Əsas Səhifə > Gündəm, Manşet > Ərdoğan Azərbaycan və Türkiyə üçün böyük bir təhlükəni hansı yanlışı ilə yaratmış oldu

Ərdoğan Azərbaycan və Türkiyə üçün böyük bir təhlükəni hansı yanlışı ilə yaratmış oldu


24-09-2014, 09:42
Ərdoğan Azərbaycan və Türkiyə üçün böyük bir təhlükəni hansı yanlışı ilə yaratmış oldu
DİA.AZ: - Ərdoğanın Türkiyəsi yenə də burnunun ucundakı dəyişikliklərin quyruğunda getməyə üstünlük verdi. Hər halda, bu gün Türkiyənin ABŞ və Avropa Birliyinin İŞİD-ə qarşı İraq və Suriya ərazilərində həyata keçirdiyi hərbi əməliyyatlardan kənarda qalması belə deməyə əsas yaradır. Doğrudur, ABŞ-da Ərdoğan İŞİD-ə qarşı hərbi həmlələri dəstəklədiyini və Türkiyənin bu əməliyyatlara dəstək verə biləcəyini ifadə edib. Amma artıq gecdir.

Artıq qatar gedib və Ərdoğan illər əvvəl olduğu kimi yenə də hadisələrin arxasınca sürünməyə üstünlük verdi. Bundan ən çox zərər görəni isə Türkiyə dövləti olur.

ABŞ və Avropanın o zaman Səddam Hüseynə qarşı hərbi əməliyyatları zamanı da qardaş Türkiyə Ərdoğanın iradəsi ilə proseslərdən kənarda qaldı. Nəticədə Türkiyənin qulağının dibində bir kürd dövləti təsis olundu. Özü də tarixi TÜRK-AZƏRBAYCAN torpaqları olan Kərkük-Mosul-Ərbil ərazilərində…

İndi də eyni səhv təkrarlandı. Ərdoğan Türkiyəni ABŞ və Avropanın İŞİD-ə qarşı hərbi əməliyyatlarından kənarda qoydu. Nəticəsi daha ağır olacaq. Özü də Türkiyə üçün. Artıq Azərbaycanın həmin bölgələrdəki tarixi torpaqlarında ən dəhşətli faciələrə şahidlik etmişik. Sıra Türkiyədədir. Bu gün İŞİD-in əlindən Türkiyəyə doluşan on minlərlə kürdün rəsmi Ankaranın başına hansı müsibətləri yaşadağıcını təxmin etmək o qədər də çətin deyil. Acınacaqlı olanı isə odur ki, bundan qardaş Türkiyə dövləti və qardaş Türkiyə türkləri də acı çəkəcəklər.

Əslində müşahidə etdikdə, aydın şəkildə görünür ki, Ərdoğan iqtidarı heç də səhv etməyib. Bu, elə hazırki rəsmi Ankaranın siyasətidir. Onlar sanki bir öhdəlik götürüblər və bu öhdəlik Atatürkdən qalma böyük və güclü Türkiyənin yıpradılmasına hesablanıb.

Bizi Azərbaycan olaraq üzən isə belə bir qardaşımızın qüvvəsinin sarsıdılmasıdır. Hər halda, bizə güclü Türkiyə daha çox lazımdır, nəinki taqətdən salınmış Türkiyə… Bu səbəbdən Ərdoağın məqsədli «yanlışları» Azərbaycanda da ürək ağrısı ilə izlənilir…

Ərdoğan bu gün bir-iki ərəb dılğırının zövqünü oxşayan populist fikirləri ilə əslində Türkiyə və Azərbaycanın regiondakı maraqlarını təhlükəyə atmış oldu. Azərbaycan NATO-nun üzvü deyil və Azərbaycana kimsə İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakı təklif etməyib. Amma Türkiyə belə bir şansı qaçırdı. Və bununla da Suriya və İraqdakı ümumi maraqlarımızı da birdəfəlik olaraq dəfn etmiş oldu. Artıq Amerikanın İŞİD-ə qarşı silahlandırdığı kürdlərin daha böyük ərazilərdə özlərinə dövlət quracaqları şübhəsizdir.

Qarşıla, Ərdoğan, istədiyin Böyük Kürdüstan yaranır…

P.S. Bildirək ki, bu ideyanın təbliğatçıları Azərbaycanın tarixi torpaqları olan Kərkük, Mosul, Ərbillə yanaşı, yenə də tarixi torpaqlarımız olan Diyarbəkir (Diyarbəkirin Azərbaycan şəhəri olduğunu 3 il əvvəl Türkiyənin məşhur «Hürriyyət» qəzetinin manşet yazısında da etiraf etmişdilər -red.), Urfa, Ərzurum, Qars, İğdıra, həmçinin Naxçıvana belə iddialıdırlar…

DİA.AZ - Analitik Araşdırma Qrupu

Geri qayıt