Əsas Səhifə > Gündəm, Manşet > “Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev axtarışa verilib
“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev axtarışa verilib30-01-2015, 10:29 |
“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayev axtarışa verilib. Bu barədə İstiqlal.az saytına daxil olan məlumatda deyilir ki, Ənvər Mustafayevin axtarışa verilməsi onun Heydər Əliyev Fondunun adından dələduzluq etməsilə bağlıdır. Məlumatda deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun 224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları Heydər Əliyev Fondunun xəttilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcək. Bu üsulla “Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (BMCQMI) müraciət ediblər. Sözügedən qurum dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb. Ənvər Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa, zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə qaytarılıb. Pulun qaytarılması barədə qəbz də mövcuddur. “Azərbalıq”ın keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa müddətdə geri çəkəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev vədinə xilaf çıxıb. Bu halda işin araşdırılması aidiyyəti üzrə Nəsimi Rayon Polis Idarəsinə göndərilib. Bu barədə BMCQMI-nin rəisi Mirqafar Seyidovun imzaladığı 30 dekabr 2009-cu il tarixli məktubu mövcuddur. Nəsimi Rayon Polis Idarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ənvər Mustafayev istintaqa cəlb edilib. Lakin istintaq zamanı Ali Arasla Yusif Həşimovu aldatdığını danıb. O, bildirib ki, türk iş adamı və ortağından aldığı pulu Elçin Əsgərov adlı şəxsə verib. Həmin şəxs isə sonradan bəlli olmayan səbəblərdən intihar edib. Müstəntiq Valeh Nəbiyev bu faktı əsas gətirərək 2010-cu il oktyabrın 30-da cinayət işinin icraatını dayandırıb. Lakin Nəsimi Rayon Prokurorluğu müstəntiqin qərarını ləğv edərək cinayət işinin istintaqının davam etdirilməsi üçün yenidən Nəsimi Rayon Polis Idarəsinin istintaq şöbəsinə qaytarıb. 24 dekabr 2010-cu il tarixdə cinayət işi üzrə icraat təzələnib. Dekabrın 27-də isə Valeh Nəbiyev növbəti dəfə cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib. Bu dəfə müstəntiqin bu hərəkətindən məhkəməyə müraciət edilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev 11 mart 2011-ci il tarixli qərarı ilə Valeh Nəbiyevin qərarını ləğv edib. Və martın 30-da 8463 saylı cinayət işi yenidən Valeh Nəbiyev tərəfindən icraata qəbul edilib. Müstəntiq isə elə həmin gün cinayət işinin icraatını dayandırıb. Valeh Nəbiyev yenə də əvvəlki qərarını əsaslandıra bilməyib. Təsəvvür edin, müstəntiq qərarında yazır ki, bu işlə əlaqədar “Azərcell”, “Bakcell” və “Azərfon”a sorğu göndərilib. Amma Valeh Nəbiyev niyə bu sorğuların cavabını gözləmədən cinayət işinin icraatını dayandırmasını izah etmir. Lakin zərərçəkən tərəfin səyləri nəticəsində yenidən cinayət işi başlanıb. İstintaq yekunlaşandan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bildirilir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə prokuror Ənvər Mustafayevə 11 azadlıqdan məhrumetmə cəzası istəyib. Ənvər Mustafayev barəsində həbs qətimkan tədbiri seçilmədiyindən onun qaçdığı iddia olunur. Bundan sonra zərərçəkən tərəf Ənvər Mustafayev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub və Ənvər Mustafayev barədə axtarış elan olunub. Geri qayıt |