Əsas Səhifə > Gündəm, Manşet > Mehdiabadda yol adına rəzalət...
Mehdiabadda yol adına rəzalət...21-11-2015, 11:48 |
Abşeron rayonunun Mehdiabad qəsəbəsi daxilindən Digah yaşayış məntəqəsinə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Məhəmmədi kəndinə doğru uzanan avtomobil yolunun vəziyyəti həmin ərazidə yaşayan vətəndaşlarda, eyni zamanda bu yol ilə hərəkət edən sürücülərdə narahatlıq doğurmaqdadır. Yağışlı havalarda asfalt yol, eləcə də bu yolun hər iki tərəfi piyadalar və sürücülər üçün böyük maneəyə çevrilir. Piyada səkisinin olmaması səbəbindən yağış yağan kimi, asfalt örtüyün kənarındakı torpaq yol əsl palçıq bataqlığı xatırladır. Piyadalar yağışlı havada ya bu palçığa bata-bata hərəkətini davam etdirməli, ya da üst-başının, ayaqqabısının palçıq olmaması üçün avtomobil yoluna çıxaraq hərəkətlərini davam etdirməlidirlər. Belədə də həm vətəndaşların, həm də sürücülərin həyatı üçün böyük təhlükə yaranır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2 il bundan öncə həmin yolun kənarı boyu su-kanalizasiya xətlərini çəkməsi, bu zaman asfalt örtüyünün enindən bəzi hissələri də qazması, işi sona çatdırandan sonra bərpa işini arzu edilən səviyyədə aparmaması isə avtomobil yolunun ensizləşməsi ilə nəticələnib. Bu da palçığa batmamaq üçün asfalt yolun kənarı ilə hərəkət edən piyadaların həyatına təhlükəni bir qədər də artırıb. Yolboyu işıqlandırma sisteminin olmaması gecə saatlarında sözügedən ərazidə vəziyyəti daha da acınacaqlı edir. Əvvəla ona görə ki, yağıntılı havada həm sürücülər, həm də piyadalar üçün onsuz da görüntü məhdudiyyəti yaranır. Bunun üzərinə bir də yoldakı şəraitsizliyi gəlsək, insanların necə bir təhlükə ilə üz-üzə qaldıqlarını aydın təsəvvür etmək olar. Məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarının münasibətini öyrənmək, problemi onların da diqqətinə çatdırmaq üçün əvvəlcə ərazidə vaxtilə su-kanalizasiya xətlərinin çəkilişini həyata keçirən “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Kaspi”yə bildirildi ki, “Azərsu” həmin avtomobil yolunda asfalt kəsintisi etməyib. Su-kanalizasiya xətti çəkilərkən yalnız bir yerdə asfalt qazıntısı aparılıb və iş başa çatdıqdan sonra bərpa edilib. “Azərsu” rəsmisi sözügedən yolun sağ və sol hissəsində yalnız torpaq ərazini qazdıqlarını iddia etdi. Avtomobil yolunun kənarı boyunca işıqlandırma sisteminin bu günə qədər qurulmadığına münasibət bildirən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təmsil etdiyi qurumun küçə və yolboyu işıqlandırma sistemini qurmağa cavabdeh olmadığını söylədi. Qeyd etdi ki, Abşeron ərazisi digər rayon və şəhərlər kimi, “Azərişıq”ın istehlakçısıdır. Sözügedən problemə görə cavabdeh orqan Abşeron Rayon İcra Hakimiyyətidir. Mehdiabad-Digah yolu kənarında piyada səkisinin olmaması, asfalt örtüyün qazılması ilə bağlı sorğumuzu cavablandıran “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, əgər hər hansı bir şirkət yolu – asfalt örtüyü qazırsa, onun bərpasını da həmin qurum həyata keçirməlidir. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hansısa şirkət qazdığı asfalt yolun bərpasını özü aparmaq istəmirsə, “Azəryolservis”lə müqavilə imzalamalıdır. Bu müqaviləyə əsasən də qazıntı işləri sona çatandan sonra “Azəryolservis” həmin ərazidə bərpa işlərini görməlidir: “Əfsuslar olsun ki, iki il bundan əvvəl Mehdiabad-Digah yolunda asfalt örtüyünün qazılmasından öncə və sonra “Azərsu”, eləcə də podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Ona görə də bərpa işlərini görmək “Azərsu”nun üzərinə düşür. Ümumiyyətlə, bəzi şirkət və qurumlar asfalt örtüyü qazıb hər hansı iş görəndən sonra ərazidə təmir-bərpa işlərini əvvəlki səviyyədə həyata keçirmirlər. Necə gəldi, başdan sovdu təmir işi aparıb gedirlər. Bu isə asfalt örtüyün tezliklə sıradan çıxması, vətəndaşların, eləcə də sürücülərin narazılığı ilə müşayiət olunur. Sonda məcburiyyət qarşısında qalan “Azəryolservis” həmin ərazidə ikinci dəfə asfaltlama, bərpa işləri aparır”. A.Nəcəfli onu da əlavə etdi ki, Mehdiabad-Digah yolu uzun illər bundan öncə çəkilib və o zamanın standartları, texniki şərtləri, tələbatı nəzərə alınıb: “Vaxtilə həmin ərazi düzənlikdən, üzüm bağlarından ibarət idi. Ətrafda yaşayış məntəqəsi yox idi. Bu səbəbdən piyada səkisi, işıqlandırma sistemi və sair nəzərə alınmayıb. Amma indi bu ərazidə yaşayış məhəllələri, küçələr salınıb, çoxsaylı evlər tikilib. Bu isə yeni tələbatlar yaradıb. Ona görə də indi həmin yol müasir standartlara cavab vermir və oranın yenidən bərpasına, səkilərin qurulmasına ehtiyac var. Təkcə Bakı şəhərində deyil, ətraf rayon, şəhər, qəsəbə və kəndlərdə də “Azəryolservis”in balansında olan yollar zamanla yenidən qurulur, təmir olunur. Təmir-bərpa işləri aparılacaq, yenidən salınacaq bütün yolların siyahısı bizdə var. Mehdiabad-Digah yolu da bu siyahıya daxildir. Hissə-hissə həmin yollarda bütün zəruri işlər görüləcək”. Mövzu ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Problemi dinləyəndən sonra Abşeron RİH başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsi Bayram İbrahimovla danışmağı tövsiyə etdilər. B.İbrahimovun əlaqə telefon nömrəsini alıb, bir neçə cəhddən sonra onunla danışa bildik. B.İbrahimov problemi dinlədi və qısaca olaraq bildirdi ki, həmin yolda heç bir qazıntı işləri aparılmayıb. Bu cavabdan sonra biz yalnız sözügedən ərazidəki mövcud vəziyyəti əks etdirən şəkilləri təqdim edir və nəticə çıxarmağı oxucuların öhdəsinə buraxırıq... \\kaspi.az\\ Geri qayıt |