Əsas Səhifə > Gündəm, Manşet > Şəmkir sakini həbsdə olan qardaşının taleyindən nigarandır: Onu öldürə bilərlər

Şəmkir sakini həbsdə olan qardaşının taleyindən nigarandır: Onu öldürə bilərlər


27-11-2014, 12:53
Şəmkir sakini həbsdə olan qardaşının taleyindən nigarandır: Onu öldürə bilərlər
DİA.AZ: - Şəmkir rayonu Həzi Aslanov küçəsi ev 82 də yaşayan Abdullayeva Seyranə Oruc qızı DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Müraciətin mətnində deyilir:

“Bu şikayətimdə Sizə bildirirəm ki, artıq 5 aydır ki, qardaşım məhkum Abdullayev Bayram Oruc oğlu 12-saylı Cəzaçəkmə Müəssisəsində cəza yox, əzab-əziyyət, psixoloji işgəncə çəkir ki, bu barədə 12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov qəsdən, qərəzli olaraq heç bir tədbir görmürlər. Məqsəd isə qardaşımdan qisas almaq üçün onu təxribata çəkməkdir.

Belə ki məhkum Tağıyev Elçinlə qardaşım Bayramın aralarında qərəzçiliyin olmasına baxmayaraq onları bir yataqxanada, eyni kupedə saxlayırlar. Bu da təxribatdır. Bayram bu məhkumla düşməndir, aralarında qərəzçilik var. Bunun axırı ölümlə, ağır xəsarətlə qurtara bilər ki, müəssisə rəhbərliyi də bunu istəyir. Baxmayaraq ki, bu barədə çoxlu sayda şikayətlər etsəm də, müəssisə rəhbərliyi, Penitensiar Xidmətin rəisi heç bir tədbir görmür.

Bu özbaşınalıqdır, qanunsuzluqdur. Bunun qarşısı alınmalıdır. Mən şəxsən bu barədə Penitensiar Xidmətin qaynar xəttinə, Ombudsmana, İctimai Komitəyə müraciət etsəm də, heç bir tədbir görülməmişdir. Bu qanunsuzluğun başında 12-saylı CÇM-nin korrupsiyaya qurşanmış rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov dayanır.

Qardaşım Bayram da, ailəmiz də Penitensiar Xidmətin rəisi Mədət Quliyevə dəfələrlə ərizə ilə müraciətlər edib. Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə köməklik göstərməsini xahiş etmişdik. Ancaq həmin ərizəmizə cavab verilsə də, indiyədək köçürülmə icra edilməmişdir. Şəki Penitensiar Müəssisəsinə məhkumların köçürülməsi isə rüşvətlə həyata keçirilir.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident ailəmiz adından Sizdən xahiş edirik, həyat və sağlamlığı ciddi təhlükədə olan qardaşım məhkum Bayramın 12-saylı CÇM-dən Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə köməklik göstərəsiniz”.

Geri qayıt