Əsas Səhifə > Gündəm, Manşet > Ağcabədi icra hakimiyyəti prezidentin sərəncamını nəzərə almır?
Ağcabədi icra hakimiyyəti prezidentin sərəncamını nəzərə almır?25-07-2015, 09:54 |
23 iyulda Ağcabədinin Haramı düzündə böyük ərazidə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə görə, Ağcabədi rayonu, Haramı düzündə (rayon mərkəzindən 58 km aralı) ərazidə 250 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (salamnews.org). Məlumdur ki, Ağcabədi rayonu Azərbaycan -Ermənistan döyüş bölgəsində yerləşir. Biz yanğının döyüş xəttinə yaxın olub-olmadığını dəqiqləşdirmək qərarına gəldik. Ağcabədi RİH-nin informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Əlizamin Qarayev Qafqaz Xəbər Agentliyinə bildirdi ki, yanğın zonası atəş xəttinə yaxındır. Müxbirimizin “Zərəçəkən fermerlər kompensasiya alacaqmı?” sualına Qarayev belə cavab verdi: “ Mənim bu suala cavab vermək səlahiyyətim yoxdur”. Onda biz RİH-nin sosial-iqtisad şöbəsinin müdiri Hafiz Mehdiyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, məhsulunu sığortalamış fermerlər kompensasiya ala biləcək. Milli Məclisin üzvü, “Ədalət” partiyasının sədri İlyas İsmayılov olayla bağlı aşağıdakıları söylədi: “ Bu yaxınlarda mən Tovuzun Hacalı kəndində öz seçicilərimlə görüşdüm. Bu kənd cəbhə bölgəsində yerləşib. Kənd sakinləri təsərrüfat işləri ilə normal məşğul ola bilmirlər. Mən bu barədə ölkə başçısına məktub yazdım və təklif etdim ki, sərhəd bölgəsinin sakinlərinə güzəştlər müəyyən edilsin. Mən məktubda İsrail dövlətinin nümunəsini də göstərtdim”. Deputatın sözlərinə görə, müraciətdən sonra prezident sərəncam verdi, sərhəd bölgəsinin sakinlərinə diqqət gücləndirildi, onlara maddi yardım artırıldı. Ağcabədi RİH-nin müavini Hafiz Mehdiyev deputatın dediklərini təsdiq etdi: “ Həqiqətən də prezidentin belə bir sərəncamı olub”. Müxbirimizin “ Onda nə üçün zərəçəkən fermerlərə kömək olunmur?” sualına başçının müavini belə cavab verdi: “ Ağcabədi cəbhə bölgəsi olduğuna görə, medianın siallarına cavab vermək üçün Müdafiə Nazirliyinin icazəsi olmalıdır”. Məsələ ilə bağlı Helsinki Milli Komitəsinin sədri Arzu Abdullayevanın münasibəti belə oldu:” Mən başa düşmürəm, Müdafiə Nazirliyi icra başçısının müavininə qadağa qoyub? Məgər Ağcabədidə hərbi baza yanıb?”. Abdullayevanın sözlərinə görə, bütün dünyada zərərçəkənlər hökumətdən güzəşt alır. Geri qayıt |