Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir...
İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir...24-06-2015, 09:49 |
Ramiz Yediyarovun Gədəbəydə məmur özbaşınalıqlarını, sakinlərə edilən zülmü indiyədək görünməmiş bir həddə çatdrmağı artıq heç kəs üçün yenilik deyil. Bununla belə rayondan almaqda davam etdiyimiz məlumatlarda, bu zülmün yeni-yeni təzahürləri öz əksini tapır. Xatırlayırsınızsa, Gədəbəydə sahibkarlara və yerli iş adamlarına qarşı törədilən müxtəlif hüquq pozuntularına dair dərc etdiyimiz materiallarda vətəndaş Əliyev Oqtay Qara oğlunun da adı kifayət qədər tez-tez diqqət mərkəzinə gətirilirdi. Bununla bağlı bir müddət əvvəl biz artıq xəbər vermişdik ki, Ramiz Yediyarovun qanunsuz əməlləri rayonda sahibkarlıq fəaliyyəti göstərən Oqtay Qara oğlunu intihar həddinə çatdırmışdı. Bu xüsusda redaksiyamıza müraciət etmiş Oktay Qara oğlu bildirmişdi ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdu. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti 10 fevral 2015-ci il tarixində rayon Məhkəməsinə həmin obyektin məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdi. İki gün sonra isə, Oqtay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdi. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oqtay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Tez-tez redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdi. Lakin son hadisələr bir daha təsdiq etmiş oldu ki, şikayətçi qismində Ramiz Yediyarovun qəbuluna düşə bilməyən vətəndaşların bəxti, bu qəbula düşə bilənlərdən daha çox gətirmiş sayıla bilər. Elə Oqtay Qara oğlunun başına gətirilənlər də, bu gün Gədəbəy rayonunda sanki hansısa totalitar bir rejimin hakimiyyətdə olduğu və bu rejimin də qəddar bir diktator tərəfindən idarə edildiyi təəssüratını təsdiq edir. Belə ki, vətəndaşın müxtəlif instansiyalara davamlı müraciələr edərək öz haqqını tələb etməsi, görünür Ramiz Yediyarovun əsəblərinin gərginləşməsinə səbəb olub. Buna görə də, başçı və yaxud da onun adamları Oqtay Qara oğlunun Gədəbəyə artıq növbəti gəlişi üçün əvvəlcədən müəyyən tədbirlər planı işləyib-hazırlayıb. Məhz bu plana əsasən, iyun ayının 22-də növbəti dəfə Gədəbəy RİH başçısının qəbuluna düşmək və bir daha öz haqqını tələb etmək niyyətilə rayona gəlmiş Oqtay Qara oğlu, gözləmədiyi halda RİH-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq, söyüş və təhqirlərlə qarşılıqlı hərəkətlərə təhrik olunur. Lakin bu provakasiyaya getməməsinə rəğmən, Oqtay Qara oğlu yenə də “hadisə yerinə” yetişmiş polis əməkdaşları tərəfindən saxlanılır və dərhal da Gədəbəy rayon Məhkəməsinə aparılır. Bundan sonrası isə, necə deyərlər işin texniki tərəfidir. Ramiz Yediyarovun Gədəbəy rayon Məhkəməsinin sədri Ceyhun Əhmədova bircə zəngi və budur, Oqtay Qara oğlunun 15 gün müddətinə həbsi ilə bağlı qərarın artıq mürəkkəbi də quruyub. Oqtay Qara oğluna qarşı guya ki, RİH əməkdaşlarının təhqir olunmaları ilə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, son dərəcə gülünc olduğu halda belə, məhkəmə bu ittiham üzrə cavabdehi təqsirkar “bilib”. Yoxsa Oqtay Qara oğlu harda olduğunu bilmirdi, yaxud da o, hər an özünə qarşı bir təxribat törədiləcəyini göz önünə almamışdı ki, belə bir səhvə yol versin? Təbii ki, bu növbəti şər və haqsızlıq aksiyasının yeganə məqsədi Oqtay Qara oğlunu və onun timsalında bütün digər şikayətçiləri də “sındırmaq”, onların “gözlərinin odunu almaq”dır. Lakin bu da boş niyyətdir. Biz ölkənin Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, bütün hüquq müdafiəçilərinin diqqətini Gədəbəydə yer almış növbəti repressiya faktına cəlb etmək istəyirik. Bəlkə də kimlərsə düşünə bilər ki, 15 günlük həbs cəzası müqabilində “repressiya” kəlməsi lazım olduğundan bir qədər daha sərt səslənir. Ola bilər, amma biz heç də Oqtay Qara oğlunun repressiyaya uğradığını iddia etmirik. Bu gün Ramiz Yediyarovun Gədəbəydə repressiyaya məruz qoyduğu məhkəmə sistemidir, hüquq-mühafizə orqanlarıdır, qanunlarımızdır! Artıq Gədəbəydə qanunçuluğumuzun, dövlətçiliyimizin reabilitasiyasına ehtiyac vardır! İnsan hüquqlarının pozulması halları isə, bu rayonda artıq çoxdan gündəlik həyat tərzinə çevrilib. Geri qayıt |