Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıtda müəllimlərin bankla yaranan probleminin baiskarı Təhsil şöbəsi imiş

Sumqayıtda müəllimlərin bankla yaranan probleminin baiskarı Təhsil şöbəsi imiş


9-06-2015, 09:38
Sumqayıtda müəllimlərin bankla yaranan probleminin baiskarı Təhsil şöbəsi imiş
Mediada Sumqayıt müəllimləri ilə Kapital Bank arasında yaşanan xoşagəlməz olayın səbəblərini araşdırarkən maraqlı bir nüansla rastlaşdıq. Amma öncə baş verən narazılıq barədə məlumat verək. Məsələ orasındadır ki, may ayında Sumqayıt müəllimlərinin aldıqları məvacib kartlarının istifadə müddəti bitir. Yeni kart almaq üçün müəllimlərdən sənəd toplanması elə təhsil müəssisələrindəcə həyata keçirilib. Müəllimlərin söylədiklərinə görə, kartın dəyişdirilməsi üçün onlardan şəxsiyyət vəsiqəsinin 4 surətini alınıb və Təhsil Şöbəsinə göndərilib. Ordan da Kapital Bankın Sumqayıt filialına. Yeri gəlmişkən, bu iş hələ bir ay bundan əvvəl başlasa da, müəllimlərin kartları iyun ayında hazır olub. Halbuki, kartın hazır olması üçün 3 gün belə bəs edərdi. Yaxşı deyəlim ki, burada məktəb rəhbərliyi ilə müəllimlərin ləng təpənməsi rol oynayıb. Bəs kartların paylanmasında yaranan problem kimlə bağlıdır?
Məsələ orasındadır ki, ötən illərdə kartlar məktəblərə göndərilir və paylanırdı. Bu il müəllimlərə bildirilib ki, bir zəhmət, banka gələrək maaş kartlarını alsınlar. Bu da Kapital Bankın qarşısında böyük bir izdiham yaradıb. Gözləməkdən əsəbləri tarıma çəkilən müəllimlərlə bank işçiləri arasında gərginlik də yaşanıb. Digər tərəfdən də eyni bankdan maaş alan səhiyyə işçilərinin öz kartlarını elə işlədikləri müəssisələrində alması səbəbi ilə daha da aqressivləşən öyrətmənlər bu ayrı-seçkiliyin mənbəyinin bank olduğunu zənn edirlər. Amma...
Apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, narazılığın yaranmasına baiskar bank deyilmiş. Kapital Bankın adının çəkilməsini istəməyən işçisinin söylədiklərinə görə, bank həmişə olduğu kimi bu dəfə də Təhsil Şöbəsinə kartların paylanmasında əməkdaşlıq təklif edib. Lakin bu təklif Şöbə tərəfindən rədd edilib. Bunu dünən Bankın qarşısında toplaşan və narazılıqlarını bildirən müəllimlərə elə müəssisənin işçisi də etiraf edib. Təəssüf ki, həmin işçinin vəzifə və adını öyrənə bilmədik. Təhsil Şöbəsinə yaxın mənbədən əldə etdiyimiz məlumat da yuxarıda qeyd olunan fikirləri təsdiqləyir. Mənbənin söylədiklərinə görə, Şöbə kart paylanması işini, bir növ, başından edib. Səhiyyə Şöbəsi isə tam əksinə olaraq işçilərinin rahatlığı üçün Bankla əməkdaşlıq edib. Təhsil Şöbəsinin belə biganəliyinin isə səbəbi məlum deyil. Halbuki, bütün şəhər tədbirlərində önəmli rol oynayan müəllimlərdir. Lakin bu gün onlar halal maaşlarını almaqda çətinlik çəkirlər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt