Əsas Səhifə > Gündəm, Manşet > Banklardakı “qara siyahı”ya neçə adamın adı düşüb?
Banklardakı “qara siyahı”ya neçə adamın adı düşüb?7-05-2015, 09:19 |
“Biz sizin haqqınızda hər şeyi bilirik”. Azərbaycan Mərkəzi Bankının tərkibində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin əməkdaşları istəsələr, bu sözləri indiyədək ölkə banklarından kredit almış 2,3 milyon nəfərə deyə bilərlər. Banklardan kredit alan bütün müştərilər, onların kreditləri necə qaytarması barədə məlumatlar məhz bu reyestrdə toplanır. Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən 2014-cü ili əhatə edən son məlumatda göstərilir ki, ötən il kredit reyestrində bankdan kredit götürən 2,3 milyon fiziki və hüquqi şəxs barədə 9 milyona yaxın kredit tarixçəsi saxlanılır. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 1 milyon nəfəri ötüb. Ölkə vətəndaşları öz kredit tarixçələrini elə indi də öyrənə bilərlər. Kredit tarixçəsinin necə olduğunu bilmək istəyənlər bunun üçün reyestrə müraciət etməlidirlər. Cavabını uzağı 3 günə biləcəklər. Öz kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Ötən il öz kredit hesabatını əldə etmək üçün MKR-ə 77,558 şəxs müraciət edib ki, bu, ötən illə müqayisədə təxminən 15 dəfə artıqdır. Belə ki, 2013-cü ildə müraciət edənlərin sayı 5355 nəfər olub. Reyestrdən məlumat almaq üçün cəmi 1 manat ödəmək kifayətdir. Bankların sənin haqqında nə fikirləşdiyini bilmək üçün bu, o qədər də böyük pul deyil. Bank üzrə mütəxəssis Etibar Səmədov Analitik.az-a deyib ki, reyestrdə müştərilər haqqında olan məlumatlar, yəni kreditin müddəti, qalığı, gecikdirilməsi və ya vaxtında ödənməsi barədə məlumatlar yer alır: “Banklar kredit porfeli barəsində ay ərzində 2 dəfə Mərkəzləşdirilmiş Kredit Reyesteri Xidmətinə (MKRX) məlumat verirlər. Ayın əvvəlində və ortasında hesabatlar reyesterə təqdim olunur. Bankın nə qədər müştərisi varsa, bu haqda hesabatlar reyestrə ötürülür. Orada mərkəzləşmiş baza var. Bütün məlumatlar bu bazada toplanır. Bütün banklar, müştəri kredit istəyəndə həmin xidmətdə müştərinin kredit tarixçəsinə baxırlar. Banklarda MKR-nin saytı yerləşdirilib. Ora daxil olub müştərinin İD-ni, müştəri haqqında məlumatları və seriya nömrəsi qeyd olunr. Bundan sonra isə müştərinin indiyədək götürdüyü bütün kreditlər, məbləği, qalığı, krediti necə ödədiyi haqqında məlumatlar sistemdə çıxır. Həmçinin müştərinin adına olmuş və bağlanmış kreditləri də sistem göstərir. Müştərinin krediti hansı bankdadırsa, kredit mütəxəssisinə bu haqda da məlumat verilir. Bu da banklara müştərilər haqqında geniş məlumat verir ki, gələcəkdə problemli kreditlər yaranmasın.” Mütəxəssis onu da qeyd etdi ki, müştəri haqqında məlumatların MKR-ə daxil edilməsi üçün müraciət edənin mütləq şəkildə rəyi olmalıdır.Yəni müştəri özü razılıq verməlidir ki, haqqında olan məlumatların yoxlanılmasına etiraz etmir: “Müştəri birinci dəfə banka müraciət edəndə ondan müraciət ərizəsi və kredit sifarişi götürülür. Kredit sifarişi doldurulur və sonda müştəri imza atır. İmza atmamışdan öncə həmin sifariş vərəqinin yuxarı hissəsində belə bir ifadə qeyd olunub: “Mənim haqqımda məlumatların, borcların, öhdəliklərin yoxlanılmasına etiraz etmirəm.” Bu sifariş doldurulduqan sonra onun əsasında sorğu aparıla bilər. Müştərinin razılığı olmadan o sorğunu aparmaq olmaz.” Qeyd edək ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrinin xidmətlərindən 41 bank və 45 bank olmayan kredit təşkilatı istifadə edib. Başqa sözlə, ölkədəki bankların hamısı, bank olmayan kredit təşkilatlarının isə 90%-i müştərilərinə kredit vermək barədə qərar qəbul edəndə MKR-in məlumatlarına əsaslanırlar. Bu dövr ərzində reyestrdə 3,243,077, o cümlədən banklar və BOKT-lər tərəfindən 3,165,519 sorğu həyata keçirilib. Bu isə ötən illə müqayisədə MKR-ə edilən sorğuların sayından 1,4 dəfə çoxdur. İqtisadçı-eskpert Rəşad Həsənov Analitik.az-a bildirdi ki, Mərkəzi Bank tərəfindən yaradılan Mərkəzləşdirilmiş Kredit Reyestr Xidməti bank sisteminin maraqlarına xidmət edir. Bu, xüsusilə onunla bağlıdır ki, vətəndaşın kredit tarixçəsi deyilən bir baza formalaşdırılır. Bu da bank sistemi üçün sərfəlidir ki, daha çox vaxt və əmək sərf etmək məcburiyyətində qalmırlar: “İkinci bir tərəfdən isə burada doğru məlumatlar yer alır. Bir çox hallarda əvvəlki dövrlərdə vətəndaşların banklara yanlış məlumat verməsi nəticəsində düzgün olmayan qərarlar qəbul edilirdi ki, bu da sonrakı dövrlərdə problemli kreditlərin yaranmasına və sayının artmasına gətirib çıxarırdı. Belə bir mexanizm dünyada olan bir təcrübədir. Bu əslində bank sistemi üçün problemli kreditlərin artmasının qarşısının alınması və informasiya təhlili xaraketeri daşıyır.” R. Həsənovun sözlərinə görə, artıq MKR yaradılandan sonra müşahidə edilir ki, vətəndaşlar kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar. Çünki onlar üşün açılmış şəxsi hesabda nöqsanların olmamasına cəhd göstərirlər:“Ona görə ki, kredit insanların həyatına o qədər sirayət edib ki, vətəndaşlar düşünürlər ki, bundan sonrakı dövrlərdə də böyük ehtimalla kredit götürməyə məcbur olacaqlar. Bu səbəbdən də kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar.” Geri qayıt |