Əsas Səhifə > Gündəm, Manşet > “Cənab Etibar Pirverdiyev, bizim Prezidentimizə olan inamımızı niyə sarsıtmaq istəyirsiniz?!”
“Cənab Etibar Pirverdiyev, bizim Prezidentimizə olan inamımızı niyə sarsıtmaq istəyirsiniz?!”26-11-2014, 09:13 |
Saatlı rayonunun Soltanabad kənd sakini Həşimov Rəşad Xanəli oğlunun redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti “Azərenerji” ASC-nin prezidenti E.Pirverdiyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri O.Əsədova və Saatlı rayon Enerji Təchizatı İdarəsinin rəisi Ə.Kəlbiyevə ünvanlı müraciəti daxil olub. Müraciətdə bildiririlir: “Hörmətli cənab Prezident! Hörmətli cənablar! 33 yaşım var. Evliyəm. Heç yerdə işləmirəm. Bilmirəm kimin günahıdır: valideynlərim qarşısında günahkar kimiyəm. Şəkər-diabetli müəllim atam banklardan kredit götürüb mənə ev tikdirib. İki aydır ki, hazır evə köçə bilmirik. Evimə işıq çəkmirlər. İşığı kim çəkməlidir? Məəttəl qalmışam! Şəbəkə rəisi deyir: yerli təşkilatlar çəkməlidir. Yerli təşkilatlar da deyir: işıq şəbəkəsi çəkməlidir! Hörmətli cənablar! Siz deyin, mən təzəbinənin evinə kim işıq çəkməlidir?! Hörmətli cənab Prezident! Siz deyəndə ki, iqtisadi cəhətdən Azərbaycan bölgənin lider dövlətidir, mən həqiqətən qürur hissi keçirirəm. Bu Saatlı məmurları evimə işıq çəkmədikcə nəinki məni XXI əsrdə qaranlıqda qoyurlar, həm də Sizin sözlərinizə qaranlıq kölgə salırlar. Fikirləşirəm: lider dövlətimizin doğrudanmı beş dirəyə, bir az telə, bir sayğaca gücü çatmır? İki ildir ki, Saatlının - rayonun mərkəzi və bir neçə böyük kəndi kabelləşmə sisteminə keçib. İndi də bu istiqamətdə iş gedir. Çıxarılan işıq dirəkləri necə olur? Hara gedir? Bəzən söz-söhbətlərə görə bu dirəklər adamlara material kimi satılır. Əgər belə olmasaydı, mənim kimi təzə binələrə - Azərbaycan vətəndaşına işıq çəkmək elə böyük problem olmazdı. Üzümü E.Pirverdiyevə və Ə.Kəlbiyevə tuturam: adam adamı işıqsız qoymaz! Cənab Etibar Pirverdiyev, bizim Prezidentimizə olan inamımızı niyə sarsıtmaq istəyirsiniz?! Hörmətli cənab Prezident! Qarşıdan qış gəlir. İnanıram ki, ya məktublar şöbəsinin əməkdaşları, ya da Saatlıdakı məmurlar bu dəfə mənə, müəllim atama hörmət etməsələr də, dövlətimizin adına hörmət edib evimə, nəhayət, işıq çəkəcəklər”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ tezadlar.az \\ Geri qayıt |