Əsas Səhifə > Ana xəbərlər, Güney Press > BMT “çətiri altında” anti-Azərbaycan hesabatı

BMT “çətiri altında” anti-Azərbaycan hesabatı


Bu gün, 12:37
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı
BMT-nin həqiqətin, ədalətin, təzminatın və təkrarlanmamanın təminatlarının təşviqi üzrə xüsusi məruzəçisi Fabian Salviolinin Azərbaycanın “Dağlıq Qarabağ”da apardığı “etnik təmizləmə” və insanların “məcburi köçkünlüyünə” dair qərəzli hesabatı açıqlanıb.

“Yeni Müsavat” bildirir ki, hesabat Salviolinin ötən il noyabrın 16-dan 24-dək Ermənistana səfərinin yekunlarına istinadən hazırlanıb. BMT-nin xüsusi məruzəçisi çıxışında Azərbaycanın “Dağlıq Qarabağ”da apardığı “etnik təmizləmə”yə toxunaraq, səfərinin minlərlə erməninin (!) Dağlıq Qarabağdan zorla deportasiya edildiyi vaxta təsadüf etdiyini qeyd edib. O əlavə edib ki, məcburi köçkünlərin ağrılarının, zəruri ehtiyaclarının şahidi olub. Fabian Salvioli həyasızcasına Qarabağdan köç etmiş ermənilərin sənədlərinin və arxivlərin qayğısına qalaraq “onların sənədlərinin əldə edilməsinin, onların qohumlarının qəbiristanlıqlarının və mədəni irsinin qorunmasının artsax erməniləri üçün aktual məsələ” olduğunu vurğulayıb.

Fabian Salvioli dünyada mövcud olmayan “artsax xalqı”ndan danışmağa belə cəsarət edib. Halbuki BMT “artsax”ı dövlət kimi tanımayıb, onun məruzəçisinin “artsax xalqı” ifadəsini məruzəsində dilə gətirməsi təmsil etdiyi təşkilatın prinsiplərinə tüpürmək deməkdir. Salvioli dünya içtimaiyyətini “Dağlıq Qarabağ xalqının” səsinin eşidilməsini təmin etməyə, beynəlxalq ictimaiyyəti Qarabağda haqq-ədaləti bərpa edən mexanizmlər axtarmağa çağırıb. Xüsusi məruzəçi on minlərlə erməninin geri qayıtmasını vacib sayır, amma Ermənistandan zorla qovulmuş qaçqınları “yada salmır”. 29 sentyabr 2011-ci ildə İnsan Hüquqları Şurası 18/7 saylı qətnamə qəbul etdi və bu qətnamədə üç il müddətinə həqiqətin, ədalətin, təzminatın və təkrarlanmamanın təminatlarının təşviqi üzrə xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul edildi. 2017-ci ildə İnsan Hüquqları Şurası 36/7 saylı qətnamə qəbul edərək, xüsusi məruzəçinin mandatını uzadıb.

