Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İranın boyası soluxmuş QIRMIZI XƏTTİ...

İranın boyası soluxmuş QIRMIZI XƏTTİ...


Bu gün, 01:07
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ...
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İran mediasında Zəngəzur dəhlizi əleyhinə yönəlmiş məqalə və açıqlamalara rast gəlinmir.

Dörd ilə yaxındır Zəngəzur dəhlizi əleyhinə İran rejiminin ideoloji silahı rolunu oynayan kütləvi informasiya vasitələri son günlər susmağa üstünlük verib. Lakin bu, Azərbaycanı təhdid edən İran siyasətçilərinin və ekspertlərinin mövqeyindəki dəyişikliklə bağlı deyil.

Yaxın Şərqdə İrana bağlı silahlı qrupların İsrail tərəfindən məhv edilməsi rəsmi Tehranın regiondakı geosiyasi mövqelərini xeyli zəiflədib. Bir ilə yaxındır davam edən müharibə nəticəsində HƏMAS təşkilatının məğlub duruma düşməsi, İsmayıl Haniyə başda olmaqla siyasi və hərbi rəhbərliyindəki şəxslərin öldürülməsindən sonra İranın Qəzza zolağına çıxış imkanları kifayət qədər məhdudlaşıb.

İsrailin növbəti hədəfi İranın Yaxın Şərqdə ən böyük proksi qüvvəsi sayılan “Hizbullah”dır. İsrailin Livanın cənubunda keçirdiyi hərbi əməliyyatlar da demək olar ki, eyni ssenari üzrə davam etdi.

“Hizbullah”ın bütün hərbi komandirlərinin ardıcıl surətdə öldürülməsindən sonra İsrail təşkilatın lideri Seyid Həsən Nəsrullahı aradan qaldırdı. Sentyabrın 29-da İsrail Hərbi Hava Qüvvələri İranın Yəməndəki proksi qüvvəsi sayılan “Ənsərullah” terror təşkilatının mövqelərini bombalamağa başlayıb.

Növbəti hədəfin “Hizbullah”ın İraqdakı qolu olan “Kətaib Hizbullah” və “Həşti-Şaabi” (Şiə milisləri) olacağı istisna edilmir.

Məqsəd İranın Yaxın Şərqdəki bütün proksi qüvvələrinin fəaliyyətinə son qoymaq və onların İsrail sərhədinə çıxışının qarşısını almaqdır. Buna nail olmaq üçün İsrailin strateji planı İranı Fələstin, Suriya, Livan, Yəmən və İraqdan çıxartmaqdan ibarətdir.

Yəni bu əməliyyatlar yalnız İsraillə həmsərhəd ölkələri əhatə etməyəcək. İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında nümayiş etdirdiyi və “düşmən-lənət” adlandırdığı qara rəngli xəritədə İraqla Yəmən də yer alır. Ona görə də İsrailin əməliyyatları davam etdirəcəyi gözlənilir.

Ancaq İsrail bununla prosesi yekunlaşdırmaq fikrində deyil.

Planın son hədəfinin İranı birbaşa müharibəyə cəlb etmək olduğu sirr deyil. Əgər İsrail və İran arasında müharibə başlasa, bu əməliyyatlara ABŞ da qoşulmalı olacaq.

Netanyahunun “düşmən-lənət” adlandırdığı xəritəsinə İranın da daxil edilməsi hadisələrin Tehranın ziyanına cərəyan etdiyini göstərir. Bu baxımdan, təhlükəli duruma düşən İran mümkün qədər İsraillə qarşıdurmadan yayınmağa çalışır.

Seyid Həsən Nəsrullahın öldürülməsindən sonra İranın İsrailə cavab zərbəsi endirəcəyinə dair gözləntilər də məhz bu səbəbdən özünü doğrultmadı. Halbuki “Hizbullah” liderinin müdafiəsi İran üçün Yaxın Şərqdə və şiə-müsəlman aləmində nüfuz məsələsidir.

İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə nüfuzuna ciddi zərbə dəyən İranın Həsən Nəsrullahın vurulmasından sonra da baş verənlərə ehtiyatla yanaşması proksi qüvvələr arasında ona etimadı kəskin azalda bilər. Bu mənada, Həsən Nəsrullahın öldürülməsinə görə, İranın İsrailə qisas hücumu edəcəyi barədə ehtimallar üstünlük təşkil edirdi. Lakin İranın bu qarşıdurmadan çəkindiyi açıq görünür. İran rəsmiləri İsrailə “vaxtı çatanda”cavab veriləcəyini bildirməklə kifayətlənir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın İsrailə cavab həmləsi ilə bağlı ikibaşlı fikirlər səsləndirib:

“Bu o demək deyil ki, İran müharibədən qorxur. Biz müharibənin tərəfdarı deyilik, əksinə bölgədə sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə çalışırıq. İran öz milli təhlükəsizliyini və maraqlarını hədəfə alan heç bir addıma səssiz qalmayacaq. Biz şüar vermirik, hərəkətə keçirik... Biz təcavüzkarın əlini-ayağını kəsəcəyik”, - deyə XİN sözçüsü iddia edib.

Göründüyü kimi, Nasir Kənani İranın mövqeyi ilə bağlı müəmmalı danışıb. O, İranın İsraillə hərbi toqquşmadan qorxduğunu diplomatik tərzdə ifadə edib. İsraildən qisas alınacağı barədə iddialar isə daha çox İran rejiminin daxili ictimai rəydə və müsəlman aləmində imicini qorumağa hesablanıb.

Həsən Nəsrullahın öldürülməsindən dərhal sonra İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin təhlükəsizliyinin gücləndirlməsi, hətta onun bunkerdə gizlənməsi barədə məlumatlar İranın sərhədlərindən xaricdə proksi qüvvələr hesabına yaratdığı bufer zonanın dağılmasından xəbər verir.

Perspektivdə bu hibrid münaqişə İranın öz daxilinə yönəldilə bilər. Yəni İsrail İranın “qırmızı xətt” hesab etdiyi təsir zonasını keçib. İran rejimi isə buna susmaqla və ya quru bəyantlar cavab verməklə kifayətlənir.

Son hadisələr Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i adlandıraraq Azərbaycanı hər gün hədələyən İranın güc nümayişinin yalnız siyasi pafos olduğunu təsdiq edir. İsrail İranın “qırmızı xətt”ini artıq nəinki arxada qoyub, elə tapdalayıb ki, daha İranın səsi çıxmır. Bununla da Azərbaycana hərbi güc göstərməyə çalışan İran hakimiyyətinin İsrailin qarşısında qorxaraq geri çəkildiyi aydın görünür.

İranın sabiq yol və şəhərsalma naziri Abbas Axundinin Zəngəzur dəhlizi məsələsi ilə bağlı açıqlaması bu baxımdan, diqqəti cəlb edir.

“Mənim vurğuladığım əsas məqam ondan ibarətdir ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində dəyərləndirilməməlidir. Şübhəsiz ki, İrandan keçən dəhlizlərdən imtina etməkdən, İsrail, Türkiyə, Çin, eləcə də Rusiya maraqlıdır. Rusiya sanksiyalardan yan keçmək və öz qazını Avropaya ixrac etmək imkanı yaratmaq üçün vasitəçiyə ehtiyac duyur və Azərbaycan bunun üçün yaxşı namizəddir. Ona görə də Azərbaycanla ticarətə hazırdır”, - deyə sabiq nazir vurğulayıb.

Axundi dolayısı ilə İran hakimiyyətinə mesaj verib ki, Zəngəzur dəhlizinin reallaşmasında yalnız Azərbaycan deyil, adlarıçəkilən böyük və güclü dövlətlər də maraqlıdır. İranın bu dəhlizə mane olmaq istəyi İsrail, Türkiyə, Çin, Rusiya, Avropa İttifaqı ilə regional qarşıdurmaya gətirib çıxara bilər.

Bu isə indiki situasiyada müharibə təhlükəsi ilə üzləşən İran üçün arzuolunmaz vəziyyət yaradır. Ona görə də çox güman ki, İranın Yaxın Şərqdə geopolitik mövqelərinin zəifləməsi Cənubi Qafqaz siyasətinə də təsir göstərəcək.

Çünki “qırmızı xətt”i keçilməsini sükutla qarşılayan İranın Zəngəzur dəhlizi məsələsində eyni ritorikadan istifadə etməsi qeyri-ciddi səslənə bilər.

Müşfiq Abdulla
“Cebeinfo.az”
Geri qayıt