İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda Pakistanın daxili işlər naziri Muhsin Nakvi ilə görüşündə Azərbaycanı tənqid etmək qərarına gəlib:
“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, amma eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Məsələn, Əl-Culani (Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şaraa nəzərdə tutulur – red.) ilə sionist rejim arasında vasitəçilik, həmçinin İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlər törətdiyi ən gərgin dövrdə bu rejimə neft ixracı buna misaldır.
Siz onlardan müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar niyə atdıqlarını soruşa bilərsiniz?”
Maraqlıdır, Xameneinin ətrafındakı “şahinlərdən” biri sayılan Vilayətinin bu cür çıxış nəyin göstəricisidir? Rəsmi Bakı bu irada hansısa formada cavab verməlidirmi? Yoxsa ümumiyyətlə reaksiya verməmək daha doğrudur?
Məsələ ilə bağlı Pressklub.az-a danışan müstəqil politoloq Xaqani Cəfərli hesab edir ki, hazırkı İran Azərbaycanı tənqid edə biləcək sonuncu dövlətdir.
“Görünən odur ki, İran artıq Azərbaycanı təkbaşına tənqid etmək iqtidarında deyil, ona görə də bu dəfə Pakistandan istifadə etməyə çalışır. Məlumdur ki, Pakistan İsraili tanımır və yəhudi dövləti ilə əlaqələrin əleyhinə çıxır. İran isə indi Pakistanın bu “zəif damarından” tutaraq istifadə etməyə çalışır.
İstisna deyil ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana, xüsusilə də Xankəndiyə yüksək səviyyəli səfəri bu ölkədəki mühafizəkar dairələri narahat edib. Məlum olduğu kimi, İranda siyasi mübarizə kəskinləşib. Mümkündür ki, Xameneiyə yaxın çevrələr Məsud Pezeşkianla Azərbaycanın prezidenti İlham Əliyev arasında yüksək səviyyəli münasibətlərin həmin mübarizədə onların əleyhinə işləyə biləcəyindən ehtiyat edirlər” – ekspert bildirir.
Politoloq xatırladır ki, Azərbaycanın prezidentinin Türkiyə ilə İsrail, Suriya ilə İsrail arasında vasitəçiliyi, eləcə də Tramp administrasiyasının rəsmi Bakı ilə münasibətlərə verdiyi önəm ciddi siyasi amil kimi qəbul olunmalıdır.
“Mən Vilayətinin bu çıxışına rəsmi cavab verilməsini düzgün hesab etmirəm. Azərbaycan heç kimin qarşısında məsuliyyət daşımır və daşımamalıdır. Azərbaycan hökuməti dövlətin və xalqın maraqlarını təmin edən siyasətə görə yalnız Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır. Pakistan bizim dostumuz və müttəfiqimiz olsa da, İsrail də Azərbaycanın dostu və müttəfiqidir. Biz Pakistanla dostluğa görə İsrail qarşısında cavabdehlik daşımadığımız kimi, İsraillə münasibətlərimizə görə Pakistan və ya hər hansı başqa bir dövlət qarşısında da cavabdeh deyilik. Rəsmi Bakının bu cür mövqeyi Azərbaycana olan hörməti daha da artırır. İranın teokratik rejiminə gəlincə, hakimiyyətdə sayılı günləri qalan bu rejimin təmsilçilərinə diqqət ayırmaq sadəcə vaxt itkisidir”, –Cəfərli fikrini yekunlaşdırıb.