Əsas Səhifə > Gündəm, Manşet > Heydər Əsədovun işçisi də maliyyə maxinasiyalarında ittiham olunur

Heydər Əsədovun işçisi də maliyyə maxinasiyalarında ittiham olunur


19-05-2015, 08:36
Heydər Əsədovun işçisi də maliyyə maxinasiyalarında ittiham olunur
Redaksiyamıza daxil olmuş məlumatlarda “Aqrolizinq” ASC-nin Saatlı “Aqroservis” filialının müdiri Ələsgər Əhmədovun öz fəaliyyətində yol verdiyi qanun pozuntularından bəhs edilir. Mənbənin iddiasına görə ASC-nin xəttilə alınan azot gübrələri təyinatı üzrə çatdırılmayaraq qara bazarda satışa çıxarılır. Xəbər verilir ki, hətta Cəbrayıl rayonundan qaçqın düşmüş təsərrüfat sahibləri üçün güzəştli qiymətlə nəzərdə tutulmuş gübrələr də eyni sxemlə kənara satılmışdır. Bu barədə Saatlıdakı mənbədən aldığımız xəbərdə deyilir: “Məhsulların üzərindəki etiketdən açıq şəkildə görünür ki, onlar ölkəyə “Aqrolizinq”in xəttilə gətirilib. Fermerlərin bəziləri məcbur olub azotu elə bu satış nöqtələrindən alır. Fermerlərə güzəştli şərtlərlə məhsulun satışı ona görə ləngidilir ki, adamlar məcbur olub onu qara bazardan alsın. Burada isə məhsul dəyərindən 30% baha satılır.” Məlum olduğu kimi Saatlı “Aqroservis” filialı 2011-ci ildən fəaliyyətə başlamışdır. Filialın ümumi sahəsi 1 hektar olan ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılmışdır. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlərin, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələrin fermerlərə verilməsi nəzərdə tutulmuşdu. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Lakin bütün bunların müqabilində aldığımız açıqlamalarda filialının müdiri Ələsgər Əhmədovun əlində olan imkan və resurslardan yalnız öx şəxsi mənafeyi üçün istifadə etdiyi bildirilir. Saatlı rayonunda olan mənbələr iddia edirlər ki, lizinq yolu ilə texnika almaq üçün filiala müraciət edən vətəndaşların əksəriyyəti süründürməçiliyə məruz qalır. Bu xüsusda aldığımız məlumatlardan birində oxuyuruq: “Rayona gətirilən texnikalar bir qrup şəxsin əlində cəmləşib. Onların xeyir-duası olmadan heç kim texnika ala bilmir. Rusiya istehsalı olan traktorlar 57-60 min manata satılır. Finlandiya istehsalı olan kombaynların qiyməti 80 min manat, Almaniyadan gətirilən eyni texnika isə 120-150 min avrodur. Filial rəhbərliyi texnikaları lizinqə vermək üçün vətəndaşlardan əlavə pul tələb edir. Bundan imtina edənləri isə get-gələ salırlar. Lazımi sənədləri toplasan da, bir faydası yoxdur. Gərək mütləq filial rəhbərinə “hörmət” edəsən. Bu cür qeyri-rəsmi ödəmələr, bürokratik əngəllər sadə fermerlərin lizinq yolu ilə texnika almaq imkanlarını məhdudlaşdırır. Sözsüz ki, bu əngəllər rayonun aqrar sektorunun inkişafına maneçilik törədir.” Daha sonra məlumatlarda bildirilir ki, Saatlıdakı aqroservis xidmətlərində müxtəlif markalı kombayn və traktorlar, otbiçən, otbağlayan, otyığan, çiyidsəpən, taxılsəpən, gübrəsəpən, çiləyicilər və digər aqreqatlar olsa da, hamı onlardan istifadə edə bilmir. Belə ki, Ələsgər Əhmədovun yaxın ətrafına mənsub olan bəzi şəxslər müxtəlif adlar altında kəndli-fermer aqroservis xidmətləri yaradaraq, bütün mövcud texnikanı öz əllərində cəmləşdiriblər. Digər fermerlər və pay torpaqlarını əkib-becərənlər isə həmin texnikanı yalnız yüksək qiymətə icarəyə götürməli olurlar. Aldığımız digər bir məlumatda isə Saatlı “Aqroservis” filialının istismarında olan texnikalarda tez-tez baş verən nasazlığın aradan qaldırılması ilə bağlı təmir işlərinin də həmin texnikanı qısa müddətə icarəyə götürən kəndlilərin üzərinə düşdüyü bildirilir.Vurğulanır ki, filialın rəhbərliyi texniki qulluq işləri, maşın mexanizmlərin işlək, tam hazır vəziyyətdə olması ilə maraqlanmır...

Yazıda adı keçən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

Geri qayıt