Əsas Səhifə > Gündəm, Manşet > «Sən məni nə tanıyırsan ki, mənə güvənirsən?»
«Sən məni nə tanıyırsan ki, mənə güvənirsən?»2-10-2015, 08:12 |
İnsan həyatının bəzi dönəmlərində dönüb keçdiyi yollara baxır və özünə hesabat verir, “Mən nə üçün yaşayıram?”, “Həyatda nə əldə edə bildim?” kimi suallara cavab tapmağa çalışır. Qeyd edim ki, mən – Orucova Şərqiyyə Ziyad qızı 6 sentyabr 1975-ci ildə ziyalı ailəsində anadan olmuşam. Bu il həyatımın 40-cı ildönümündə mən də bir həyat hesabatı hazırlamağa qərar verdim: ali təhsilli müəlliməyəm, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm, bir kitab müəllifiyəm. Jurnalistikaya ta uşaqlıqdan olan böyük həvəsim və sonsuz sevgim heç azalmadı, amma ixtisasca biologiya müəlliməsiyəm və sənətimə, peşəmə xüsusi sayqım və hörmətim var, müəllim adı mənimçün ən ülvi addır və 12 illik iş təcrübəmdə bu adı həmişə uca tutdum, bu ada layiq olmağa çalışdım. Şagirdlərim üçün təkcə fənn müəllimi deyil, həm də həyat müəllimi olmağa çalışdım, bir ziyalı kimi onları düzgün yola yönləndirmək üçün əlimdən gələni əsirgəmədim. Ailə qurub Bakıya köçəndən sonra bir müddət özəl kurslarda dərs desəm də, məktəb abu-havası, oradakı kollektivçilik və münasibətlər üçün həmişə bir özləm hiss etdim. Elə bu duyğularla da 2015-ci ildə Təhsil Nazirliyinin ənənəvi “Müəllimlərin işə qəbulu” imtahanlarında iştirak etdim və Qobustan rayonu Təsi kəndinə müəllimə təyin edildim. Nə kəndin ucqar bir kənd olması, nə yolların bərbadlığı, nə dərs yükünün azlığı (9 illik məktəbdə 8 saat dərs yükü) mənim çalışmaq əzmimi, yenidən şagirdlərlə işləmək istəyimi kölgələyə bilmədi. Elə ilk görüşdəncə istər Qobustan rayon Təhsil Şöbəsində inspektorlar tərəfindən, istərsə də Təsi kənd məktəbində direktor tərəfindən mənə ancaq bu fikirləri aşılamağa çalışdılar ki, yol uzaqdır, bərbaddır, qışda, ümumiyyətlə, keçilməzdir, kənddə ən vacib yaşayış şərtləri belə yoxdur (içməli su, qaz, telefon, çörək mağazası, ət dükanı)... Mən isə qətiyyətlə bildirdim ki, kənddə kirayə ev tutacağam, həftədə 2 gün burada qalacağam və dərslərimi aparacağam (Dərs yükünün az olması, həmin kənddə müəllim işləyəcək adamlara nəzərdə tutulan H2-həvəsləndirmə ödənişlərinin mənə şamil olunmaması mənim orada davamlı yaşamağıma mane olduğundan mən dərslərə həftədə 1 gün kəndə gəlib, 2 gün qalmaqla davam etməyi qərara aldım və başqa cür mümkün də deyildi). Hətta bu şərtlər daxilində çalışmağa razılaşmağım belə özü-özlüyündə əslində fədakarlıq idi və heç bir maddi gəlir güdülmürdü bu işdə. Baxın: 8 saat dərs + 2 saat (fakültətiv dərs) = 10 saat x 12 AZN = 120AZN. Yol pulu – min.10 AZN x 4 həftə = 40 AZN + ev kirayəsi ~ 50 AZN = 90 AZN. Demək mən alacağım 120 manatın hər ay azı 90 manatını yola və ev kirayəsinə sərf edəcəkdim. Hiss edirdim ki, mənim bütün bu problemləri sakitliklə qəbul etməyim mənim bu gəlməyimə mane olmaq istəyənlərdə böyük təəccüb doğurur. Xüsusilə direktor Telman Mustafayev və Təhsil Şöbəsinin inspektoru Cahid müəllim (soyadını xatırlamıram) “Bu iş alınmayacaq! Siz işləyə bilməyəcəksiniz!” – deyə hər vəchlə məni ruhdan salmağa çalışırdılar. Mənim bu rayonda yaşayış yerimin olmadığını bildikləri halda, sentyabrın 1-dən 15-dək mütəmadi olaraq işdə olmağı məndən tələb etdikləri zaman mən Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyevə müraciə etdim və o, mənə bildirdi ki, bu 15 gün üçün mənə şəxsən özü icazə verir. Füzuli müəllim mənə deyəndə ki, “Bizim sizin kimi müəllimlərə çox ehtiyacımız var. Narahat olmayın, nə probleminiz olsa, mənə deyərsiniz”. Elə bildim ki, həqiqətən arxamda bir böyük qardaş, bir ata dayanıb və o, imkan verməz ki, məni bu işdən imtina etməyə məcbur etsinlər. Amma nə dərəcədə yanıldığımı və buna nə qədər ürəkdən təəssüf etdiyimi bir Allah bilir... Məsələ gəlib çatanda dərs cədvəlinin tərtib olunmasına, mən direktordan