Əsas Səhifə > Gündəm, Manşet > Onun üçün hansı kürsü daha rahatdır: Deputatlıq, yoxsa rektorluq...
Onun üçün hansı kürsü daha rahatdır: Deputatlıq, yoxsa rektorluq...17-09-2015, 08:25 |
DİA.AZ: - YAP-ın namizədlər siyahısı açıqlanandan sonra siyasi arenadakı vəziyyət gözlənilənə uyğun olaraq qaynar məcraya yön aldı. Adları siyahıya yeni salanlar araşdırıldı, adları siyahıda yer almayanların "vurulması" xəbərləri bir-birinin ardına düzüldü. Burada ən maraqlı olanı isə deputat-rektorların aqibəti idi. DİA.AZ bildirir ki, bundan da maraqlı olanı isə hələ də seçimini qətiləşdirməmiş kimi görünən Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun durumudur. Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlama verərək həm rektor, həm də deputatlıq səlahiyyətləri daşıyan şəxslərin qarşısında seçim qoyulduğunu bildirib. Tibb Univeristetindən xəbər verən mənbənin məlumatına görə, rektor Əhliman Əmiraslanov hələ ki, işinin başındadır. O, seçkiləri gözləyir və seçkilərə qatılaraq qalib gələcəyi halda univeristetdəki vəzifəsini tərk edəcək. Ondan fərqli olaraq isə Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının qərarı qətidir. Onlar rektor kürsüsündən imtina etməyə hazırdırlar. Eləcə də adı YAP-ın siyahısında yer alan Azərbaycan Dövlət Dillər Univeristetinin rektoru Səməd Seyidov da mandatı seçib. Əslində onların hər üçünün nədən bu qərarı verdikləri aydındır. DİA.AZ bildirir ki, konkret olaraq hər üç rektor ciddi dairələrin hədəfində olduqlarından onlar üçün mandat səlində sonrakı dönəmdə sığınacaqları tək ünvandır. Məsələn Aqiyə Naxçıvanlı artıq "vurulmuş" bir fiqurdur və deputat mandatı ona göydəndüşmə fürsətdir. Eləcə də hələ Bakıda keçirilən Avropa Oyunları zamanı belə gözə görünməyən Ağacan Əbiyevin belə bir mühüm idman tədbirindən kənarda tutulduğu ərəfədə Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru postunda dəyişikliyin olacağı şəkksiz idi. Səməd Seyidova gəlincə isə, bir ara onun həbs olunacağı xəbəri belə gündəmi məşğul etməkdə idi və ictimaiyyət hələ də Dillər Universitetindəki böyük maliyyə maxinasiyalarında rektorun hansı səviyyədə iştirakçı olmasını çözüb başa çatdıra bilməyib. Yəni, deməli, Səməd müəllim üçün mandat təkcə özünürealizə yox, həm də özünüqoruma vasitəsi əhəmiyyətindədir. Xatırladaq ki, adları çəkilən rektorlar aşağıdakı dairələrdən namizəddirlər: 1. Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev - 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəddir; 2. Azərbacan Dillər Universitetinin rektoru Səməd Seyidov - 36 saylı Xətai dördüncü seçki dairəsindən namizəddir; 3. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov - 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizəddir; 4. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəddir. Gələk Əhliman müəllimin məsələsinə. Görünəni odur ki, digər hər üç rektordan fərqli olaraq Tibb Universitetində vəziyyəti normal olan rektor-deputatı mandata doğru yolda həvəsləndirən yeganə vasitə yalnız və yalnız "yuxarıların" təhriki ola bilər. Və həm də görünəni odur ki, Əhliman müəllim Tibb Universiteti seçimini sona qədər müdafiə etməyə çalışır... Geri qayıt |