Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanın qaçacaq YERİ YOXDUR...

İrəvanın qaçacaq YERİ YOXDUR...


6-10-2024, 08:02
İrəvanın qaçacaq YERİ YOXDUR...
“Qərb ölkələri Ermənistan hakimiyyətini güzəştli silah tədarükü müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışır”.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksey Bortnikov yerli mətbuata açılamasında bildirib.

Onun sözlərinə görə, bu, Bakı ilə gələcək münasibətləri məsələlərində İrəvanı Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.

Bortnikovun fikrincə, NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, blokun Cənubi Qafqazda möhkəmlənməsi regionda sabitliyə töhfə verməyəcək:

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə sövq etməklə, Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin de-yure BMT-nin himayəsi altında və de-fakto NATO bayrağı altında yerləşdirilməsinə nail olmağa çalışır”.

O bildirib ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti aparır.

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiyanın dövlət rəsmiləri bu cür bəyanatlarla özlərini təmizə çıxarmağa çalışırlar:

“FSB-nin direktoru Aleksandr Bortnikovun bu bəyanatı müəyyən mənada həqiqəti əks etdirir. Ancaq bu, qarşı tərəfin Qərbi ittiham etməklə özünü təmizə çıxarmaq təşəbbüsü kimi görsənir.

Bəs Qarabağ münaqişəsini yaradan, iki xalq arasında nifaq toxumları səpən və 30 il ərzində bu münaqişəni idarə edən Rusiya deyildi? Hazırda Qərbin riyakar və məkrli addımlarını Rusiya atmırdı? 44 günlük müharibənin gedişatında Ermənistanı silahlar təmin edən Kreml deyildi? Müharibə zamanı Gəncəyə, Tərtərə və Bərdəyə atılan raketlər Rusiyanın silahları deyildi? Rusiyanın bu əməlləri yaddan çıxmayıb və çıxmayacaq.

Bəli, bu gün Ermənistandan zəif bənd olaraq istifadə edən Qərb güc mərkəzləri, xüsusilə ABŞ və Fransa Cənubi Qafqazda möhkəmlənməyə və təsir imkanlarını gedişləndirməyə çalışır, amma Rusiya da Cənubi Qafqazı əldən buraxmaq istəmir.

Moskva Ermənistanı öz orbitinə qaytarmaq üçün əlindən gələni edir. Əgər nə zamansa, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdarsa, Moskva regionda yenidən ənənəvi siyasi kursunu davam etdirəcək.

Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, Rusiya Azərbaycanın dostudur kimi bəyanatlara inanmaq sadəlövlük olardı. Bu kimi bəyanatlara qətiyyən inanmaq olmaz. Azərbaycan xalqının 300 illik bəlaları məhz Rusiya ilə bağlıdır.

Bütün bəlalar Ermənistandan deyil, Rusiyadan gəlib. Ermənistan sadəcə geosiyasi alətdir. Bu alətdən vaxtilə Rusiya istifadə edirdi, indi də Qərb istifadə edir.

Ən əsası budur ki, Azərbaycan daha da güclənsin, möhkəmlənsin və ayaqda dura bilsin, həmçinin Azərbaycanın Türkiyə və digər türk dövlətləri ilə qardaşlığı daim əbədi olsun”.
Geri qayıt