Əsas Səhifə > Gündəm, Manşet > Qala qəsəbəsi sakinlərinin əsəblərini tarıma çəkən kimlərdir?

Qala qəsəbəsi sakinlərinin əsəblərini tarıma çəkən kimlərdir?


18-10-2014, 11:42
Qala qəsəbəsi sakinlərinin əsəblərini tarıma çəkən kimlərdir?
Redaksiyamıza Bakının Xəzər rayonu Qala qəsəbəsinin sakinləri tərəfindən ünvanlanan şikayət məktubları daxil olmaqda davam edir. Qeyd etmək lazımdır ki, bu qəsəbədə yaşayan vətəndaşlar bu gün özlərini sanki “bir məngənənin iki dişi” arasında qalmış kimi hiss etdiklərini bildirirlər. Təbii ki, məcazi mənada söylənilən bu ifadənin tamamilə real əsasları vardır. Qəsəbə sakinlərinin öz bənzətmələrinə müraciət etsək, bu zaman həmin məngənənin bir “dişi”nin Xəzər RİH başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynovun, digər “diş”in isə Qala bələdiyyəsinin sədri Talıb Babayevin olduğunu görərik. Məsələ bundadır ki, bu iki məmurun qəsəbədə törətdikləri özbaşınalıqlar və qanunsuzluqlar qalalıları çox arzuolunmaz bir duruma salmışdır. Artıq neçə müddətdir ki, ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində paytaxtın ətraf kənd və qəsəbələrində yenidənqurma və abadlıq işləri geniş vüsət almışdır. Lakin bütün bu inkişaf və yüksəliş sanki hansısa görünməz səddə dirənərək, Qala qəsəbəsinə heç cür yol tapa bilmir. Qəsəbə sakinləri redaksiyamıza ünvanladıqları şikayət məktublarında ilk növbədə bildirirlər ki, burada torpaq sahələri sakinlərin xəbəri olmadan satışa çıxarılır, hərracdan kənar satılır və ərazilər zəbt edilir. Qəsəbədə hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, ərazidə yerli sakinlərə pay torpaqlarının verilməsiəsil müşkülə düşüb. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə mane olurlar. Məlumatlarda vurğulanır ki, külli-miqdarda torpaq sahələri imkanlı şəxslər tərəfindən zəbt olunub. Onlardan hər biri özləri və uşaqları üçün artıq bəlkə də beş pay torpaq sahəsi əldə ediblər. İcra nümayəndəsi və bələdiyyə sədrinin qəsəbədə törətmədikləri özbaşınalıq yoxdur. Sakinlərə qanunla ayrılmış pay torpaq sahələrinin sənədləşdirilməsi üçün onlar vətəndaşlardan pul tələb edirlər. Məlum olduğu kimi bir müddət əvvəl ölkə rəhbərliyi tərəfindən içərisindən çoxdan yaşayış olan, lakin müəyyən səbəblərdən sənədi olmayan evlərin sənədləşdirilməsinə dair müvafiq göstərişlər verilmişdi. Lakin Məzahir Hüseynov ölkə rəhbərliyinin bu göstərişini də özünəməxsus tərzdə həyata keçirməyi planlaşdırıb. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, icra nümayəndəsi sənədsiz evlərin sahiblərini bu evləri uçuracağı ilə hədələyir. Həm də bəzi hallarda bu hədələrin boş olmadığını isbatlamaq üçün həyətlərin hasarlarının bir hissəsini uçurur da. Ev sahiblərinə isə küçədə qalmamaq üçün təcili sənəd almaq “tövsiyyə” olunur. Ən maraqlısı da budur ki, təklif olunan sənədlərin müqabilində Məzahir Hüseynov ev sahiblərindən 2-3, bəzən isə hətta 5 min manat pul tələb edir. Həmçinin məlumatlarda mənbələr məhz bələdiyyə sədri Talıb Babayev tərəfindən icra nümayəndəsi üçün “sənədləşmə əməliyyatına” cəlb olunası sakinlərin siyahısının tərtib olunduğunu vurğulayırlar. Bundan başqa isə bu gün Qalaya gələnlərin diqqətini ilk olaraq cəlb edən qəsəbənin bərbad vəziyyətdə olan yolları olur. Uzun illər bu qəsəbədə yaşanlar məhz son bir neçə ildə kələ-kötür yollarla gedib gəlməyə məcbur olublar. Yolların baxımsızlıq üzündən bu vəziyyətə düşməsi uşaqların da məktəbə gediş-gəlişini çətinləşdirib.Bütün bu rüsvayçılıqlar redaksiyamıza daxil olmuş məlumatlarda təqdim olunan faktların yalnız bir hissəsidir. Lakin bu faktlar da artıq belə bir qənaətə gəlməyə imkan verir ki, Qala qəsəbəsində ölkə rəhbərliyinin Bakı ətrafı kənd və qəsəbələrin inkişaf etdirilməsinə dair xüsusi proqramına qarşı çıxan elementlər vardır. Hər halda icra nümayəndəsi Məzahir Hüseynovun və bələdiyyə sədri Talıb Babayevin yarıtmaz fəaliyyətləri bunu deməyə bütün əsasları verir...

Geri qayıt