Əsas Səhifə > Gündəm, Manşet > Balakən Suvarma Sistemləri İdarəsində “klassik” maxinasiyalar
Balakən Suvarma Sistemləri İdarəsində “klassik” maxinasiyalar7-11-2015, 13:55 |
Redaksiyamıza yeni daxil olan şikayət məktublarında Balakən Suvarma Sistemləri İdarəsinin qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir. Qeyd etməliyik ki, bu idarənin balansında olan 6823 hektar suvarma sahəsinin 2830 hektarı əkin, 2201 hektarı həyətyanı, 1792 hektarı isə çoxilliklər təşkil edir. İdarə rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Bu yönümdə idarə suvarılan əraziləri su ilə təmin etməli, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməlidir. Balakən rayonunun iqlimi daha çox məhz yağmurlu olduğundan və rayonun özü də əsasən dağlıq ərazidə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi, daş-beton bəndlərin inşası da bu idarənin başlıca vəzifələrindəndir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin aldığımız məlumatlara görə, texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində də onların köməyinə bel bağlamaq olmur. Məlumdur ki, Balakən rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən də rayon iqtisadiyyatının inkişafı üçün Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Belə ki, açıqlamalara görə, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Daha sonra məlumatlarda vurğulanır ki, rəhbərlik öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından, idarənin resurslarından şəxsi məqsədlərlə istifadə edir, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır. Qeyd olunur ki, Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman çox yayılmış “klassik” sxemdən istifadə olunur. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Digər tərəfdən isə idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da eyni üsulla nağdlaşdırılaraq mənimsənilir. Bundan başqa daxil olan məlumatda bildirilir ki, Balakən Suvarma Sistemləri İdarəsinin balansında olan texnikalar, traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, rəhbərlik həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya görə gündə 100-150 manat icarə haqqı alır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |