Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir

Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir


Bu gün, 16:02
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla Nyu-York görüşündən danışıb. "Mən Paşinyanın bu məsələlərə müsbət yanaşdığını gördüm. Ümidimiz bu yanaşmanı bir araya gələrək həll etməkdir və bilirəm ki, Azərbaycanda da bu məsələdə eyni anlayış var. Ümid edirəm ki, hər iki ölkə bu yanaşmanı irəli sürməklə problemi həll edəcək", - deyə Ərdoğan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması məsələsindən danışarkən bildirib.

Maraqlıdır ki, bundan sonrakı proseslər necə inkişaf edəcək? Türkiyədə Azərbaycan-Ermənistan görüşü mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, Paşinyanın Ərdoğandan etdiyi xahişi əvvəldən Azərbaycan qəbul etməyib:

"Ermənistan konstitusiyasında və qanunvericiliyində qonşulara ərazi iddiası qaldıqca, bu, gələcək münaqişənin əsas səbəbi kimi görünəcək. Həmin iddia 30 illik müharibənin əsas səbəbidir. Hakimiyyətlər dəyişə bilər. Qarabağ klanı 20 il Ermənistanda at oynatdı. Paşinyan qlobal güclərin köməyi ilə hakimiyyəti devirdi. Eyni şey Paşinyanın da başına gələ bilər. Ona görə də Azərbaycana hüquqi təminat lazımdır. Yəni Ermənistan qanunvericiliiyində mövcud olan ərazi iddiasının aradan qaldırlmasına nail olmalıyıq. Ona görə də, istər Türkiyədə, istərsə də başqa yerdə keçirilən görüş Ermənistanın yanaşma tərzi dəyişmədikcə, faydasız qalacaq. Paşinyan Rəcəb Tayyib Ərdoğandan xahiş edib ki, bu günə qədər razılaşdırılmış məqamlar çərçivəsində sülh sənədini imzalayaq, sonra danışıqlar davam etsin. Bu təklif öncədən də var idi. Azərbaycan bununla razılaşmadığını bəyan edib. Rəcəb Tayyib Ərdoğan Paşinyanda müsbət yanaşma sezə bilər. Biz də bunu təkzib etmirik. Bəli, Paşinyan sülh istəyir, lakin bunu Azərbaycan üçün istəmir. O, 2021-ci ildə xalqa sülh gətirəcəyini vəd etdiyi üçün ermənilərin səsini ala bilib. 2026-cı ildə sülh əldə olunmadan seçkiyə, xalqın içinə hansı bayraqla gedəcək? Sual olunacaq ki, "bu 5 ildə necə oldu ki, sülh gəlmədi, hələ də müharibə potensialı var. Hələ də ermənilər müharibədən qorxaraq uşaqlarını ölkədən uzaqlaşdırmağa davam edirlər. Bu gün heç kəs səksəkə, qorxu içərisində yaşamaq istəmir. Bu baxımdan Paşinyanın yanaşması müsbətdir, sülh istəyir. Lakin sülhün minimum itkilərlə olmasını istəyir. Yəni konstitusiyaya dəyişiklik etmədən parlament seçkilərini udmaq, hakimiyyətdə qalmaq məqsədi güdür".
Ətraflı

N.Miri söyləyib ki, Paşinyan Nyu-Yorkda növbəti dəfə erməni hiyləgərliyini göstərib:

"BMT-də keçirilən sessiyada Nikol Paşinyanın çıxışında yeni elementi biz də sezdik. Azərbaycan mediası yalnız "Ermənsitan konstitusiyanı dəyişə bilər" cümləsini qeyd etdi. Lakin Nikol Paşinyanın fikriləri bu cümlə ilə bitmirdi. Bu fikri bildirəndən sonra bir vergül işarəsi qoydu və "Ermənistandakı hüquq ekspertləri deyirlər ki, imzalayacağımız sülh sənədi konstitusiyamıza zidd deyil. Konstitusiya Məhkəməsi bu sənədin konstitusiyaya zidd olduğunu bəyan edərsə, onda konstitusiyanın dəyişidirilməsi ilə bağlı zərurət yaranacaq və biz xalqın fikrini öyrənəcəyik" dedi. Bu, həm də bir erməni hiyləsidir.
BMT-dəki çıxışından öncə sərhədlərin müəyyənləşməsi ilə bağlı Azərbaycan-Ermənistan işçi qrupu aralarında razılaşdırdıqları reqlamenti təsdiq ediblər. Bu sənəd Ermənistan konstitusiya məhkəməsi tərəfindən təsdiqlənib. Bu, əslində, düzgün yanaşma deyil. Çünki reqlament dediyiniz sənəd Alma-Ata bəyannaməsinə söykənir. Yəni əsas olaraq bu bəyannamə götürüləcək. Burada da ərazi bütövlüyü əsas götürülür və sərhədlərin müəyyənləşməsi də 1991-ci ilə qədər mövcud olan inzibati sərhədlər çərçivəsində müəyyənləşir. Bu sənəd göstərir ki, Qarabağ Azərbaycan torpağıdır. Amma Ermənistan konstitusiyasının preampulasında və konstitusiya aktında söykəndiyi bir istinad var. 1989-cu il dekabrın 1-də Ermənistan Ali Sovetinin qondarma "Dağlıq Qarabağ" rejimi ilə birlikdə qəbul etdiyi sənəd mövcuddur. Qondarma "miatsum" ideyası konstitusiyanın 1 və 11-ci maddələrində təsdiq olunub. Konstitusiyada dolayısı ilə Qarabağın Ermənistana məxsus olduğu iddiası təsbit edilib. Konstitusiya məhkəməsinin reqlamentin konstitusiya zidd olmamasına hökm verməsi konstitusiyanın maddələrinin yox, Nikol Paşinyanın istəklərinin nəzərə alındığını göstərir".

Politoloq qeyd edib ki, gələcəkdə də belə olacaq:

"Sülh sənədi imzalandıqdan sonra yenə də, sənəd konstitusiya məhkəməsinə göndəriləcək. Konstitusiya dəyişiklərindən ötrü, referendum keçirməmək üçün yenə də konstitusiya məhkəməsi sülh sənədinin konstitusiyaya uyğun olduğuna qərar verə bilər. Bu, Azərbaycanı qane edə bilməz. Paşinyan əbədi deyil, o, hakimiyyətdən getdiyi təqdirdə revanşist qüvvələr hakimiyyətə gələcək və sənədi yenidən konstitusiya məhkəməsinə göndərəcəklər. Sənədin konstitusiyaya zidd olduğunu bəyan edərək sülh sənədini ləğv edəcəklər. Paşinyanın Rəcəb Tayyib Ərdoğanın kitabını qucaqlaması Azərbaycanın problemlərini həll etmir. Belə şeylərə aldanmaq olmaz. Fakt faktlığında qalır".

Geri qayıt