Fabian Salvioli 2018-ci ilin mayından xüsusi məruzəçi vəzifəsini icra etməyə başlayıb. O, insan hüquqları üzrə hüquqşünas və La Plata Universitetinin Hüquq Məktəbində beynəlxalq hüquq və insan hüquqları üzrə professordur, eyni zamanda İnsan Hüquqları İnstitutunun direktorudur. Fabianın tərcüməyi-halında ən mühüm detal isə onun Argentinada doğulmasıdır. Bəllidir ki, Argentina hər zaman ermənipərəst siyasət yürütməsi ilə seçilib. Argentinadakı erməni diasporu Latın Amerikasındakı ən böyük diaspordur və sayı təxminən 120 min nəfərdir. İkitətərəfli əlaqələrin yüz ildən artıq yaşı var. 2023-cü ilin sentyabrında Argentinanın artıq sabiq prezidenti Alberto Fernandes Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitinin plenar iclasında çıxışı zamanı Azərbaycanın guya Qarabağın dağlıq hissəsini blokadada saxladığını iddia etmişdi. Argentinanın yeni prezidenti Xavyer Mileyin də bu ölkədəki erməni diasporu ilə sıx əlaqələrə malikdir. Belə ki, yeni prezident 2008-2021-ci illərdə Argentina əsilli erməni iş adamı Eduardo Ernekyanın “Korporasiya Amerika” təşkilatının əməkdaşı və onun baş məsləhətçisi olub. Fabianın BMT “çətiri altında” bu cür ermənipərəstliyi təəccüb doğurmur.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu dedi ki, məruzəçinin Ermənistandan qovulan azərbaycanlıları “yada salmaması” hesabatın qərəzli olduğunu göstərir. Hüquq müdafiəçisi qeyd edir ki, Göycədən, ayrı-ayrı kəndlərdən azərbaycanlıları çıxarıblar, ona görə həmişə arqumentimiz var: “Biz Ermənistan ərazisində müharibə aparmamışıq, onların ərazisində erməni öldürməmişik. Biz öz torpaqlarımızda separatçı caniləri zərərsizləşdirmişik. Ona görə danışmağa haqları yoxdur. Hansı dinc erməni deyə bilər ki, məni qolumdan tutub küçəyə atıb zorla Ermənistana yola saldılar? İndi İrəvandadırlar, oradan televiziyaya çıxıb bu ittihamları irəli sürə bilərlər, amma etmirlər. Bilirlər ki, yalandır, onları qovan olmayıb və bütün dünya ermənilərin necə getdiyinə şahid olub, videokadrlar qalıb. Amma deməliyəm ki, biz lobbi işində axsayırıq. Daha çox iş görməliyik ki, səsimiz eşidilsin”. N.Cəfəroğlu hesab edir ki, vətəndaş cəmiyyətinin burada rolu böyük olmalıdır: “Avropada, Amerikada təbliğat aparmalıyıq. Tək diaspor və lobbi deyil, fərdi qaydada da hər kəs aktiv olmalıdır. Filmlər çəkməliyik, kitablar yazmalıyıq, bir-bir insanlarla danışmalıyıq, avropalı siyasətçiləri, deputatları, beynəlxalq təşkilatların nümayəndələrini sübutlar qarşısında qoymalıyıq. Çünki erməni lobbisi öz yalanlarını belə adamların dili ilə dünyaya yaymağa çalışır. Biz də cavab olaraq addımlar atmalıyıq. Haqlı tərəf, zərərçəkmiş tərəf Azərbaycandır, di gəl, erməni yalanları dünyaya car çəkir”.

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyir ki, Fabian argentinalıdır, ötən il qondarma erməni genosidi abidəsini ziyarət də edib. Onun fikrincə, Argentinada erməni lobbisi güclüdür: "Biz də Latın Amerikası ölkələrində fəallığı artırmalı, səfirliklərimiz təbliğat istiqamətində işini gücləndirməlidir. Fabianın hesabatı təəccüb doğurmadı. O, konqresmen Adam Şiff, Menendez kimi bir siyasi dələduzdur. Sadəcə, Azərbaycana qarşı çirkin kampaniya aparılır. Ötən ildən bəri bar-bar bağırırlar ki, guya etnik təmizləmə aparılıb. Artıq bu mövzu siyasi təzyiq alətinə çevrilib. Hərçənd hüquqi əsası yoxdur. Amma siyasi rıçaq kimi istifadə edirlər. Onlar üçün erməni sakinlərin necə getməsi maraqlı deyil, əgər əhali çıxıbsa, hesab edirlər ki, bu, dinc camaatı guya qovmaqdır. Fakt budur ki, Azərbaycan antiterror əməliyyatı zamanı beynəlxalq konvensiyalara riayət edib və əleyhimizə bir sübut tapıb ortaya qoya bilmirlər. Biz qəbul etməliyik ki, bu iyrənc kampaniya hələ bir müddət davam edəcək. Növbəti dəfə başqa çağırışlar eşidəcəyik. Bu qüvvələrin məqsədi həm erməniləri qaytarmaq, həm də Azərbaycana qarşı davamlı olaraq siyasi təzyiq vasitəsi kimi istifadə edə bilməkdir”.

X.Teyyublu sözügedən şəxsin Türkiyəyə münasibətdə də düşmən kimi davrandığını xatırladır: “Onun çıxışları antitürk ritorikadır. Görünür, erməni fondları onu maliyyələşdirir. Bu iş belədir. Yəni lobbi ayrı-ayrı xarici təşkilatları, onların üzvlərini, Avropa Parlamentinin, Senatın, Konqresin, müxtəlif ölkələrin parlamentlərinin üzvlərini ələ alır, sonra özünə işlədir. O baxımdan deyirəm ki, gərək biz də lobbi işimizi gücləndirək. Ermənilər və müdafiəçiləri dünyaya hayqırır ki, Qarabağda etnik təmizləmə olub, Azərbaycan da bu kampaniyanın üstünə getməlidir”.

Geri qayıt