Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb"

"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb"


Bu gün, 10:09
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb"
“BMT-nin 29-cu illik İqlim Dəyişikliyi Konfransında (COP 29) iştirak edən hökumətlər insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməlidirlər”… Bu fikirlər “Human Rights Watch” təşkilatının bu gün yayımlanan sual-cavab sənədində qeyd edilib. “Human Rights Watch” təşkilatının ətraf mühit üzrə baş müdafiəçisi Myrto Tilianaki qeyd edib ki, bu, artıq üçüncü ildir ki, COP-da azad sözü və dinc toplaşmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıran repressiv vəziyyətdə baş verir: “Azərbaycanda COP 29-da iştirak edən hökumətlər ədalətli və iddialı iqlim tədbirlərinin müstəqil səslərin mənalı iştirakına ehtiyacı olduğu barədə aydın mesaj çatdırmağa hazır olmalıdırlar”. Azərbaycanda fərqli fikirlərə dözməyən avtoritar hökumətin olduğunu dilə gətirilərək bildirilib ki, son aylarda müstəqil jurnalistlərə və vətəndaş fəallarına qarşı təzyiqlər var.
Sitat: Azərbaycan hökumətinin müstəqil fəallığa qarşı düşmənçiliyi vətəndaş cəmiyyəti qruplarının COP 29-da mənalı şəkildə iştirak edə bilməyəcəyi və konfransdan sonra Azərbaycanda ekoloji fəallığın nə dərəcədə baş verəcəyi ilə bağlı narahatlıq doğurur…

Görünən odur ki, COP 29-un Bakıda keçirilməsi özünü insan hüquqları müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatının xoşuna gəlməyib. Bu da hadisələrə ikili standartlardan yanaşmanın təzahürüdür.

Milli Məclisin deputatı Elman Nəsirov Bizimyol.info xəbər portalına məsələ ilə bağlı açıqlamasında bildirib ki, son zamanlar siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb: “Onlar koordinasiya olunmuş, əlaqələndirilmiş şəkildə intensiv olaraq, bu təzyiqləri həyata keçirirlər. Motivlərini biz bilirik. Əsas səbəb odur ki, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycanın yenilməz ordusu öz müzəffər Ali baş komandanının rəhbərliyi altında tarixi zəfərə imza atıb. Eyni zamanda bir sutkalıq lokal antiterror əməliyyatları nəticəsində suverenliyini təmin edib. Bu da bütün antiAzərbaycan dairələrinin yuxusuna haram qatıb. İndi onlar bir dirijor çubuğu ilə eyni sözləri tutuquşu kimi təkrarlamaqla məşğuldurlar. Adam Shif də eyni sözü deyir, Avropa Parlamentinin bəzi "üzdəniraq" deputatları da eyni mövqeyini səsləndirir, “Human Rights Watch" təşkilatı da eyni havanı oynayır. Hamısı da bir ağızdan deyirlər ki, “Azərbaycan Silahlı Qüvvələri Qarabağı işğal edib, Azərbaycan Silahlı Qüvvələri ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirib”. Hətta bəzi Adam Şif kimi konqresmenlər biraz da qabağa gedib qondarma “Artsax”-ın gəlirlərinin bərpası haqqında bir qanun qəbul etməyə çalışır, “Artsax”-ın gəlirlərinin bərpası fondu yaratmaq istəyirlər. Bu, həqiqətən absurd bir reallıqdır. Bir filosofun dediyi kimi “deyəsən dünya dəli olub” təcavüzkara deyil, təcavüzə məruz qalan tərəfə təcavüzkar deyirlər. Bu məqamda deyilir ki, "adımı sənə qoyum və səni də yana-yana qoyum"…reallıq budur”

Elman Nəsirov vurğulayıb ki, bu gün COP-29 tədbiri öncəsi bu kimi təzyiqlər artıb. Deputatın sözlərinə görə, həmişə belə olub. Elman Nəsirov bildirib ki, dövlət iki halda çox ciddi təzyiq altına düşür: "Dövlət zəif olanda ki, biz 90-cı illərin əvvəllərində bunu yaşamışıq. Bir də nə qədər paradoksal səslənsə də, çox güclü olanda da eyni təzyiq və təhdidlərlə üz-üzə qalır". Elman Nəsirovun fikrincə, indi Azərbaycan həmin vəziyyətdədir.

“Biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmişik. İndi Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası ilə məşğuluq istiqamətində ciddi işlər görülür. Bütün bu reallıqlar fonunda həm də noyabr ayında dünyanın ən nəhəng beynəlxalq tədbirinə iqlim dəyişiklikləri ilə bağlı COP 29 tədbirinə ev sahibliyi edəcəyik. Dünyanın nəbzi Bakıda döyünəcək. Buna görə də antiAzərbaycan dairələri, xüsusilə də onların sırasında yaxşı sifariş edilən mahnıları ifa edən “Human Rights Watch" təşkilatı iddia edirlər ki, "hansı hökumətlər ki, COP 29-da iştirak edəcəklər onlar insan hüquqları ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər"”-deyən deputat vurğulayıb ki, əvvəla Azərbaycan demokratik nişanla seçilmiş dövlətdir: “Demokratiya bir prosesdir və orada son nöqtə yoxdur. Biz o yolla gedirik. Bu yolu ulu öndər Heydər Əliyev təyin edib. Və müzəffər prezidentimiz cənab İlham Əliyev də demokratik inkişaf yolu ilə Azərbaycanı irəli aparır. Sadəcə “Human Rights Watch" və onun arxasında dayanan antiAzərbaycan dairələrinin yuxusuna haram qatılıb. Onlar düşünür ki, “necə ola bildi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edə bildi. Axı, biz ona imkan verməməliydik. Axı, bizim planlarımızda bu yox idi. Bəs necə oldu bunu Azərbaycan bacardı?! Bax, bütün bu suallar qarşısında aciz qalan müəyyən siyasi dairələr, eyni zamanda onların əlində alət olan "Human Rights Watch" təşkilatı yalanla, iftira ilə dolu informasiyaların istehsalı və ifrazı ilə məşğuldur. Deyirlər ki, guya “Azərbaycanda müstəqil mətbuat yoxdur. Azərbaycanda insan hüquqları pozulub, boğulur. Azərbaycanda korrupsiyadan yazan jurnalistlər həbs edilirlər” və s. kimi ittihamlar səslənməkdədir”-deyən Elman Nəsirov bildirib ki, Azərbaycanda heç kim siyasi baxışına, əqidəsinə görə həbs edilməyib və edilə də bilməz, Azərbaycan demokratik inkişaf yolu ilə gedən dövlətdir. Deputat vurğulayıb ki, kim həbs edilibsə, konkret cinayət əməlinə görə həbs edilib. Elman Nəsirov qeyd edib ki, heç kim qanundan üstün ola bilməz.

“Bəzən bəli, belə hallar olur ki, cinayət yolunu tutmuş şəxs biləndə ki, onun bu yolu həbsxanaya aparır. O zaman o siyasi ritorikanı gücləndirir. Konkret cinayət əməlinə görə saxlanılarkən siyasi ritorikası ilə bağlı məsələləri ön plana çəkir ki, guya “mən filan sözləri dedim, ona görə də həbs edildim”. Xeyr! Belə ola bilməz. Bu, da siyasi hoqqabazlıqdır. Konkret cinayət əməlin var və ona görə də həbs edilmisən”-deyən Elman Nəsirov bildirib ki, “Human Rights Watch” təşkilatının bu gün Azərbaycan əleyhinə yaydığı hesabatlar Azərbaycanı təəccübləndirmir.

“Bu təşkilat hər zaman əldə alət olub və bütün antiAzərbaycan dairələri bu kimi təşkilatlardan, xüsusilə də "Human Rights Watch"təşkilatından eninə-uzununa istifadə ediblər. Bu gün də həmin ənənələrinə sadiqdirlər. Amma bu da heç nəyi dəyişmir. Azərbaycan güclü dövlətdir, öz demokratik inkişaf yolu ilə irəli getməkdədir”-deyə deputat əlavə edib.

Geri qayıt