Əsas Səhifə > Gündəm, Manşet > Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...

Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...


14-05-2015, 08:35
Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istefaya getməsi ətrafında yaranan suallar yavaş-yavaş öz cavabını tapmaqdadır. Son günlər «iş adamı kimi tanınan» bir sıra şəxslərin həbs olunması C.Hacıyevin ətrafında çevrəni daraltmaqla yanaşı, onun ölkənin ən böyük bankından uzaqlaşdırılmasının səbəblərini ortaya çıxarır. İstefasından sonra, onun guya, başqa bir yüksək vəzifəyə təyinat alacağına dair gümanlar puça çıxdı. Cahangir Hacıyevin bundan sonra, həbsdən qurtula bilməsi onun üçün yeganə ən yaxşı perspektiv ola bilər.

Analitik.az-ın məlumatına görə, son günlərin qalmaqallı həbsləri bilavasitə Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrü və fəaliyyəti ilə bağlıdır. Əvvəlcə Dövlət Bayrağı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun ətrafında yaranan qalmaqal və hüquq-mühafizə orqanının araşdırmaları paralel olaraq C.Hacıyevin də karyerasında məhvedici faktların ortaya çıxmasına zəmin yaradıb. Özəl mənbələrin məlumatına görə, R.Məmmədovun Nazirlər Kabineti yanında İdarə rəisliyindən çıxarılmasına səbəb təkcə çoxmilyonlu yeyintilər və işində yol verilən qanunsuzluqlar deyilmiş. R.Məmmədovun işdən çıxarılması və ətrafının bu cür silkələnməsi onun anasının erməni olması ilə bağlı açıqlanan məlumatlarla da tam bağlı olmayıb. R.Məmmədov himayədarına arxalanaraq, yuxusunda belə görə bilmədiyi o qədər «uzağa gedib çıxıb» ki, onu o yoldan qaytarmaq üçün başqa yol qalmayıb…

Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...

Analitik.az-a daxil olan xəbərlərə görə, son günlər dələduzluq və ictimai əmlakın talanması ittihamları ilə həbs olunan iş adamlarının barəsində araşdırmalar əslində bir neçə həftə əvvəl başlanılıb. Bu araşdırmaların başlanmasına 2 əsas versiya irəli sürülür. Bunlardan biri məhz Rəşad Məmmədovun ailəsindən «qaynaqlanan» məlumatlarla bağlıdır. Məhz R.Məmmədovun «diqqət mərkəzinə» gəlməsindən sonra, onun əlaqəli olduğu şirkət(lər)in Beynəlxalq Bankdan götürdüyü və mənimsənilən pulların araşdırılmasına başlandığı bildirilir.

Digər, daha tutumlu versiya isə bilavasitə keçmiş bankir Cahangir Hacıyevin öz fəaliyyəti ilə bağlıdır. Məlumata görə, manatın devalvasiyası ərəfəsində C.Hacıyev və komandası «çox fəal» hərəkət ediblər. Mətbuatda hallanan milyardlarla manat pulun ələ keçirilməsində C.Hacıyevçilərin «devalvasiya fəallığının» da rolu olduğu bildirilir. Yəni, söhbət təkcə Beynəlxalq Bankdan götürülərək qaytarılmayan və «batırılan» kreditlərdən getmir. 21 fevral ərəfəsində «dollar ajiotajında» qazananın elə Cahangir Hacıyev olduğuna dair məlumatlar var.

Bu məlumatların ən yüksək səviyyədə məruzə olunduğu və məhz ən yüksək səviyyədən heç bir güzəştsiz, sərt tədbirlərin görülməsinə qəti göstəriş verildiyi bildirlir.

