Əsas Səhifə > Gündəm, Manşet > Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı...
Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı...18-07-2015, 09:35 |
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları halları artıb. Üstəlik, nəqliyyat müfəttişləri onların özbaşına hərəkətlərinə etiraz edən sürücülərə qarşı zorakılıq tətbiq edir, onları vəhşicəsinə döyürlər. Qaydalara əsasən isə müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər. Lakin sürücülər sənədləri təqdim etsələr də nəqliyyat müfəttişləri səlahiyyətlərini aşır və onlara qarşı xoşagəlməz hərəkətlərə yol verirlər. Nazir Ziya Məmmədov isə iddia edir ki, nəqliyyat müfəttişlərinin sürücülərə qarşı törətdiyi qanunsuzluqların qarşısı alınır. Amma nazirin söylədiklərinin əksinə olaraq bu günlərdə onun tabeliyindəki müfəttişlər daha bir qanunsuzluğa imza atıblar. Bu barədə müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov mətbuata danışıb. O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər qəfil maşınına yaxınlaşaraq özlərini təqdim etmədən fiziki güc tətbiq ediblər: "Maşının açarlarını zorla əlimdən aldıqdan sonra özümü də itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə qaçırdılar". Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən qaçırıldığını öyrənə bilib: "Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır. Mən taksi fəaliyyəti ilə məşğul olmuram. Maşının qaçırılması ilə bağlı 102 Xidmətinə zəng etdim. Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə dəvət edib izahat aldılar. Amma hələ də maşınımın harada olduğu və taleyinin necəliyindən xəbərim yoxdur". Apardığımız araşdırmalar göstərir ki, bu, Ziya Məmmədovun işçilərinin ilk özbaşınalığı deyil. Belə ki, ötən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında yaranan mübahisə bir müddət müzakirə mövzusuna çevrilmişdi. Məlumata görə, Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirib. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da, bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Eyni hal bu ilin fevral ayında da təkrarlanıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən döyülüb. Ümumiyyətlə, nəqliyyat müfəttişləri tərəfindən sürücülərin döyülməsi halları kifayət qədərdir. Bu problemin yaranmasının kökündə isə taksi fəaliyyəti dayanır. Belə ki, nəqliyyat müfəttişləri ürəkləri istəyən şəxsin maşınına minib sürücünün taksi fəaliyyəti ilə məşğul olmasını bildirirlər. Qarşı tərəf buna etiraz edəndə tərəflər arasında mübahisə yaranır. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəqliyyat Departamentinin işçilərinin taksi sürücülərinə lisenziyanı dövlət rüsumundan baha qiymətə satması haqda dəfələrlə məlumat verilib. Əfsus ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Ölkədə korrupsiyaya qarşı mübarizə yeni başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü. Aradan bir müddət keçəndən sonra yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa məcbur edirlər. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin işçilərinə ödəməyən sürücülərə işləməyə imkan verilmir. Deyilənə görə, nəqliyyat müfəttişlərinin belə qanunsuz işlər görməsini nazir əmr edib. Lisenziyanın müddətindən bir gün keçən kimi isə taksi sürücüləri dərhal cərimələnir. Onu da qeyd edək ki, taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın dövlət rüsumu 18 manatdır. Buna baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən dövlət rüsumunun əvəzinə 57-60 manat alınır. Maraqlıdır ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılır, amma sürücülərdən əlavə "rüsum" tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat yetkililəri ilə üzləşməli olurlar. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq Nəqliyyat Nazirliyinin büdcəsinə lisenziyalara görə alınan "rüsum"un hesabına milyonlarla manat vəsaitin daxil olduğu məlum olar. Həmin pulların hansı işlərə sərf edildiyi isə bəlli deyil. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığıb. Təəssüf ki, nazir Ziya Məmmədov özünü qoçu ədəbsiz aparan müfəttişlərə qarşı heç bir tədbir görmür, ya da görmək istəmir. Görəsən, niyə? Biz inanırıq ki, islahatlar tezliklə Nəqliyyat Nazirliyinə də keçəcək və işçilərinin özbaşına əməllərinin qarşısını ala bilməyən nazir görəvdən alınacaq. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. Geri qayıt |