Əsas Səhifə > Gündəm, Manşet > Kəlbəcər düşməndədir, barı səhiyyəsinə düşmən münasibət göstərməyək...
Kəlbəcər düşməndədir, barı səhiyyəsinə düşmən münasibət göstərməyək...13-08-2015, 10:10 |
DİA.AZ: - Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan bəzi neqativ hallara dair aldığımız məlumatları zaman-zaman diqqətinizə çatdırmışıq. Həmin materiallarda biz göstərmişdik ki, yerli sakinlərdən bu xüsusda aldığımız məlumatlarda RMX-nın baş həkimi Mehparə Kazımovanın yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Mənbələr bildirirlər ki, Kəlbəcərin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasının əsas səbəbini isə, şikayətçilər 2013-cü ildən etibarən RMX-nın baş həkimi vəzifəsinə təyin olunmuş Mehparə Kazımovanın yol verdiyi nöqsanlarda görürlər. Aldığımız məlumatlarda xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Kəlbəcər rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə burada ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, Mehparə Kazımova RMX-ya tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr işə götürüb. Onların hər birinə isə 140 manat məbləğində aylıq maaş yazılır. Lakin bu pulların da düz yarısı qarşılıqlı razılıq əsasında baş həkim tərəfindən mənimsənilir. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Qeyd etdiyimiz kimi, bütün bu məlumatlar öz əksini dərc etdiyimiz materialda tapmışdı. Biz ümid edirdik ki, ən azından Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi materialın dərcindən sonra bizimlə əlaqə saxlayaraq, irəli sürülən ittihamlara münasibət bildirmək idtəyəcək. Lakin bunun əvəzində redaksiyamıza “Kəlbəcər harayı” qəzetində mürəmadi olaraq dərc etdiyi materiallarda Mehparə Kazımovanın təbliği ilə məşğul olan və özünü hər dəfə mütləq qaydada Azərbaycan Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvü kimi titulları ilə təqdim edən Musa Əziz adlı şəxs tərəfindən imzalanmış məktub aldıq. Məktubun mətni elə bir maraqlı informasiya daşımadığından, onun məzmununu da burada təkrarlamaq niyyətimiz yoxdur. Sadəcə bir məqama toxunmaq istəyirik. Musa müəllim məktubunun sonunda belə bir ifadə işlədir: “...arzu edirəm, məqaləniz Kəlbəcər Səhiyyəçilərinin, eləcə də Kəlbəcərlilərin əlinə düşməsin...” Əvvəla qeyd edim ki, “Səhiyyəçilər”in kim olduğu və bu sözün niyə böyük hərflə yazıldığı mənim üçün bir qədər qaranlıq qaldı. Hər halda, Musa müəllim yəqin ki, Kəlbəcərin səhiyyə işçilərini nəzərdə tuttmuş olub. Amma bu da əsas deyil. Təəssüf doğuran hal budur ki, Musa müəllimin bu “arzusunda” aşkar təhdid notları öz əksini tapır. Hörmətli Musa müəllim, bizim üçün narahat olduğunuza görə Sizə çox minnətdarıq. Amma nəzərə alın ki, bizim istinad etdiyimiz mənbələr də elə yerli zəhmətkeşlərdir. Əlbəttə, onların vəzifələri və yüksək titulları olmaya bilər. Amma bu heç də o demək deyil ki, bu insanların haqq səslərini eşidən və lazımi instansiyalara da eşitdirən bir kimsə tapılmayacaq. Bunu qətiyyən unutmaq lazım deyil! Geri qayıt |