Əsas Səhifə > Gündəm, Manşet > “Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...

“Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...


10-02-2016, 08:31
“Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...
“Nort Vest Konstrakşn” MMC bir neçə şirkətlərlə müqavilə bağlayır, sonradan onlarla birtərəfli müqaviləyə xitam verir. Bu barədə Qafqaz Xəbər Agentliyinə “Nort Vest Konstrakşn” şirkətinin Lökbatanda həyata keçirdiyi “Lokbatan Distribution Centre” layihəsinin işçilərini qida məhsulu ilə təmin edən “Qafqaz Ət” MMC-dən bildiriblər. Şirkətdən Qafqaznews.az-a bildirilib ki, “Nort Vest Konstrakşn” şirkəti ilə 2015-ci il dekabrın 19-da bir illik müqavilə bağlanıb.

Ancaq üstündən bir ay keçəndən sonra, müqavilə “Nort Vest Konstrakşn” tərəfindən birtərəfli şəkildə ləğv olunub. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “Nort Vest Konstrakşn” şirkətinin baş direktoru İbrahim Manaflıdır. Bu şirkət demək olar ki, ölkənin bir çox bölgələrində və paytaxt Bakıda iri layihələr çərçivəsində tikinti işləri ilə məşğul olur. İddiaçı olan şirkət “Nort Vest Konstrakşn” şirkətini və onun rəhbərini şəxsən məhkəməyə verməyə hazırlaşır. Çünki “Nort Vest Konstrakşn” şirkətinin rəhbəri özü bu şirkəti tenderə dəvət edib və sonradan birtərəfli müqaviləni pozublar.

Şikayət edən tərəf bildirib ki, müqavilə şərtlərindən biri müqaviləni pozmazdan ən gec 1 ay əvvəl xəbərdarlıq etmək olsa da, bu şərt kobud surətdə pozulub. “Qafqaz Ət” MMC-nin “Nort Vest Konstrakşn” MMC-yə göndərdiyi 6 fevral 2015-ci il tarixli irad məktubunda bildirilir ki, müqavilə əsasında şirkət böyük həcmli xidmət göstərmək üçün lazımi avadanlıqlar, qab-qacaq alıb, xidməti personal işə götürüb və ən az 1 aylıq ərzaq alaraq depolayıb.

Lakin müqavilənin birtərəfli xitamı nəticəsində “Qafqaz Ət”ə 12 min 29 manat həcmində zərər dəyib. Beləliklə, “Qafqaz Ət” şirkəti “Nort Vest Konstrakşn” MMC-dən bu məbləğin ödənilməsini tələb edib. Məsələ ilə bağlı İbrahim Manaflının mövqeyini öyrənməyə çalışdıq. İbrahim Manaflının köməkçisi Təranə xanıma məsələni izah elədik, lakin o, bu barədə rəhbərliyə məlumat verəcəyini, sonra isə bizimlə əlaqə yaradacağını bildirərək dəstəyi asdı. Sonrakı saatlar ərzində isə nə İbrahim müəllimdən, nə Təranə xanımdan, nə də digər şirkət rəsmisindən xəbər olmadı. Daha sonra, layihə rəhbəri Halil Akyüz ilə əlaqə saxladıq, lakin Halil bəy bizimlə danışmaq istəmədi. Günün sonunda “Qafqaz Ət”dən bizə məlumat daxil oldu ki, “Nort Vest Konstrakşn” MMC müqaviləni yenidən1 bərpa edib və müqavilənin dayandırılmasını işlərə fasilə verilməsi ilə əlaqələndirib. “Bildiriblər ki, müqaviləyə 1 ay sonra – martın 9-da xitam veriləcək.

Lakin müqavilə dayandırılan zaman xidmət 50 nəfərə göstərilirdi, indi isə bizdən 11 nəfər üçün yemək istəyirlər. Görünür ki, müqavilənin müvəqqəti bərpası sırf 12029 manat tələbinə görə olub, lakin müqavilənin bu şəkildə bərpası və qida təminatı xidməti zamanı hər hansı təxribatların olması ehtimalı bizi narahat edir”, – deyə şirkət nümayəndəsi bildirib. “Qafqaz Ət” MMC-dən verilən məlumatda qeyd olunur ki, şirkət rəhbərliyi hər hansı təxribat hallarının olması ehtimalını nəzərə alaraq, mətbuat vasitəsi ilə ictimaiyyətə xəbərdarlıq edir.

“Biz xidməti bərpa edirik, amma indidən xəbərdarlıq etmək borcumuzdur. Hər hansı təxribat və ya “cəzalandırma” xarakterli bir addım atılacağı halda, cəmiyyətimizdən dəstək gözləyirik. Həmçinin, canab prezident İlham Əliyevə də müraciət edirik ki, özünü “tikinti nəhəngi” adlandıran bəzi şirkətlərin digərlərini əzməsinə, sahibkarların hüquqlarının pozulmasına yol verməsin”, – deyə şirkətdən Qafqaznews.az-a bildiriblər. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

“Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...
“Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...
“Nort Vest Konstrakşn” sahibkarlara necə problem yaradır...

Geri qayıt