Əsas Səhifə > Gündəm, Manşet > Mədət Quliyevin işçisindən ŞOK ADDIM: Dustaqlardan pul alınır, evə buraxılır…

Mədət Quliyevin işçisindən ŞOK ADDIM: Dustaqlardan pul alınır, evə buraxılır…


30-12-2014, 10:08
Mədət Quliyevin işçisindən ŞOK ADDIM: Dustaqlardan pul alınır, evə buraxılır…
DİA.AZ: - Ucar Rayonu Azərbaycan küçəsi ev 6 ünvanında yaşayan Aslanovlar ailəsi adından redaksiyamıza şikayət məktubu daxil olub. Aslanov Ağanur Əmir oğlu və Aslanova Rəqimə Məhəmmədəli qızı tərəfindən imzalanan məktubu DİA.AZ olaraq təqdim edirik:

“Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşı bizi aldadıb 1500 manat pulumuzu alsalar da, məhkum oğlumuz Aslanov Elnurun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır.

Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb, Müəssisəyə getməməsi üçün hər ay 120 manat pul vermişik. İmkanımız olmadı deyə, təyin edilmiş aylığı ödəyə bilmədik və buna görə də oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər. İndi də onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik.

Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda belə edirlər, bu haqsızlıqdır. Gedib yoxlasınlar, 2 saylı MTCÇM-də heç bir nəfər də olsun belə məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq orada 1000-ə yaxın məhkumun saxlanılması sənəddə qeyd edilir. Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəsisəinə qaytarırlar. Kiminsə buna şübhəsi varsa, gedib araşdıra bilər.

Zəng edib 2-saylı MTCÇM-nin Seymur adlı əməkdaşından pulumuzu qaytarmasını istəmişik. Ancaq hələ də pulumuzu qaytarmayıblar. Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Cəzasını 6 saylı CÇM-də çəkib. Bu ilin may ayı tarixində cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir. Xahiş edirik biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik edəsiniz”.

DİA.AZ bildirir ki, vətəndaşlar əslində pullarını tələb edərkən həm də çox ciddi bir ittihamı da səsləndirilər. Söhbət 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yönəlik ittihamdan gedir. Yəni anlaşılanı budur ki, cinayət törətmiş şəxslərdən sən demə, rəhbərlik pul alıb, onları qanunsuz olaraq EV DUSTAĞINA çevirirmiş...

Bu iddialarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt