Əsas Səhifə > Gündəm, Manşet > Kərəm Həsənovun adamları camaatı necə aldadır?

Kərəm Həsənovun adamları camaatı necə aldadır?


18-02-2015, 09:41
Kərəm Həsənovun adamları camaatı necə aldadır?
Prezident İlham Əliyevin ölkədə sənədsiz tikililərin, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı göstərişi və bundan sonra hökumət qurumlarının başladığı tədbirlər əhalidə böyük ümid yaratdı. Sənədsiz ev sahibləri dövlət başçısının qərarının müsbət nəticələrini gözlədiyi bir vaxtda «sənəd maklerləri» vətəndaşların gözləntilərindən sui-istifadə etməyə başlayıblar. Həm də bu cür «sənəd maklerləri» təəssüf ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxınlarının ətrafındadır. Analitik.az-a daxil olan məlumata görə, Kərəm Həsənovun əmisi oğlu, eyni zamanda köməkçisi Kamal Həsənovun adından “bəhrələnən” Nadir adlı şəxs, artıq 4 aya yaxındır bir neçə nəfərdən evlərini sənədləşdirmək adı ilə külli miqdarda pul alıb. Amma ötən müddətdə Nadir, vətəndaşlara nəinki evlərin sənədlərini düzəldib verməyib, hətta, aldığı pulları belə geri qaytarmayıb. O da qeyd edilir ki, Cəlilabadın Günəşli kəndindən olan bu adam, özünü bəzi şəxslərə Əmlak Komitəsinin məsul işçisi kimi təqdim edərək, bu sahədə təcrübəsi olduğunu, “lisenziyalı ofis”lə iş gördüyünü bildirməklə, onlarda sənədləri düzəldəcəyinə 100 faiz əminlik yaradıb. Bununla bağlı Analitik.az-a müraciət edən şəxslər Nadirin Kərəm Həsənov və onun köməkçisi Kamalla qohumluq əlaqələrini, digər vəzifəli şəxslərlə hansı işləri gördüyünə dair məlumatları bildirsələr də, hələlik bu məsələlərə toxunmuruq. Bu adam həm də Həsənovların obyektlərini idarə etdiyini, onlarla işbirliyində olduğunu fəxrlə bildirir...

Məlumata görə, Nadir mənzil və evlərin sənədləşdirilməsini şəxsi tanışlıq vasitəsilə Reyestr Xidmətindən keçirməyi üzərinə götürərək, qohum və tanışlarından ona müraciət edənlərdən pul alıb. Əvvəllər, bir neçə dəfə işi müsbət həll etdiyindən, tanışları da onun bu əlaqələrinin keçərli olduğuna inanıblar. Belə ki, Nadir Komitə sədri K.Həsənovun köməkçisi Kamalın vasitəsilə istənilən sənədi «həll etməyə» imkanı olduğuna hər kəsdə əminlik yaradıb. Əvvəllər belə işlərdə Nadirin “xüsusi imtiyaza və bacarığa” malik olduğunun əyani şahidləri də pul verərək “əli yananlar” arasındadır...

Bir neçə şəxsdən pul alandan sonra müəyyən sənədləşmə işlərinə başlanıldığını deyən Nadirin təqdimatı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları, hətta sənədləşdirilməli evlərə gələrək texniki pasportun hazırlanması üçün lazımi ölçü işləri də aparıblar. İşlərin tam qaydasında olduğunu, Xidmət rəhbərliyinin «dərkənarı»nı aldığını deyən Nadir, buna görə ev sahiblərindən əlavə də pul alıb. Bir neçə aylıq vədlərdən sonra isə, artıq ev sahiblərinin «səbr kasası» dolub. Gözləntilərinin boşa çıxdığını anlayan vətəndaşlar ya sənədini, ya da pulunu geri tələb etdikdə isə Nadir müxtəlif bəhanələrlə qaçmağa başlayıb...

Dövlətimizin başçısı Prezident İlham Əliyev dəfələrlə vəzifəli şəxsləri, məmurları sadə insanları incitməməyə, onların haqlarını qorumağa, qohum və yaxınlarını qanunsuz hərəkətlərdən çəkindirməyə çağırıb. Prezidentin tapşırıq və tövsiyələrinə əməl etməyənlərin son aqibətini də görürük. Ancaq təəssüf ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ətrafında özünə “yer eləyən” şəxslər vətəndaşların inamından sui-istifadə edərək onları aldatmaqla məşğuldur. Bəs görəsən, Kərəm Həsənovun "Kamal və Nadir" məsələsinə münasibəti necə olacaq? Deyəsən, bəzilərinin yığıb-yığışdırdıqları bəs eləmir deyə, artıq “sənəd düzəltmək” adı altında insanların əllərində olan pullarını çırpışdırmağa başlayıblar. Mövzunu davam etdirəcəyik...

Geri qayıt