Əsas Səhifə > Gündəm, Manşet > Bəzi nazirlərə və komitə sədrlərinə “2016 şoku”

Bəzi nazirlərə və komitə sədrlərinə “2016 şoku”


19-12-2015, 14:27
Bəzi nazirlərə və komitə sədrlərinə “2016 şoku”
Bir neçə gün əvvəl gözlənilməz şəkildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi. Belə ki, ölkə başçısının sərəncamı ilə ölkədə “xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” MTN-in əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Qeyd edək ki, MTN son 20 ildə tarixin arxivinə göndərilən ilk nazirlik deyil. Bunadək daha bir neçə nazirlik oxşar taleyi yaşamalı olub.
Belə nazirliklərdən biri Xarici İqtisadi Əlaqələr Nazirliyidir. Bu nazirlik 2 iyun 1992-ci ildə o vaxt Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovet sədri İsa Qəmbərin sərəncamı ilə yaradılmışdı.
“Xarici iqtisadi fəaliyyət sahəsində idarəetmə sistemini təkmilləşdirmək, dövlət nəzarətini gücləndirmək və Azərbaycan Respublikasının mənafeyini təmin etmək məqsədi ilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” imzalanan qərarda Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Xarici İqtisadi Əlaqələr Komitəsinin bazasında Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin yaradıldığı bildirilirdi.
Amma bir müddət sonra həmin nazirlik ləğv olundu.
Maraq üçün deyək ki, bir zamanlar həmin nazirliyə rəhbərlik etmiş Nicat Quliyev hazırda həbsdədir. Quliyev 1993-1995-ci illərdə bu quruma rəhbərlik edib. Sonra Acarıstana gedib və 2004-cü ilədək orda prezident Aslan Abaşodzenin müşaviri kimi çalışıb. Bundan sonra Azərbaycana qayıdıb və Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. O, ilk dəfə 2005-ci il oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü.
Onu ikinci dəfə 2013-cü ildə həbs ediblər.
YAP hakimiyyəti dövründə həm təşkil, həm də ləğv edilən Dövlət Əmlakı Nazirliyi isə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1999-cu il 24 dekabr tarixli 229 nömrəli Fərmanı ilə yaradılmışdı.
Nazirlik Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi, idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində dövlət siyasətinin, dövlət mülkiyyətinin özəlləşdirilməsinin, dövlət əmlakının idarə edilməsinin və onun barəsində sərəncam verilməsinin, dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanmasını, habelə sağlamlaşdırılması və özəlləşdirmədən sonra dirçəldilməsi üçün müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı hesab olunurdu.
Bu nazirliyin ömrü cəmi iki il çəkmiş və 2011-ci ildə ləğv edilmişdi.
Adı artıq tarixə qovuşmuş daha bir nazirlik - Ticarət Nazirliyi 1997-ci ildə yaradılmışdı. Onun ömrü də az - cəmi 4 il çəkmiş və 2001-ci ildə ləğv edilmişdi.
Ticarət Nazirliyi Azərbaycan Respublikasında daxili va xarici ticarət sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini, beynəlxalq ticarət təşkilatları ilə əlaqələrin tənzimlənməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı funksiyasını yerinə yetirirdi.
2001-ci ildə ləğv edilən başqa bir nazirlik isə İqtisadiyyat Nazirliyi idi.
Yuxarıda haqqında danışdığımız üç nazirliyin - Dövlət Əmlakı, Ticarət və İqtisadiyyat nazirliklərinin ləğv edilməsindən sonra onların əsasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdı. Hazırda həmin nazirlik İqtisadiyyat və Sənaye Nazirliyi adlanır.
Son 20 ildə ləğv edilən nazirliklərdən biri də Mətbuat və İnformasiya Nazirliyidir. 14 il öncə ləğv olunan və müxtəlif dövrlərdə Sirus Təbrizli, Sabir Rüstəmxanlı kimi tanınmış simaların rəhbərlik etdiyi bu nazirliyin funksiyası də kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət idi.
“Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi haqqında” 2001-ci il 19 aprel tarixli prezident fərmanında bu qərar “dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” izah olunurdu.
Onu da deyək ki, gələn il bir neçə dövlət qurumunun ləğvi gözləniləndir. İddialara görə, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir.
Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi də proqnozlaşdırılandır.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Diasporla iş üzrə Dövlət Komitəsinin ləğvi də təəccüb doğurmayacaq.
Ekspertlər iddia edirlər ki, hökumətdəki bu struktur islahatları təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək.

Geri qayıt