xahiş etdim ki, vəziyyəti nəzərə alsın, dərslərimi ardıcıl olaraq 2 günə salsın. O, etiraz etmədiyini bildirdi, bu işə yeganə maneə olaraq inspektor Cahid müəllimi göstərdi. Mənim Cahid müəllimlə görüşməyim də heç bir nəticə vermədi. Cahid müəllim bu işi az qala beynəlxalq bir sferaya çıxararaq, «dövlət çevrilişinə cəhd» qədər ciddi bir təpki göstərdi. Onun sözləri indi də məni düşündürür: “Siz xalqın balalarını daha da kor edərsiniz! O kənddə onsuz da nəticələr sıfırdır, siz isə daha da betər edəcəksiniz!” Mən o adamı heç cür inandıra bilmədim ki, heç ola bilməz, ixtisaslı müəllim qeyri-ixtisas müəllimindən daha pis nəticələr əldə etsin. Xahiş etdim ki, mənə yarım il şans verin, sonra nəticə tələb edin. Olmadı. Böyük inam və ümidlə Təhsil Şöbə müdirinin yanına getdim, vəziyyəti anlatmağa çalışdım. O isə Cahid müəllimi dəvət etdi və ona “Sənə tam səlahiyyət verirəm, qərarı sən ver!” dedi. O da mənə dediklərini eynən təkrarladı və qəti etirazını bildirdi. Mən “Füzuli müəllim, mən sizə güvənirdim. Elə bilirdim siz bir böyüklük edərsiniz, mənim problemim həll olunar. Axı bu elə qlobal bir məsələ deyil!” - deyəndə aldığım cavab məni güllə kimi tutdu: “Sən məni nə tanıyırsan ki, mənə güvənirsən? Mən işçilərimin dediklərindən kənara çıxa bilmərəm!” Doğrudan da mən bu adama niyə inanmışdım axı?.. Yadıma bizim rayonun Təhsil Şöbəsinin müdiri rəhmətlik Maqsud Hacıyev, 1997-ci ildə təyinatla ona müraciət etməyim, onun universiteti yenicə bitirmiş bir gənc müəlliməyə necə ürəklə yanaşması, təntənə ilə əmrimi verərək qəsəbəmizə yola salması düşdü. Demək, Təhsil Şöbəsi müdirini bir ata qədər sevmək və ona arxalanmaq məndə o zamandan qalan bir duyğu idi. Unutmuşam ki, “Hər oxuyan Molla Pənah Vaqif olmaz!” Bir təhər özümü ələ alaraq sənədlərimi geri verməyi xahiş etdim. Yenə də ümidim var idi ki, bəlkə mənə bir şans verdilər, amma “Gedirsən, yaxşı yol!” – dedi mənə Füzuli müəllim. Dəhlizdə yenə direktora müraciət etdim ki, “Telman müəllim, yəni bu, heç cür düzələcək dərd deyilmi? Axı əslində dərs cədvəli direktorun və dərs hissə müdirinin səlahiyyətindədir, inspektorluq burada nə var ki?” O isə dedi ki, “Mən Cahid müəllimin fikrinə zidd gedə bilmərəm!” Son sözüm isə Cahidə oldu: “Axı siz niyə belə cidd-cəhdlə ixtisas müəlliminin o kəndə getməsinə mane olursunuz? Belə olan halda, biologiya dərslərini yenə də coğrafiya müəllimi aparacaq. O isə sizin yox, direktorun əmisidir, amma siz ondan betər canfəşanlıq edirsiniz!” Onun cavabı məndə elə bir ikrah hissi doğurdu ki, sözlə ifadə etmək mümkün deyil: “Müəllimə, mən indi sizdən eşidirəm ki, coğrafiya müəllimi direktorun əmisidir, bilmirdim”. Bir anlıq fikirləşdim ki, heç bir xəcalət hissi keçirmədən bu dərəcədə ağ yalan danışmağı bacaran adamlardan nə qədər uzaq olsam, o qədər yaxşıdır. Necə ola bilərdi ki, cəmi 1 dəfə Təsidə, 3 dəfə Qobustanda olduğum halda, mən bilirəm ki, o məktəbin müəllimlərinin əksəriyyəti direktorun qohum-əqrəbalarıdır, dərs yüklərinin yetərincə olması üçün yeni gələn müəllimləri hər vəcdlə təyinatından imtina etməyə vadar edərək, 1 müəllim 3-4 fənni tədris edir (məsələn, coğrafiya, təbiətşünaslıq, biologiya, kimya fənnləri direktorun əmisinindir), həmin məktəbə təhkim olunan inspektor bunu bilmir? Əlqərəz, sənədlərimi də götürüb kor-peşman qayıtdım şəhərə. Gücüm ona çatdı ki, Təhsil Nazirliyinə gedərək bir imtina ərizəsi yazdım və mümkün qədər vəziyyəti aydın şəkildə açıqlamağa çalışdım ki, mənim haqqımda “Qorxdu! Kənddə işləyə bilmədi!” kimi fikirlər formalaşmasın. Mən çətinlikdən qorxan adam deyiləm. Və bu işə də çox ehtiyacım vardı. Amma mənim dirəncimin də bir həddi vardı və Qobustan Təhsil Şöbəsinin əməkdaşları bu dirənci 2 aylıq gərgin mübarizədən sonra qıra bildilər. Şərqiyyə Ziyadqızı-tezadlar.az Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |