Əsas Səhifə > Gündəm, Manşet > Səlim Müslümovun Yasamaldakı adamı ilə bağlı gərginlik...
Səlim Müslümovun Yasamaldakı adamı ilə bağlı gərginlik...8-08-2015, 10:23 |
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan şikayət məktubları və digər məlumatlar əsasında hazırladığımız tənqidi materialları qəzetimizdə dərc etməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin diqqətini Yasamal rayon ƏSMM-nin fəaliyyətində yer almış nöqsanlara yönəltmək istəyirik. Lakin təəssüflər olsun ki, bu cəhdlərimiz hələ bir nəticə vermir. Öz növbəsində Yasamal ƏSMM-nin direktoru Gülnarə Salahova isə, ona bəzi məqamlara aydınlıq gətirməsi xüsusunda sorğu ilə müraciət etdiyimiz zaman, bizə çox qəribə bir “sürpriz” təqdim etdi. Amma bu barədə bir qədər sonra...Hələlik isə, Gülnarə Salahovanın fəaliyyətində müşahidə olunan bəzi məqamların “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları”nın müxtəlif bəndləri ilə uyğunluğunu müqayisəli formada nəzərdən keçirmək istərdik. Beləliklə, “Qaydalar”ın 5-ci bəndində (Əsas dəyərlər) bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında və bütün struktur bölmələrində çalışan dövlət qulluqçuları öz professional davranışlarında aşağıdakı mənəvi dəyərləri rəhbər tutmalıdırlar: ... 5.1. Öz vəzifəsinə hörmət Dövlət qulluqçuları Nazirliyin və tutduğu vəzifənin nüfuzunun təmin edilməsi məqsədilə öz vəzifə borcunu vicdanla, məsuliyyətlə, yüksək səviyyədə həyata keçirməlidirlər.Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda isə bildirilir ki, direktor vəzifəsini icra etməyə başlayan kimi, Gülnarə Salahovanın ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Görəsən vətəndaşlar tərəfindən irəli sürülən bu ittihamlar Nazirliyin və ya ƏSMM rəhbərinin nüfuzunun təmin edilməsi məqsədinə nə dərəcədə yardımçı olurlar? ... 5.3. Şəffaflıq Dövlət qulluqçuları vəzifə borclarını vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidirlər. Nazirliyin nüfuzunu artırmalı, vətəndaşların etimadını qazanmalı, onlarla mədəni davranmalı, korrupsiyaya qarşı mübarizə aparmalı, ictimaiyyətin etimadını qazanmalıdırlar. Açıqlamalarda xüsusi olaraq vurğulanır ki, plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Çətin ki, bu əməli Gülnarə Salahova tərəfindən həyata krçirilən korrupsiyaya qarşı mübarizə tədbiri kimi qiymətləndirmək olsun. ... 5.6. Məsuliyyət hissi Dövlət qulluqçuları ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə məsuliyyət daşımalıdırlar. Məlumatlardan birində oxuyuruq: “korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə Gülnarə Salahova bəzi ehtiyyat tədbirlərinə əl atıb. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir”. Əlbəttə ki, rüşvət yığımının həyata keçirilməsi bilavasitə ƏSMM direktorunun vəzifə borcu kimi qanunla nəzərdə tutulmayıb. Amma bu da var ki, qanunla ümumiyyətlə rüşvət yığımı nəzərdə tutulmayıb. Deməli, bu işə qol qoyursansa, məsuliyyəti də özün daşımalısan. İndi də keçək bəzi davranış qaydalarına. ... 6.1. Vətəndaşlarla münasibətdə Vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbir və təmkinlə dinləməli, vətəndaşın müraciətinə qanunvericiliyə istinad edərək ona müvafiq izahatların verməsini bacarmalıdırlar. Vətəndaşların problemlərinin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidirlər. Məlumatlarda isə bildirilir ki, Yasamal ƏSMM, məhz Gülnarə Salahovanın öz işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi sayəsində, analoji qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Belə ki, bu mərkəzdə dövlət tərəfindən ayrılan yardımı qanuni yolla, rüşvət vermədən və tam həcmdə almaq istəyənlər o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. ... 6.5. Kütləvi informasiya vasitələri ilə münasibətdə Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidirlər. Hə, bax “Qaydalar”ın məhz bu bəndinin Gülnarə Salahova tərəfindən pozulduğuna dair heç bir iddiamız yoxdur. Məsələ bundadır ki, Yasamal ƏSMM-nin direktoru hələ dövlətin həyata keçirdiyi siyasəti təbliğ etmək məqsədilə kütləvi informasiya vasitələrində çıxış etmək bir tərəfə qalsın, heç zəhmət çəkib mətbu orqanlarının ona ünvanladığı adi sualları belə cavablandırmaq niyyətində deyil. Həm də bu məqsədlər üçün o, şəxsi vəkil də tutub. Elə yazının əvvəlində qeyd etdiyimiz “sürpriz” də məhz bu məqamla bağlıdır. Belə ki, aldığımız məlumatlarda bəhs olunan bəzi məqamlara aydınlıq gətirmək üçün, əməkdaşımız bu günlərdə Yasamal ƏSMM-nə telefonla zəng vurmuşdu. Mərkəzin əməkdaşı isə, məqsədimizi biləndən sonra bizə bir mobil telefon nömrəsi verdi. Həmin nömrəyə zəng etdikdə məlum oldu ki, bizimlə danışan xanım Gülnarə Salahovanın şəxsi vəkilidir. Daha dəqiq desək, həmin xanım özünü məhz bu cür təqdim etdi: “Mən Gülnarə Salahovanın şəxsi vəkiliyəm və siz bütün suallarınızı mənə ünvalaya bilərsiniz”. Belə çıxır ki, Yasamal ƏSMM-nin direktoru öz vəzifə fəaliyyəti ilə bağlı bütün məlumatları əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir aidiyyatı olmayan bir şəxsə təqdim edir və həmin şəxsə nazirliyin struktur bölmələrindən birinin adından danışmaq səlahiyyəti verir. Çox maraqlıdır, əgər Gülnarə Salahova işi ilə bağlı hansısa bir məsələni məhz hüquqi müstəvidə həll etmək zərurəti duyursa, görəsən o, bu halda nəyə görə nazirliyin Hüquq şöbəsinə müraciət etmir? Bəlkə, bu şöbə öz işində yetərincə səriştəli deyil? Hər halda aydındır ki, biz Yasamal ƏSMM-nə hər hansı şəxsi məsələləri müzakirə etmək niyyətilə zəng etməmişdik. P.S.Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, bu material artıq çapa hazırlandığı zaman redaksiyamıza Gülnarə Salahovanın daha bir qanun pozuntusuna yol verdiyi iddia olunan növbəti məlumat daxil oldu. Məlumatı təqdim edən mənbə bildirir ki, o, bu yaxınlara qədər Yasamal ƏSMM-də çalışmış və işlədiyi müddətdə öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin bir müddət əvvəl, həmin əməkdaş məhz Gülnarə Salahovanın ona qarşı irəli sürdüyü bəzi qeyri-qanuni tələbləri icra etməkdən boyun qaçırdığı üçün, ƏSMM direktorunun göstərişi ilə işdən azad edilmişdir. Şikayətçi bildirir ki, məsələ ilə bağlı o, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Bu məlumatda təqdim olunan bir çox faktları hələlik araşdırmaq imkanımız olmadığı üçün, onları bu materiala daxil etmədik. Amma düşünürük ki, şikayətçinin irəli sürdüyü ittihamlar öz təsdiqini taparsa, bu halda Gülnarə Salahovanın artıq həqiqətən də bir vəkilə ehtiyacı ola bilər. Hələlik isə Gülnarə xanıma yuxarıda bəhs etdiyimiz “Qaydalar”ın daha bir bəndini də xatırlatmaq istəyirik. ... 8. Peşəkarlıq Dövlət qulluqçuları bütün şəxslərə, o cümlədən rəhbəri ilə və ya tabeliyində olan şəxslərlə münasibətdə, habelə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirərkən nəzakətli, qərəzsiz, diqqətli və səbirli olmalıdırlar. Qarşı tərəfin də (amma vəkilin yox) münasibətini öyrənməyə hazırıq. Geri qayıt |