Əsas Səhifə > Gündəm, Manşet > Eldar İsmayılov və daha bir bank rəhbəri "bandotdeldə"də...
Eldar İsmayılov və daha bir bank rəhbəri "bandotdeldə"də...21-05-2015, 08:04 |
Beynəlxalq Bankdan götürülərək qaytarılmayan kreditlərlə bağlı araşdırmalar digər bankların da rəhbərlərinə çatıb. Analitik.az-a daxil olan məlumata görə, bu araşdırmalarda Byenəlxalq Bankdan kredit götürən və ya bu Bankın qarantiyası ilə digər maliyyə mənbələrindən milyonlarla manat vəsait almış digər kommersiya banklarının rəhbərləri də araşdırmalara cəlb edilib. Məlumata görə, Qafqaz İnkişaf Bankının Müşahidə Şurasının sədri, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Eldar İsmayılov DİN BMCQM-də aparılan istintaq işi üzrə dindirilib. Onunla bərabər, Bankın İdarə Heyətinin sədri Zəki Kəngərlinin də dindirildiyinə dair məlumat var. İstintaqçılar Beynəlxalq Bankdan girovsuz alınmış 12 milyon manat kreditin taleyinə aydınlıq gətirmək üçün Eldar İsmayılovu və Zəki Kəngərlini sorğu-sual ediblər. Həmçinin, Qafqaz İnkişaf Bankdakı akkreditiv hesablarından xarici ölkələrə köçürülmüş Beynəlxalq Bankın vəsaitlərinin də taleyi araşdırılır. Təbii ki, digər «geri qayıtmayan» yüzmilyonlar (milyardlar) kimi, bankirlər bu vəsaitlərin də taleyinə aydınlıq gətirə bilməyiblər. Hələlik Bank rəhbərliyinin hansısa şərtlər altında sərbəst buraxıldığı, lakin kreditlərin geri qaytarılmasına konkret müddət qoyulduğu bildirilir. Məsələni dəqiqləşdirmək məqsədilə Qafqaz İnkişaf Bankı ilə əlaqə saxladıq. Bankdan bildirdilər ki, bu haqda heç bir məlumata malik deyillər və bu informasiyanı bizdən eşidirlər. E. İsmayılovun özü ilə əlaqə saxlamağa cəhd etsək də, bu cəhdimiz boşa çıxdı. Onun qəbul otağından telefonun dəstəyini qaldıran olmadı. Analitik.az-a daxil olan digər məlumatda isə United Credit Bank-ın İdarə Heyətinin sədri Azad İsgəndərovun da BCQMİ-nə dəvət olunaraq sorğu-sual edildiyi bildirilir. A.İsgəndərovun dindirilməsi də müxtəlif şəxslərin adına girovsuz olaraq Beynəlxalq Bankdan götürülərək qaytarılmayan kreditlərlə bağlıdır. Yenə də söhbət milyonlardan gedir… United Credit Bank idarə heyətinin də sədri Azad İsgəndərovla əlaqə saxlamaq üçün onun iş telefonu ilə əlaqə saxladıq. Amma telefonun dəstəyini qaldıran olmadı. Əvəzində isə Bankın İdarə Heyəti Sədrinin müavini Vahid Əliyevlə əlaqə saxladıq. V. Əliyev bildirdi ki, A. İsgəndərov hazırda işdə yoxdur. Onun "Bandotdeldə" dindirlməsi ilə bağlı isə heç bir məlumata malik olmadığını qeyd etdi: "Bu barədə məlumatım yoxdur. Yaxşı olar ki, bankın ümumi əlaqə nömrəsinə zəng vurun. Oradan sizi istiqamətləndirsinlər." Çoxsaylı zənglərimizə baxmayaraq burada da dəstəyi qaldıran olmadı. Geri qayıt |