Əsas Səhifə > Gündəm, Manşet > Qazaxda bazarın “uçastkovı”sı özünü əsl bazar adamı kimi aparır

Qazaxda bazarın “uçastkovı”sı özünü əsl bazar adamı kimi aparır


15-01-2015, 08:40
Qazaxda bazarın “uçastkovı”sı özünü əsl bazar adamı kimi aparır
DİA.AZ: - Son illər əhalinin keşiyində duran polis işçiləri arasında işinin öhdəsindən gələ bilməyən və polis adına xələl gətirənlərə qarşı nazir Ramil Usubovun təxirə salınmaz hərəkətləri ictimaiyyət tərəfindən alqışlanır. Lakin heç də bu son deyildir. Etiraf edək ki, polis zabitləri ali təhsilli olduqları üçün mədəni davranış qabiliyyətinə malikdirlər. Çünki, ən azından müəllim-professor qabağında oturublar. Sıravi polis nəfərləri isə bu yolu keçmədiyindən əyinlərinə geydikləri formalardan məqsədli şəkildə istifadə edir, vətəndaşların hüquqlarını pozmağa çalışırlar.

Qazax Şəhəri, Bakı küçəsində məskunlaşmış Mustafayeva Zülfiyyə Güləddin qızının və Muradov Çingiz Əziz oğlunun DİA.AZ verdiyi şikayət məktubu da deyilənlərin bariz nümunəsidir. Onlar bildirirlər ki, “ hər ikimiz Qazaxın mərkəzi kolxoz bazarında tərəvəz məhsulları alıb-satmaqla ailəmizi birtəhər dolandırırıq. Hər vaxt da guya bazarda asayişi qorumaqla məşğul olan polis zorakılığı ilə qarşılaşırıq. Qazax Rayon Polis Şöbəsinin polis çavuşu Nəsibov Mahmud Fevral oğlu bazarda işləyənləri əsassız olaraq təhqir edir, ən pis söyüşləri işlətməklə onlara hədə-qorxu gəlir, açağılayır. Qadın-kişiyə fərq qoymadan mallarını dağıdır, onların qolundan və qıçlarından yapışaraq bazarda sürükləyir. Polis nəfəri bu hərəkəti ilə polis adına və şərəfinə ləkə gətirir”.

Sonda həmin vətəndaşlar canlarını Nəsibov Mahmuddan qurtarmaqdan ötrü aidiyyəti orqanlardan və DİN rəhbəri Ramil Usubovdan köməklik istəyirlər.

Necə deyərlər, ictimailəşdirmək bizdən, tədbir görmək isə polis çavuşu Nəsibov Mahmud Fevral oğlundan vəzifəcə böyük olanların boynuna...

Geri qayıt