Əsas Səhifə > Gündəm, Manşet > İlham Əliyev sərt islahatlara başlayır

İlham Əliyev sərt islahatlara başlayır


2-07-2015, 17:32
İlham Əliyev sərt islahatlara başlayır
Ölkədə kadr dəyişikliyi qaçılmaz görünür. Prezident İlham Əlliyev komandasına qarşı tələblərini artırır. Ciddi dəyişikliklər siyasi iradə tələb edir. Ölkədə narazılığın əsas mənbəyi olan məmurları cəzalandırmaq piramidanın sökülməsi və siyasətşünaslıqda işlədilən domino effektinin çevrilməsi, iyerarxiyanın zəiflədilməsi anlamına da gələ bilər.

Digər tərəfdən, qarşıdan parlament seçkiləri gəlir. Seçki ilində kadr rotasiyaları həyata keçirmək bir qədər problematikdir. Adətən, seçki ilində komandada ciddi dəyişikliklər həyata keçirilmir. Lakin dövlət başçısı öz addımlarında “olar – olmaz” prinsipi ilə işləmir.

Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ildə parlament seçkisi ərəfəsində bölgədə dəbdə olan “rəngli inqilab”lardan həvəslənən bir sıra məmurların iqtidar dəyişikliyi gözləntisi olduğundan, hakimiyyətə qarşı çıxan iki nazir və bir neçə məmur həbs olundu. Bununla kadr dəyişikliyi yekunlaşmadı. Seçkidən dərhal sonra Nazirlər Kabinetinin 20-30 faizi yeniləndi. O zaman da çoxları ciddi kadr dəyişikliyinin ola biləcəyinə skeptik yanaşırdılar. O zaman maliyyə naziri dəyişdirildi, iqtisadi inkişaf naziri, Dövlət Neft Şirkətinin prezidenti, əmək və əhalinin sosial müdafiə naziri, idman naziri, mədəniyyət naziri dəyişdirildi, kifayət qədər komanda yeniləndi. Belə bir perspektiv yenə də mövcuddur.

Ehtimal etmək olar ki, yaxın zamanlarda bir sıra rayon icra hakimiyyətləri başçıları da postlarını itirəcəklər. İstisna deyil ki, hansı rayonlarda hökumətin dayaqları zəifdirsə, orada icra başçısı hakimiyyətin planına uyğun fəaliyyət göstərə bilmirsə, onlar dəyişdiriləcək. Lakin bununla kadr rotasiyaları yekunlaşa bilməz. Dəyişikliyin iriçaplı məmur korpusunu əhatə edəcəyi ehtimalı xeyli dərəcədə böyükdür. Unutmaq lazım deyil ki, mövcud siyasi elitanı tam tərkibdə qorumaq imkansızdır və odur ki, kadr rotasiyaları qaçılmaz görünür.

Onu da vurğulayaq ki, artıq uzun müddətdir ki, hakimiyyət dəhlizlərinə yeni simalar gətirilir və faktiki olaraq yeni siyasi elita formalaşdırılmaqdadır. Lakin iqtidar dəhlizlərinin gəncləşdirilməsi bəzilərini məyus edir. Bu müstəvidə sabiq baş prokuror Eldar Həsənovun, sabiq baş nazirin müavini Abbas Abbasovun və digərlərinin adları hakimiyyətə qarşı yeni planda hallandırılır.

Prinsipcə, bütün proseslər Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin “6 milyardlıq maxinasiyası”ndan başladı. Belə ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxdı. Maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da araşdırma zamanı məlum oldu ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Problemin kökü əslində, devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Belə ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan 6 milyard manat yerli və xarici şirkətlərə kredit adı ilə mənimsənilib.

Maraqlıdır ki, hökumət məhz yumşaq devalvasiyaya qərarı vermişdi. Lakin fevralın 21-də Mərkəzi Bank kəskin devalvasiya qərarı verdi. Bu, hökumət strukturlarında da şok effekti yaratmışdı. Yumşaq devalvasiyaya dair daxili qərarı verəndən sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev özündəki məxfi məlumat əsasında yaxın əlaqələri olan iş adamları ilə birlikdə 50,2 faizi dövlətə məxsus olan bankı faktiki olaraq talayıb. Mətbuatın yazdığına görə, Cahangir Hacıyev və oliqarxlar hökumətə dəstək olmaq əvəzinə Beynəlxalq Bankın filiallarında bir neçə milyard manatı dollara çeviriblər. Həmin dollar kütləsi faktiki olaraq dövriyyədən çıxarılıb, şəxsi ehtiyatları kimi saxlanılıb.

Məqsəd o olub ki, yumşaq devalvasiyanın sonunda həmin ehtiyatlar dövriyyəyə buraxılsın və ən azı 20 faiz qazanc əldə edilsin. C. Hacıyev bu maxinasiyalarda tək deyildi və ehtimal ki, onu bu işdə dəstəkləyənlər “edam kötüyü”nə çıxarılacaq.

İndiyənə qədər bu yalnız ona görə edilməyib ki, bütün enerji Avropa Oyunlarına yönəlmişdi.

Kadr islahatları bəzən sərtliyi ilə seçilir və bu anlaşılandır. Başqa metodlarla siyasi və iqtisadi dəllallara qarşı mübarizə aparmaq mümkün deyil axı...

Avropa.info-nun ekspert qrupu

Geri qayıt