Əsas Səhifə > Gündəm, Manşet > “Tikinti Təchizat Dizayn” MMC və “Şirvan İnşaat” MMC-lərin vasitəsilə talanan büdcə
“Tikinti Təchizat Dizayn” MMC və “Şirvan İnşaat” MMC-lərin vasitəsilə talanan büdcə14-03-2015, 10:18 |
Bu gün ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında Ağdaş rayonunun da əhəmiyyətli rolu var. Dövlətin kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlara qayğısı onların işgüzarlığını artırmaqla yanaşı, yaşayış səviyyələrinin yüksəlməsinə də təsir edir. Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Artıq qeyd olunduğu kimi Ağdaş rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün rayonda fəaliyyət göstərən iki suvarma idarəsinin fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, hazırda Ağdaşda iki suvarma idarəsi vardır. Bunlardan biri Ağdaş Suvarma Sistemləri İdarəsidir. Bu idarə rayonun şimalında və mərkəzində yerləşən 60 yaşayış məntəqəsinin əkin sahələrinə suvarma suyu verir. Rayonun ikinci suvarma idarəsi olan Pirəzə Mexaniki Suvarma İdarəsi isə Ağdaşın və Yevlax rayonunun 11, Ucarın 1 kəndini, eləcə də meşə əkinlərinin suvarılmasını təmin edir. Bu idarənin suvardığı ərazilərin ümumi sahəsi 9650 hektardır. Təbii ki, bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Pirəzə Mexaniki Suvarma İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi İlham Əliyevin üzərindədir. Lakin redaksiyamıza daxil olan məlumatlarda yerli fermerlər sözü gedən idarənin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəhbərliyi tərəfindən isə ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, rəhbərlik tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Həmçinin məlumatlarda bildirilir ki, Pirəzə Mexaniki Suvarma İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ( “Tikinti Təchizat Dizayn” MMC, “Şirvan İnşaat” MMC və s.) ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən idarə müdirinin özünə qaytarılır. Təbii ki, müəssisə rəhbərləri də bu maxinasiyalardan öz faizlərini alırlar. Məlumatlarda bu da bildirilir ki, Pirəzə Mexaniki Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur. Bu təcrübənin daha çox suvarma stansiyalarında yayıldığı xüsusi olaraq qeyd olunur... Geri qayıt |