Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir

Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir


Bu gün, 10:22
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir
Amerika Birləşmiş Ştatlarında prezidentlik uğrunda mübarizə aparan siyasilər erməni kartından gen-bol istifadə edirlər. Ölkənin vitse-prezidenti Kamala Harris erməni lobbisinin xoşuna gələn açıqlamalar verməkdədir. O, ermənilərin "Dağlıq Qarabağa qayıtmaq hüququndan danışır. Halbuki dəfələrlə vurğulandığı kimi, Azərbaycanda "Dağlıq Qarabağ" adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi yanlışdır. Ona görə də yaxşı olar ki, Harris etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməsin.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, bu, artıq ənənə halını almış bir gedişatdır. Ekspert bildirib ki, təkcə ABŞ-də yox, Avropada, o cümlədən Fransada erməni diasporunun səsini qazanmaq, nüfuzlu ermənilərin dəstəyini almaq niyyətində olan bir çox siyasilər məhz bu cür addımlar atır, seçki öncəsi bəyanatlar səsləndirirlər:

"Lakin təcrübə göstərir ki, sonrakı dövrdə, yəni prezident seçkisindən sonra rəhbərlər ermənilərə dəstək məsələsində daha az canfəşanlıq göstərirlər. Ötən illərdə bənzər hadisələrin şahidi olmuşuq. Ancaq son dönəmdə vəziyyət bir qədər dəyişib, yəni kəskin hal alıb. Bunun da səbəbi həmin ölkələrin Azərbaycana münasibətinin mənfiyə doğru dəyişməsidir. O ölkələr 44 günlük müharibənin yekunlarını qavraya, həzm edə bilmirlər. Nəticə etibarı ilə ermənipərəst çıxışlar gündəmə gəlməkdədir. Düzdür, erməni kartı sadəcə müəyyən dövr üçün istifadə olunur. Adətən, öz məqsədlərinə çatan siyasətçilər bu məsələni nisbətən arxa plana atırlar. Ancaq buna riayət etməyənlər də peyda oldu".
Həmsöhbətimiz vurğulayıb ki, ABŞ tarixində Co Bayden yeganə siyasətçidir ki, ermənipərəst mövqeyini seçiləndən sonra da nümayiş etdirib: "Onun seçkiqabağı ritorikası ABŞ-yə rəhbərlik etdiyi dönəmdə də dəyişmədi. Bayden hətta qondarma erməni soyqırımını da tanıyan ilk Amerika prezidenti oldu. Kamala Harris də bu cür şəxslərdəndir. O vaxtı ilə Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək. Ümumiyyətlə, Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir. Onlar Ermənistana öz simpatiyalarını gizlətmirlər. Məsələ ondadır ki, bu cür şəxslər ABŞ-Azərbaycan münasibətlərinin də korlanmasına səbəb olurlar. Belə vəziyyətdə ikitərəfli münasibətlərin inkişafından danışmaq olmur".

Geri qayıt