Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan Qarabağ probleminin həllini kimin qapısında axtarmalıdır
Azərbaycan Qarabağ probleminin həllini kimin qapısında axtarmalıdır20-10-2014, 10:18 |
DİA.AZ: - Son zamanlar Qərbin ciddi basqılarının Azərbaycana yönəlməsi faktdır. Vəziyyət o həddə çatıb ki, hətta okeanın o tayından ölkəmizin əleyhinə az qala hər gün hansısa açıqlamaya şahidlik edirik. Ki, bunun da səbəbləri məlumdur. Təbii ki, rəsmi Bakının Rusiya ilə münasibətlərini qaydasına salması Qərbdə xoş qarşılanmayacaqdı. Və qarşılanmadı da. Kimlərsə elə bir təəssürat yaratmağa çalışırlar ki, guya Qərb dairələri Azərbaycana qarşı sərt mövqeyə ona görə keçid ediblər ki, hansısa hüquq müdafiəçiləri həbs olunub və yaxud da hansısa müxalifət təşkilatına təzyiqlər edilir. Təbii ki, bu arqument olduqca zəifdir. Əslində Qərbin və xüsusən də ABŞ-ın Azərbaycana basqıları gücləndirməsi rəsmi Bakının Kremllə siyasətini uzlaşdırma təşəbbüsləridir. Burada isə Azərbaycanı hədəfə çevirmək, ələlxüsus rəsmi Bakını yanlış siyasət yüütməkdə ittiham etmək ən ağılsız olanıdır. Çünki ortada nümunələr var. Bunlardan da əsas olanı isə Azərbaycanın bir müstəqil dövlət olması faktorudur. Kimsə iddia edə bilməz ki, Azərbaycanın öz xarici siyasət kursunu məhz Qərbin maraqları fonunda uzlaşdırması müstəqilliyimizi möhkəmləndirən, Rusiya ilə ayaqlaşması isə müstəqilliyimizi təhdid edən amildir. Əslində Azərbaycanın belə biri seçimin astanasında olması, daha dəqiqi, belə bir seçimi etmə şansını əldə etməsi faktının özü müstəqilliyin təzahürü kimi qəbul edilməlidir. Yəni Azərbaycan müstəqil olmasaydı, seçim imkanına malik olmazdı. Ona görə də Azərbaycanın Rusiyanın əsarətində olduğunu iddia edənlər yanıldığı kimi, Azərbaycanı Qərbə calamaqla müstəqilliyimizin daha da möhkəm olac\ağını iddia edənlər də yanılır. Qərbin təzyiqlərinə gəlincə isə, bu səbəbdən rəsmi Bakının qınaq hədəfinə çevrilməsi də yalnız və yalnız düşmən maraqlarına xidmətə bərabərdir. Çünki bu gün rəsmi Bakı heç də hakim Yeni Azərbaycan Partiyasının iqtidarda saxlanılmasından sorumlu deyil. Rəsmi Bakı bu gün Azərbaycan dövlətinin var olmasından və dövlət maraqlarının yürüdülməsindən bir nömrəli cavabdeh olan ünvandır. Və bu gün rəsmi Bakının məhz Azərbaycan naminə güclərin qovğasında tərəfə çevrilməmə yolunu seçməsi ən ağıllı olanıdır. Təbii ki, hər şey Rusiyanın Krımı işğal etməsindən sonra başladı. Bəli, Azərbaycan dövlətini rusiyapərəstlikdə ittiham edənlərin nəzərinə çatdıraq ki, rəsmi Bakı Krımın məhz işğal olunduğunu bildirir və bunu açıq şəkildə bəyan edib. Hər halda, Azərbaycan müstəqil olmasaydı, Ermənistan kimi Kremlin hər bir primitiv vəhşiliyini belə alqışlayan siyasəti dövlətimiz tərəfindən də alqışlanardı. Rusiya ilə Azərbaycanın tərəfdaşlığına gəlincə isə bu qaçılmaz bir aqibət idi. Azərbaycan o qədər güclü deyil ki, Rusiya ilə kəllə-kəlləyə gəlsin və Azərbaycan heç də ağılsız deyil ki, Rusiya ilə kəllə-kəlləyə gəlib, Ukraynanın, Gürcüstanın aqibətini yaşasın. Bu gün Ukraynanın hansı aqibəti yaşadığı ortadadır. Gürcüstan isə ölkənin tamamının Rusiya tərəfindən məhv edilərək işğaldan zorla qurtuldu. Yəni belə bir Rusiyanın qonşuluğunda Azərbaycanın Qərbin təhrikləri ilə sonu heç də yaxşı görünməyən oyunlara cəlb olunması ən yanlış siyasət olardı ki, rəsmi Bakı belə bir seçimi etmədi. Təbii ki, bu gün Azərbaycanı idarə edən qüvvələr də yaxşı bilirlər ki, Rusiyanın regionda yürütdüyü siyasət enində-sonunda iflasla nəticələnəcək. Amma bu o demək deyil ki, Azərbaycan bu iflas aqibətini paylaşmalıdır. Rusiya batacaqsa, özü ilə bərabər qarşısında dayananları da batıracaq. Azərbaycanın isə belə bir şəraitdə Rusiyanın qarşısında dayanması, hansısa qərbçi analitiklərin könlünü oxşamağa çalışmaqla, daha böyük bədəlləri ödəməsi yanlış olanıdır. DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, bu gün əslində rəsmi Bakının etdiyi seçim yerli cəmiyyətimiz tərəfindən də dəstəklənir. Xüsusən ona görə ki, bu gün hər bir azərbğaycanlı onu əsas olaraq narahat edən bir nömrəli problemlərinin - Qarabağ probleminin həllinin məhz Rusiyanın əlində olduğuna inanır. Bu, həqiqətən də belədir. Ona görə də, İlham Əliyevin bu gün Qarabağı kimdən istəməsinin yanlış seçim olduğunu iddia edənlər, yalnız psevdodemokratiya pərgarlarının təxəyyülü ola bilər. DİA.AZ Analitik Araşdırma Qrupu Geri qayıt |