Əsas Səhifə > Gündəm, Manşet > Ağstafa 5 saylı cəzaçəkmə müəssisəsi niyə didərgin düşüb?

Ağstafa 5 saylı cəzaçəkmə müəssisəsi niyə didərgin düşüb?


11-01-2016, 08:22
Ağstafa 5 saylı cəzaçəkmə müəssisəsi niyə didərgin düşüb?
DİA.AZ: - Belə bir sual nəinki 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşlarını, eyni zamanda məcburi əmək cəzalığında olan vətəndaşların ailələrini də sual altında qoyub. Belə ki, həmin müəssisənin yeri-yurdu dədə-babadan Ağstafa rayonu ərazisində olmaqla, sovet dönəmində tikilişi başa çatmayan “toxuculuq kombinatı” olmuşdur. Burada cəzaçəkənlər üçün hər cür şərait yaradılaraq müəssisə qənaətbəxş şəkildə işləmişdir. Səkkiz hektara yaxın torpaq sahəsi, yardımçı təsərrüfatı, yemək zalı, yataqxanası olan və sairə kimi qurulan lazımi şərait cəzaçəkənlər üçün bəs edirdi. Lakin günü bu gün də cəzaçəkmə müəssisələrinə təyin edilən rəislərin tamahı, korrupsiya və rüşvətxorluğa yuvarlanmaları onların yerinə “su” saldı. Yəni, 300-400-ə yaxın cəzaçəkən dusdaqların hər biri gözdən uzaq, könüldən qıraq şəklidə “cəza çəkərək” ayda rəisə 100 manatdan hesab verməli olurdular. Bunun sayəsində rəislərin az qala kül qabı da qızıldan olasıydı. Bu bir yana, yəni bu məsələ məntəqə tipli cəzaçəkmə müəssisələrində sağalmaz xəstəlikdir. Maraqlı isə möhürdə və verilən sənədlərdə Ağstafanın adı getməklə cəzaçəkmə müəssisəsinin Gəncədə fəaliyyət göstərməsidir.

Əvvəla, onu deyək ki, həmin müəssisənin Ağstafada, görünən bir yerdə fəaliyyəti el qınağına səbəb oldu. Dustaqları oldu-olmadı aylığa, özü də yaxşı rəqəmlə hesaba oturtmaq çoxlu səs-küyə, yazı-pozuya gətirib çıxardı. Ona görə təcili həmin müəssisə Gəncəyə, özü də müəssisənin yalnız əməkdaşlarının özlərinin zorla tapdığı bir yerə qanunsuz şəkildə köçürüldü. Hazırda həmin müəssisə Gəncədə, bir dalan yerdə 300 nəfər cəza çəkən dustaqlarla “iş birliy” qurub. Müəssisənin rəisi, polkovnik-leytenant Zahid Hüseynov ondan əvvəlki rəislərin yolunu əməlli-başlı davam etdirir. Hər dustaqdan ayın başı alınan 100 manatın hansı hesaba daxil olmasını yalnılz rəisin özü bilir. Şəraitə gəldikdə isə, müəssisədə ancaq yatacaq çatışır. Guya yemək də verilir. Lakin yeməkxanadan əsər-əlamət yoxdur. Dustaqlar qanunamüvafiq olaraq guya hər axşam “razvoda” gəlməlidirlər. Hər ayın başı isə “razvoda” əslən qazaxlı olan müəssisənin dəstə rəhbəri, pul yığan gəlir.

Cəzaçəkmə müəssisəsinin təsərrüfatı Ağstafada fəaliyyət göstərir. Guya çoxlu sayda xırda və iri buynuzlu heyvanı olan təsərrüfat müəssisənin büdcəsinə fayda gətirir. Təəssüflər olsun ki, xeyiri görən yalnız müəssisənin rəisi Zahid Hüseynovdur. Qeyd etdiyimiz kimi müəssisə Ağstafanın balansındadır. Burada çalışanların zabit və sıravi heyyətin 90 faizi Ağsatafa və Qazaxdandır. Hamısı da ailəli, hətta nəvə sahibidirlər. Onlar hər işdən çıxanda Gəncədən Qazaxa olan 110 km məsafəni qət etməli olurlar. Görəsən, cəzaçəkənlərin üstündə nəzarət edən bu insanlara bu cür “cəza” növünü kimlər tətbiq edib?

Onu da demək yerinə düşər ki, Gəncədən Qazaxa qədər olan yolu işdən çıxarkən evlərinə qayıdanda müəssisənin əməkdaşları Rövşən və İlqar adlı penitensiar xidmətinin əməkdaşları müxtəlif tarixlərdə qəzaya düşərək dünyasını dəyişiblər.

Məkanı Ağstafada, lakin qanunsuz olaraq Gəncədə fəaliyyət göstərən müəssisə haqqında düşünməyin zamanı çoxdan keçib. Axı, necə ola bilər ki, qanunlarımızdan danışa-danışa qanunsuzluğa yol verək? Zahid Hüseynovun cəzaçəkmə müəssisəsində yaratdığı özəl qanunların başında kimlər durur?

Mövzunu diqqətdə saxlayacağıq

İlham Hacalı – DİA.AZ

Geri qayıt