Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıt səhiyyəsinə cərrahi müdaxilə zərurəti...
Sumqayıt səhiyyəsinə cərrahi müdaxilə zərurəti...26-08-2015, 09:20 |
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində yenidən həkim etinasızlığından və səhiyyə sahəsində müşahidə olunan korrupsiya hallarının acı təzahürlərindən bəhs edilir. Sumqayıt şəhər sakini Əliyev Camal Həşim oğlu tərəfindən təqdim olunmuş ərizədə Sumqayıt şəhər 1 saylı uşaq poliklinikasının baş həkimi Ülviyyə Müzəffərova və Şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyev ciddi qanun pozuntularında ittiham olunurlar. Ərizədə deyilir: “Oğlum Əliyev Sadiq, 2001-ci təvəllüdlü, anadan gəlmə serebral iflic, epilepsiya yataq xəstəsidir. Dövlət tərəfindən imtiyazlı pulsuz ekkopat xrono dərmanı ilə təmin olunurdu. Lakin 2014-cü ildən dərmanların verilməsində mütəmadi problemlər yarandı. Həkimə deyəndə ki, dərmanlar çatmır, dedi ki, mənə belə göstəriş veriblər və məsləhət gördü ki, dərmanların çatmayan hissəsini (demək olar il ərzində 5-6 dəfə) gedin aptekdən borc götürün, resepti aparanda çıxsınlar. Beləliklə bizi məcbur edirdilər ki, dərmanları öz vəsaitimiz hesabına alaq. 2014-cü ildə 3 dəfə 1 saylı uşaq poliklinikasının baş həkimi Ülviyyə Müzəffərovaya müraciət etdim, sonra Sumqayıt şəhəri səhiyyə idarəsinin müdiri Ələkbər Tağıyevə şikayətimi bildirdim. Əfsuslar olsun ki, şikayətimə baxılmadı. Ona görə ki, Ələkbər Tağıyev, baş pediator Xalidə xanım, baş həkim Ülviyyə Müzəffərova əlbir olaraq verilməyən dərmanları mənimsəyirlər...” Qeyd edək ki, bu şikayət ərizəsi Sumqayıt Şəhər Səhiyyə İdarəsinin rəhbərliyinə qarşı ciddi ittihamların irəli sürüldüyü heç də ilk və yeganə məlumat deyil. Belə ki, mütəmadi olaraq aldığımız açıqlamalarda Sumqayıt səhiyyəsinin son vaxtlar arzuolunmaz duruma düşdüyü bildirilir. Məlumatlarda qeyd olunur ki, şəhərin bir çox dövlət tibb müəssisələrində rüşvətxorluq və müxtəlif korrupsiya halları baş alıb gedir. Bunun müqabilində isə, Sumqayıt Şəhər Səhiyyə İdarəsinə olunan şikayətlərin qarşılığında Ələkbər Tağıyev tərəfindən heç bir müvafiq tədbir görülmür. Camal Əliyevin təqdim etdiyi açıqlamada isə, həta bir ailə dramının da Sumqayıtın müəyyən tibb işçiləri tərəfindən gəlir qaynağı kimi istifadə olunduğu bildirilir: “Mənim şikayətlərimdən sonra, bu şəxslər öz əməllərini ört-basdır etməyə başladılar. Oğlumun ambulator-kartoçkasında 2014-cü ilin bütün qeydlərini cırıb, təzədən saxta qeydlər etdilər. Mən ambulator kartoçkada qeydlərin saxta olduğunu sübut etməyə hazıram. Mən başa düşə bilmirəm, gözləri görməyən, danışmayan, ayağa dura bilməyən, əqli inkişafdan geri qalan xəstənin ambulator-kartoçkasını niyə baş həkim öz seyfində saxlayır, məzuniyyətə gedəndə isə, müavini kartoçkanı dəmir seyfdə saxlayır. Mən bilmək istəyirəm, bu məxfilik nəyə lazımdır? 21.08.2015-ci il tarixində axırıncı dəfə baş həkimin qəbulunda oldum və çox peşiman oldum. Baş həkim Ülviyyə xanım başladı şər-böhtanla, qurtardı hədə-qorxu ilə. Artıq 2015-ci ildən dövlətin verdiyi dərmanlardan imtina etmişəm (öz pulumuzla alırıq). Tələbim budur ki, günahkarlar layiqincə cəzalarını alsınlar. Onu da qeyd edim ki, əgər xəstənin dərmanı bir neçə saat geciksə, uşaqda qıcolmalar başlayır, xəstənin vəziyyəti pisləşir və o, ölüm təhlükəsilə üzləşir...” Daha sonra şikayətçi bir müddət əvvəl Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının fəaliyyətilə bağlı müəyyən ciddi problemlərlə qarşılaşmış olduğunu vurğulayır. Bu xüsusda ərizədə bildirilir: “Ümimiyyətlə Sumqayıt şəhər səhiyyə şöbəsində rüşvət və korrupsiya halları baş alıb gedir. 2013-cü ildə qardaşım Əliyev Kamran komaya düşdü. Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında 8 gün koma vəziyyətində qaldı. Həmin 8 gündə həkim mənə 2500 manatlıq dərman aldırdı və 600 manat da kislorod pulu, tomoqrafiya, bint pulu, analizlər və sair xidmətlərə görə pul aldılar. Hələ bu azmış kimi qardaşım canını tapşıranda, həkim məndən xəstəyə baxdığına görə pul istədi ki, bəs halallığımı ver. Həmin həkimin öz şəxsi apteki var və dərmanların böyük bir hissəsini oğurlayıb öz aptekində satdırır. Baş həkim Qəhrəmanova deyəndə ki, niyə hər şeyə pul alırsınız, niyə ölüm haqqında tibbi arayış vermirsiniz, cavab vermədi. Həmin həkimin yazdığı bütün dərmanların kağızları məndə var. Anam dünyasını dəyişəndə (şəhid anası) də tibbi arayışı uzun süründürməçilikdən sonra aldım. Təbii ki, həkim açıq-aşkar pul umurdu...” Bununla belə, Camal Əliyev Sumqayıt səhiyyəsində çalışan bir çox namuslu həkimlərin də adına xələl gəlməsini istəmir. Məsələn,ərizəni təqdim edərkən Camal Əliyev xüsusi olaraq vurğuladı ki, oğlunun müalicəsilə bilavasitə məşğul olan, 1 saylı uşaq poliklinikasının həkim-nevropatoloqundan qətiyyən şikayətçi deyil: “ o, öz üzərinə düşən işi vicdanla gördü. Reseptin yazılması isə, artıq onun səlahiyyəini aşan bir işdir. Buna görə də onu günahlandırmıram”. Sonda, xüsusilə Səhiyyə Nazirliyinin diqqətini bir məqama da yönəltmək istərdik ki, epilepsiya xəstəsi Sadiq Əliyevin hazırda 6 günlük dərman ehtiyatı qalmışdır. Bunu nəzərə alaraq, biz də öz tərəfimizdən Səhiyyə Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, məsələnin araşdırılması və təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilsin. Geri qayıt |