. Əsasən, bu əlamətlər özünü fiziki hərəkət zamanı daha aydın göstərir. Lakin qeyd etdiyim kimi, xəstəlik səssiz də gedə bilir. Məsələn, şəkərli diabet xəstələrində xəstəlik özünü büruzə vermir, bu xəstələrdə infarkt hallarının başlıca səbəbi də xəstənin öncədən bunu hiss etməməsidir. Ürək-damar xəstəliklərindən qorunmağın əsas yolu aktiv həyat tərzi keçirmək, sağlam qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaqdır". Geri qayıt |