Əsas Səhifə > Gündəm, Manşet > Qazaxdan Bakıya yetişməyən problem...
Qazaxdan Bakıya yetişməyən problem...4-08-2015, 10:30 |
Bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz Ağstafa və Qazax rayonlarının əhalisinə xidmət göstərən 27 saylı TSEK təqdim olunur. Qeyd edək ki, mətbuat səhifələrində bu müəssisənin sədri Əli Qasımovun qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu məmurun əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Digər tərəfdən isə redalksiyamıza yeni daxil olmuş məlumatlarda Əli Qasımovun bu özbaşınalıqları törətməkdə heç də tək olmdığı bildirilir. Qeyd olunur ki, 27 saylı TSEK sədrinin müavini Sakit Məmmədov artıq iyirmi ildir ki, bu sahədə “çalışır”. Buna görə də tibbi-sosial ekspertiza sahəsində Sakit Məmmədovun bilmədiyi və tətbiq etmədiyi heç bir maxinasiya yoxdur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 27 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Qeyd edək ki, son vaxtlar bir çox mətbuat səhifələrində dərc olunmuş materiallarda da bildirilir ki, Qazax TSEK tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Lakin, nə Əli Qasımov, nə də xüsusilə onun müavini Sakit Məmmədov bu istiqamətdə TSEK-in fəaliyyətində heç bir dəyişiklik etmək niyyətində deyillər. Həmçinin redaksiyamıza şikayətçi qismində müraciət etmiş Ağstafa şəhər sakini Tahir Nəsibov da 27 saylı TSEK-də qanuni yolla əlillik dərəcəsinin alınmasında bir çox süni problemlərin olduğunu vurğulayır. Həmçinin aldığımız məlumatlarda belə bir məqam da vurğulanır ki, Sakit Məmmədovun uzun illər boyu tam cəzasızlıq şəraitində müxtəlif qanun pozuntularına və korrupsiya əməllərinə yol verə bilməsinin əsas səbəbi, bu məmurun indiyədək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti rəisinin müavini Əli müəllimin himayəsində fəaliyyət göstərməsidir. Ümumiyyətlə isə 27 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu qurumun əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 27 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi demək olar ki, həyata keçirilmir. Yeri gəlmişkən bunu da qeyd edək ki, aldığımız açıqlamalarda Sakit Məmmədovun barəsində bəzi şəxsi xarakterli məlumatlar da öz əksini tapmışdır. Bu xüsusda mənbə bildirir ki, Sakit Məmmədovun qardaşı Sərdar Məmmədov hazırda narkotik qaçaqmalçılığı ittihamı ilə Gürcüstan respublikasında ömürlük həbs cəzası çəkməkdədir. Digər tərəfdən isə, məlumatı təqdim edən mənbə Sakit Məmmədovun oğlunun FHN-in Ağstafa rayon şöbəsində işlədiyini və bununla yanaşı onun içki düşgünü olduğunu iddia edir... Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq. Geri qayıt |