Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da...

Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da...


6-10-2024, 07:58
Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da...
Azərbaycanın xarici siyasətindəki məqsədyönlü addımlar, düzgün seçilən prioritetlər bəzi Qərb dövlətlərini narahat etməkdədir. Bu, son zamanlar daha aydın müşahidə olunur. Azərbaycanın müstəqil xarici siyasət kursunu qəbul edə bilməyən böyük oyunçular özlərinin riyakarlıqlarını gizlətməkdən çəkinmirlər. Bunun üçün həm də Ermənistandan istifadə olumur.
Rəsmi İrəvan özünün havadarlarının diktəsi ilə hər fürsətdə Bakının addımlarına və regionda yaratdığı reallıqlara mane olmağa çalışır.
Qərbi Azərbaycan İcması (QAİ) oktyabrın 2-də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı bəyanat yayıb.
Bildirilib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pislənilir.
“Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.
Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.
Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda qeyd edilib.
Bu gün Azərbaycan xarici siyasət kursunun əsas prioritetlərindən biri azərbaycanlıların öz dədə- baba torpaqlarına qayıdışını təmin etməkdir. Azərbaycan bunu diplomatik yolla həll etməkdə maraqlıdır. Hazırda rəsmi Bakının ortaya qoyduğu bütün səylər məhz bu məqsədə hesablanıb.
Ermənistan bütün imkanları ilə qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşmasına mane olmaq istəyir. Bu məsələdə rəsmi İrəvanın havadarlarının da rolu az deyil.
A.Simonyanın açıqlaması da əslində qayıdış hüququ məsələsini manipulyasiya etməyə və süni əngəl yaratmağa hesablanıb.
Qeyd etməliyik ki, rəsmi Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı məsələ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir. Çünki Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Bunu isbatlayan tarixi sənədlər də var.
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini eyniləşdirmək istəyir. Amma bunlar müqayisəedilməz məsələlərdir. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar tarixən Göyçə, Zəngəzur və İrəvanda yaşayıblar, ermənilər isə Qarabağa sonradan köçüblər.
Üstəgəl, rəsmi Bakı ermənilərin Qarabağda yaşamasına etiraz etmir. Azərbaycan bildirir ki, bunun üçün yeganə şərt ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələridir. Bundan sonra ermənilər rahatlıqla Qarabağda yaşaya bilərlər. Hətta Azərbaycan onların təhlükəsizliyinə təminat da verir.
Ermənistan isə bundan fərqli olaraq azərbaycanlıların öz ata- baba torpaqlarına qayıdışı ilə radikal mövqeyini davam etdirir.
Tarixi təcrübə onu deməyə əsas verir ki, Azərbaycan bir çox hallarda olduğu kimi yenə də özü öz işini görməyə qadirdir. Yəni Qərbi Azərbaycana qayıdış qaçılmazdır. Bu məsələ mütləq, gec- tez həllini tapacaq.
Qərbi Azərbaycana qayıdış Azərbaycan üçün əsas hədəflərdəndir. Prezident İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə ifadə edib. Dövlət başçısı bir neçə gün əvvəl Aşıq Ələsgərin abidəsinin açılış mərasimində də bu barədə danışdı: Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”.
Azərbaycan lideri hakimiyyətinin ilk dövrlərindən etibarən hər çıxışında Qarabağa qayıdış barədə danışıb. Nəhayət, vaxt – vədə çatdı və Azərbaycan Qarabağı azad etdi. Bu, rəsmi Bakının xarici siyasət kursunun dayanıqlılığının təzahürü olmaqla yanaşı, həm də hərbi qüdrətimizin, konkret seçilmiş hədəflərimizin göstəricisidir. Heç şübhə yoxdur ki, Şərqi Zəngəzura qayıdış da təmin ediləcək.
Onu da deyək ki, perspektivdə Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların öz ata – baba torpaqlarına qayıdışına şərait yaradacaq. Bu isə bir daha onu deməyə Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün xüsusi strateji əhəmiyyətli məsələdir.
Yeri gəlmişkən, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması üçün bütün mümkün imkanlardan istifadə edir. Azərbaycan rəsmk səviyyədə dəfələrlə bildirib ki, bunun dinc yolla baş verməsinin tərəfdarıdır.
Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Sözsüz ki, bu, həm də Zəngəzur dəhlizinə aiddir. İrəvan isə indiyədək prosesi ləngidir.
Tarixi təcrübə göstərir ki, Azərbaycan özünün strateji məqsədlərinə gec və ya tez, bu və ya digər formada nail olur. Bu, o deməkdir ki, dəhliz açılacaq.
Nəzərə almaq lazımdır ki, Ermənistan son zamanlar havadarlarının təsir, təhrik və təzyiqi ilə (3T prinsipi) hərbi təxribatlarını artırır. Bu yeni gərginlik ehtimalını artırmaqla yanaşı, həm də Azərbaycanın dəhlizi perspektivdə güc yolu ilə açmasına şərait yaradır.
Başqa bir məsələ isə ondan ibarətdir ki, Ermənistan 30 il ərzində Azərbaycana vurduğu maddi, mənəvi ziyana görə məsuliyyət daşıyır. Rəsmi İrəvan Bakıya təzminat ödəməlidir. Əgər buna gücü yoxdursa, tarixi Azərbaycan torpaqlarını qaytarmalıdır. Bu, növbəti böyük qayıdışa şərait yaradacaq.

Kənan Novruzov - SHERG.az
Geri qayıt