C.Hacıyevin ətrafında, onun himayəsində olan şirkətlərin fəaliyyətinin yoxlanmasına 1 aya yaxın vaxt sərf olunub. Bütün maxinasiyalar, «devalvasiya möhtəkirlikləri» qovluqlara salınıb. Bilavasitə işin içində olan ilkin mərhələdə 25-dən artıq şəxsin məsuliyyətə cəlb edilməsinə əsaslar müəyyənləşib. Hələ adları açıqlanmayan, Beynəlxalq Bankdan pul götürən və bank vasitəsilə çoxmilyonluq dövriyyələri olan şirkətlərin hamısının fəaliyyəti təftişə alınıb. Yüzlərlə daşınmaz əmlak sənədlərinə baxış keçirilib, C.Hacıyevə yaxın «məmur-binesmenlərin» fəaliyyətinə qiymət verilib. Adi mənzillərdə on kiloqramlarla qızıl-zinət əşyalarının, mülk sənədlərinin saxlanc yerləri müəyyənləşib… Bir sözlə, böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal aşkarlanıb…

Keçmiş icra başçısı və iş adamlarının həbsi, növbədə kimdir?

Bütün araşdırma tədbirləri maliyyə maxinasiyalarının, yeyntilərin son ünvanının Beynəlxalq Bankın sabiq rəhbərinə apardığını göstərir. Bankın İdarə Heyətinin sədri kimi təminatsız və heç bir ciddi biznes-layihə ilə əsaslandırılmayan yüzmilyonluq kreditlərin verilməsinə məhz C.Hacıyevin məsul olduğu şübhəsizdir…

Bir neçə gündür ki, bəzi mətbu orqanlarının himayəçisini «axtardığı» Rəşad Məmmədovu Dövlət Bayrağı Meydanı İdarəsinə də, yüzmilyonluq dövriyyəsi olan şirkətə gətirib çıxaran da Cahangir Hacıyevin olduğu deyilir. Həbs olunan, «metanol Nizami» kimi tanınan N.Piriyev isə son illərdə C.Hacıyevin əsas biznes proyektlərinin icraçısı və formal rəhbəri olub. Şəkinin keçmiş icra başçısı Murad Cabbarlının, «Azərinşaat» MMC-nin direktoru Mehdi Əliyevin də C.Hacıyevin kurasiyasında olan biznes sahələrinə rəhbərlik etməsi sirr deyil.

Hacı İbrahim Nehrəmlinin DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) dindirilməsinə dair xəbərlər həbs dalğasının davam edəcəyini təsdiqləyən faktordur. Keçmiş deputat Dünyamin Xəlilovun da sıradan «iş adamı» olmadığı və 3 milyonluq kreditə görə yada düşmədiyini düşünmək olar. C.Hacıyevin «pambıq imperiyası»nın digər simaları da yəqin ki, yaddan çıxarılmayıb, onlara da növbə çatacağı gözlənilir…

Manatın ucuzlaşmasından xeyir götürənlər

Hər kəs Beynəlxalq Bankdan götürülmüş və mənimsənilən kreditlərə görə sorğu-suala çəkilərkən, keçmiş baş bankirin bu sorğu-sualdan kənar qalacağı məntiqsiz olardı. BMCQMİ-də dindirilməsi bildirilən 25-dən artıq «talançı»nın hamısının C.Hacıyevə birbaşa çıxışı olmasa da, onlar - bəziləri birbaşa özləri, bəziləri də üst patronları vasitəsilə Hacıyevin çevrəsində təmsil olunanlardır. Söhbət milyardlarla manat pulun mənimsənilməsindən, «devalvasiya möhtəkirliyindən», bununla da ölkənin iqtisadi sisteminə təsir edən maliyyə fırıldaqlarından gedirsə, kimsəyə güzəşt olunacağını düşünməyə dəyməz. Hələlik isə Cahangir Hacıyevin ətrafındakı dairə tam qapanmayıb…

BMCQMİ-dən ifadə verdiyi bildirilən yeni isimlər eşidəcəyik…Məlumata görə maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki, müstəntiqlər işi aparmağa vaxt çatdıra bilmirlər... Hər gün isə yeni faktlar çıxır... Bu arada Nərimanov rayon məhkəməsinin darısqal dəhlizli, köhnə təmirli binası Azərbaycanın son 10 ildə «çiçəklənən» biznes elitasına «ev sahibliyi» etməkdə çətinlik çəkə bilər…

Hələ C.Hacıyev özü şəxsən bu binaya təşrif buyurarsa…

Geri qayıt