Əsas Səhifə > Gündəm, Manşet > Daha bir inşaat firması fırıldaqda ittiham olunur

Daha bir inşaat firması fırıldaqda ittiham olunur


22-07-2015, 10:35
Daha bir inşaat firması fırıldaqda ittiham olunur
Redaksiyamıza yeni daxil olmuş daha bir məlumatda növbəti dəfə, şəhərimizdə fəaliyyət göstərən inşaat şirkətlərindən birinin rəhbərliyi tərəfindən yol verilmiş ciddi qanun pozuntularından və bu səbəbdən vətəndaşların arzuolunmaz vəziyyətə düşmələrindən bəhs olunur. Bu xüsusda aldığımız açıqlamalarda bildirilir ki, paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində, Asif Məhərrəmov küçəsi 25A ünvanında yerləşən 16 mərtəbəli yeni tikili binanın sakinləri, artıq uzun müddətdən bəri bu binada aldıqları mənzillərdə yaşamalarına baxmayaraq, hələ də öz mənzillərinə çıxarış (kupça) ala bilmirlər. Buna səbəb isə, sənədlərdə 16 mərtəbəli olduğu bildirilən bu binanın əslində 17 mərtəbədən ibarət olmasıdır. Aldığımız məlumata görə, binanı inşa etmiş “Meqi” MTK-nın sədri Rövşən Məmmədli tikinti vaxtı bir qədər düşünüb-daşınıb belə bir qərara gəlmişdir ki, təhvil-təslim zamanı binanın mərtəbələrini sayan olmayacaq. Buna görə də 16 mərtəbə tikilib başa çatdırıldıqdan sonra, “qənaət olunmuş” inşaat materialları ilə sonuncu mərtəbənin üzərində daha bir mərtəbə də şəxsən özü üçün qaldırmışdır. Təbii ki, biz bu ideyanın kreativliyi barədə hər hansı bir fikir yürütmək niyyətində deyilik. Amma görünür nə Fövqəladə Hallar Nazirliyində, nə də Bakı Şəhər İcra Hakimiyyətində MTK sədrinin ideyası yüksək qiymətləndirilməyib. Belə ki, binanın sakinləri, qeyd olunduğu kimi, artıq çoxdan öz mənzillərinə köçsələr də, əslində binanın təhvil-təslim aktı hələ də imzalanmayıb. Bu isə o deməkdir ki, bina faktiki olaraq istismara verilməyib. Təbii ki, belə olan vəziyyətdə müvafiq sənədlərə malik olmayan mənzil sakinləri çıxarış da ala bilmirlər. Maraqlıdır ki, Rövşən Məmmədlinin yol verdiyi bu özbaşınalıq əslində ciddi qanun pozuntusu olsa da, nə FHN, nə də BŞİH rəhbərliyi hələ də binanın artıq mərtəbəsinin sökülməsi barədə qəti tədbirlərə əl atmayıblar. Eyni zamanda da Baş Prokurorluq tərəfindən “Meqi” MTK-nın rəhbərliyinə qarşı indiyədək heç bir ölçü götürülməməsi faktı təəccüb doğurur. Halbuki, yol verilmiş bu cinayət tərkibli əməl, əslində yüzlərlə insanın həyatını ciddi təhlükə altında qoyur.

Digər tərəfdən isə aldığımız məlumatlarda Rövşən Məmmədlinin sözügedən bina ilə bağlı törətdiyi digər özbaşınalıqlar barəsində də açıqlamalar verilir. Məsələn, bildirilir ki, binanın birinci mərtəbəsində yerləşən və MTK sədrinə məxsus olan kommersiya obuektinin (çay evinin) işlətdiyi elektrik enerjisinin pulu da sakinlərdən yığılan kommunal xərclərdən ödənilir. Halbuki, bu kommunal xərclərin ümumiyyətlə hansı əsasla yığıldığı indiyədək məlum deyil. Belə ki, binanın zirzəmiləri daima çirkab sular və zibillə dolu olur. Həmçinin binanın nə elektrik generatoru, nə də ehtiyat su xətti yoxdur. Ehtiyat su anbarı kimi nəzərdə tutulmuş və binanın zirzəmisində yerləşdirilmiş iri həcmli xüsusi çənlər isə, Rövşən Məmmədli tərəfindən qaraj adı ilə 20 min manata satılmışdır. İndi isə, bütün bu qanun pozuntularına görə cavab vermək istəməyən MTK sədri ümumiyyətlə sakinlərin gözlərinə görünməməyə çalışır.

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz artıq dəfələrlə qeyd etmişik ki, bu gün ölkəmizdə gedən abadlıq və yenidənqurma işlərinin mahiyyətini təhrif edən, mütərəqqi proseslərin kölgəsinə sığınaraq öz ambisiyalarını təmin etməyə çalışan bəzi işbazlar inşaat sahəsində vətəndaşları bir çox problemlərlə üz-üzə qoymağa hələ də müyəssər ola bilirlər. Xüsusilə son vaxtlar kütləvi informasiya vasitələrində bu və ya digər tikinti şirkəti tərəfindən müştərilərin aldadılması, alınmış pulların müqabilində mənzilin təqdim olunmaması, eyni bir mənzilin alqı-satqısı üzrə müqavilənin bir neçə vətəndaşla bağlanması faktlarınin müzakirəsinin intensivləşməsi də bu kimi halların artdığını göstərir. Təbii ki, Rövşən Məmmədlinin əl atdığı üsul bir qədər fərqli olsa da, son nəticədə vətəndaşları daha təhlükəli fəsadlarla üz-üzə qoya bilər. Buna görə də sözügüdən binanın sakinləri yaranmış problemin həllinə nail olmaq üçün artıq Baş Prokurorluğa və bir çox digər aidiyyatı olan qurumlara müraciət hazırlamışlar. Həmçinin bizdə olan məlumata görə sakinlər məsələnin nəzarətə götürülməsi üçün birbaşa ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.

Geri qayıt